• cümə, 26 Aprel, 20:34
  • Baku Bakı 22°C

Azadlığı istəyirəm zərrə-zərrə, qram-qram...

10.03.17 10:00 1129
Azadlığı istəyirəm zərrə-zərrə, qram-qram...
Adətən, həbsxanada olan məhkumlardan fikirlərini soruşanda "azadlığa çıxdıqdan sonra başqa həyat yaşayacağam, artıq dərs almışam” deyirlər. Anacaq deyəsən, azadlığa çıxandan qısa müddət sonra məhbəs həyatının çətinlikləri yaddan çıxır. Ölkədə baş verən cinayət hadisələrini əsasən əvvəllər məhkumluq həyatı yaşamış şəxslər törədirlər.
Bəs onları təkrar cinayətə sövq edən səbəblər hansılardır? Cəzaçəkmə müəssisələrində məhkumların islah olunması istənilən effekti vermir, yoxsa cəmiyyət azadlığa çıxmış keçmiş məhkumları qəbul etmək istəmir? Etiraf edək ki, hər iki aspektə diqqət ayırsaq, müəyyən problemlərin olduğu üzə çıxar.
Məsələnin ictimai yükünün böyük olduğunu nəzərə alıb, problemin səbəblərini və onların həlli yollarını mütəxəssislərdən öyrənməyə çalışdıq.
Ən ciddi sosial problem - iş problemi...
Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) QHT Koalisiyasının üzvü Əliməmməd Nuriyev bildirir ki, bunun bir çox səbəbləri var: "Birinci səbəb odur ki, onlar özlərinə iş tapa bilmirlər. Məhkumlar azad olunduqdan sonra ən ciddi sosial problemi olan iş problemi ilə qarşılaşırlar. Əsas məsələlərdən biri budur. Çünki iş olmayan yerdə şübhəsiz ki, onlar yenidən cinayət törətmək məcburiyyətində qalırlar. Oğurluq və bu kimi başqa cinayətlər etməyə meylli olurlar. Hesab edirəm ki, bu istiqamətdə müəyyən qərarların qəbul edilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyində qeyd olunur ki, məhkumlar azad olunduqdan sonra onlara qısa müddətlik müavinət verilir. Bu hardasa üç aylıq əməkhaqqı səviyyəsində olur. Amma bu yetərli sayılmır. Daimi bir iş yeri olmalıdır. İkinci vacib məsələ isə bəzilərinin artıq peşəkar cinayətkar olmasıdır. Yəni onlar başqa bir peşə sahibi deyillər. Hər zaman cinayətə meylli olurlar. Bu kontingent az bir qismi əhatə edir. Bu qrupa azad olunanların bir faizi daxildir. Üçüncü bir məsələ isə azad olunduqdan sonra onların ailələri və qohumları tərəfindən qəbul edilməməsidir. Bu zaman o, sırf psixoloji sarsıntı vəziyyətində olur. Belə olan halda onun gedəsi yeri olmur. İş yox, ailə qəbul etmir. Ətrafdakıların biganəliyi ucbatından cinayətə meyllilik artır. Dördüncü məsələ isə hər bir məhkum həbsxana həyatına bağlıdır. Məhbəsə düşdükdən sonra o, başqa bir mühitin, mədəniyyətin təsirində olur. Uzun müddət ailədən ayrı, işsiz olmaq onun psixologiyasına, davranışına təsir göstərir. Və o, azadlığa çıxandan sonra nə edəcəyini bilmir. Həmin mədəniyyət ona hakim olur. Çıxış yolu tapa bilmir. Eyni zamanda, hazırda həbsxanalarda sosioloq və psixoloqların yetərli olmaması da bu mədəniyyətin dərinə işləməsinə gətirib çıxarır.
Yeddi min məhkum əmək prosesinə cəlb olunub...
Ə. Nuriyev deyir ki, Azərbaycan prezidentinin 2017-ci ilin 10 fevralında verdiyi sərəncam bu problemlərin həllinə yönələn tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir. Xüsusilə də, məhkumlar arasında məşğulluğun artırılmasına ciddi diqqət yetirilməlidir. Eyni zamanda cəzaçəkmə müəssisələrində penitensiar xidmətin rəhbərliyi çox mühüm addımlar atır. Həmin müəssisələrdə məhkumların iyirmi-otuz faizi əməyə cəlb olunub. Yeddi min məhkum bu və ya digər əmək prosesinə cəlb olunub. Cəzanın icrası haqqında məcəlləyə görə, məhkumları məcburi əməyə cəlb etmək olmaz. Sovet dövründə məhkumlarım məcburi əməyə cəlb etmək mümkün olsa da, hazırda belə bir şey yoxdur. Yalnız könüllü olaraq işləyə bilərlər”.
Kompüter, mühasibatlıq kursları təşkil olunur
QHT üzvü bildirdi ki, sifarişlərin sayının azlığı da məhkumların işləmək istəyinin qarşısını alır: "Partaların, mebellərin hazırlanması və kimi iş sifarişlər olmalıdır ki, məhkumlar da işləyə bilsin. Məhkumlar işləmək istəyir, lakin iş yerləri yetərli deyil. Çünki bunun üçün əlavə resurslara ehtiyac var. Bu istiqamətdə qərarların qəbul edilməsi vacibdir. Penitensiar xidmət çalışır ki, məhkumlar müəyyən peşə vərdişinə yiyələnsinlər. Təhsil nazirliyinin nəzdində olan peşə məktəbləri həbsxanalarda fəaliyyət göstərir. Amma burda hansı peşələr var? Bu peşələrin təsnifatına yenidən baxılmasına ehtiyac vardır. Nazirliyin hökumət qarşısında bu istiqamətdə məsələ qaldırması da vacibdir. Həm də yeni avadanlıqların həmin peşə məktəblərinə gətirilməsi mütləqdir. Çünki oradakı texnika köhnədir, yetmişinci illərdən qalmadır. Baxmayaraq ki, penitensiar xidmətin rəhbərliyi bu istiqamətdə çox çalışır. Hansı ki, kompüter, mühasibatlıq kursları təşkil olunur. Amma eyni zamanda hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Və bu baxımdan təhsil nazirliyi məsələyə diqqəti artırmalıdır. Məhkumlara yeni peşələr öyrədilərsə, onlar da azadlığa çıxdıqdan sonra daha asan iş tapa bilərlər”.
Sosial adaptasiya mərkəzləri olmalıdır
Ə.Nuriyev qeyd etdi ki, başqa bir məsələ məhkumun azad olduqdan sonra yaşamağa yer tapmamasıdır: "Sosial adaptasiya mərkəzləri olmalıdır. Azadlığa çıxmış məhkumların sosial adaptasiyası ilə bağlı 2007-ci il qanunu var. Bu qanunun tətbiqi ilə bağlı hələ də problemlər qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində sosial adaptasiya mərkəzləri yoxdur .Olsaydı məhkumlar azadlığa buraxıldıqdan sonra müəyyən müddətdə orada yaşaya bilərdilər. Həm orada yaşaya bilər, həm də sosial hüquqi yardım almaq imkanı olar . Həmçinin reabilitasiya prosesi keçər. Çünki istənilən məhkumun cəmiyyətə inteqrasiyası ilə bağlı müəyyən reabilitasiya xidmətlərinin həyata keçirilməsinə ehtiyac vardır. Məhkumun azadlığa hazırlanması ilə bağlı hazırlıq işlər görülməlidir. Hər məhkum üçün fərdi proqram tutulmalıdır. Düşünürəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində probasiya xidmətinin yaradılması bu məsələyə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Bütövlükdə bu prosesin bir orqana verilməsi də əsas məsələdir. Şəxs Ədliyyə Nazirliyinin müəssisəsində cəza çəkirsə onun sosial adaptasiya ilə bağlı məsələləri də həmin nazirliyə verilsə yaxşı olar. Eyni zamanda, özəl sektor da bu prosesə cəlb edilməlidir. Həmin sektorlar cəzaçəkmə müəssisəsi ilə birgə işləsə, bu zaman azad olan şəxslərin yenidən cinayət etmək imkanı xeyli dərəcədə azalar. Sonda onu qeyd edim ki, azadlığa buraxılmış şəxslərin yenidən cinayət işləməsi faizi azalıb və prezidentin 10 fevral sərəncamının tam olaraq icra edilməsi nəticəsində bu faiz daha da aşağı düşəcək. Çünki burada ən mühüm məsələ məhkumu cəmiyyətdən təcrid etmədən, onun islahına nail olmaqdır”
İşi, ailəsi olsa...
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Sahib Məmmədovun da fikrini öyrəndik.
Məmmədov deyir ki, bu, daha çox cinayətkarın xarakterindən irəli gəlir: "Cinayət törətməyə meylli olur. Bir də müəyyən sosial səbəblər olur. Tutaq ki, məhkum azadlığa çıxır amma cəmiyyətdə özünə yer tapa bilmir. İş və yaşayış yeri olmur. Mühit və ailəsi tərəfindən yaxşı qarşılanmır. Bu zaman o, yenidən cinayət törədərək həbsxanaya qayıdır. Buna görə şəxsin azadlığa çıxmasından əvvəl cəzaçəkmə müəssisəsində reabilitasiya proqramı başlayır. O, cəmiyyətə uyğunlaşdırılır və birdəfəlik ödəniş həyata keçirilir. Bunlar hamısı azadlığa çıxmış şəxsin yenidən həbsxanaya qayıtmaması üçün görülən tədbirlərə aiddir. Təbii ki, ehtiyatsızlıq ucbatından cinayət törədənlər bir daha bu tip bir ehtiyatsızlıq etməzlərsə, geri qayıtmırlar. İqtisadi məsələlərdə cinayət törədənlər islah olunurlar. Oğurluq, narkotik malların alveri ilə məşğul olanlarda təkrar cinayət törətməyə meyllik olur.
Azadlığa çıxmış adamlar üçün yataqxanaların tikilməsi nəzərdə tutulmuşdu, amma o məsələ də yarımçıq qalıb. Belə deyək, əgər onlar cəmiyyətə qayıdıb inteqrasiya ola bilsələr, işi, ailəsi olsa, onda əlbəttə ki, cinayət törətməkdən çəkinərlər.
Bu iş məhkumların adaptasiyasına müsbət təsir edəcək
Psixoloq Elnur Rüstəmov isə deyir ki, bu məsələni analiz edərkən məhkum nəyə görə cəzalandığını araşdırmaq lazımdır: "Məhkumları cəzaçəkmə müəssisələrinə aparılır. Müəssisədə onlar etdikləri cinayətə görə bir müddət islah olunurlar. Və bunların yenidən cəmiyyətə adaptasiya prosesində müəyyən problemlər yaşanır. Həmin problemlər müəyyən məsələlərlə bağlı olur. İlk olaraq məhkumun yaş qrupu, ailə həyatı ilə bağlıdır. Ailədir, subaydır, uşağı var, ya yoxdur, məhkum olunarkən zərərli vərdişdən əziyyət çəkirdi, yoxsa... Bunları müəyyənləşdirib şəxsin üzərində kompleks bir iş aparmaq lazımdır. Araşdırmaq lazımdır ki, bu məhkum nəyə görə cəza alıb və məhkumluq prosesində islah olunubmu, real həyata adaptasiya oluna biləcəkmi? Cəmiyyətdə özünə yer tapmağa hazırdırmı? Çünki bu günün özündə də bizim cəmiyyətdə azadlıqdan məhrum edilmiş insana münasibət birmənalı deyil. Bəzən həmin şəxslər insanların onlardan uzaqlaşmasını müşahidə edirlər, azadlığa çıxdıqdan sonra ailələrinin dağıldığını görürlər. Azadlığa çıxdıqdan sonra ailədə də onlara qarşı münasibət tamam dəyişir. Nəticə özlərini cəmiyyətdə tapa bilmədiklərinə görə, təkrar cinayət törədirlər”.
E.Rüstəmov da deyir ki, prezidentin 10 fevral sərəncamı belə şəxslərin daha tez islah olmasına şərait yaradacaq: "Əslində bu, müsbət hadisədir. Həmin şəxslər işləyəcəklər, ödəniş etməklə islah olunacaqlar. Şübhəsiz, o da müəyyən şərtlər daxilində olacaq. Bu, həm də şəxsin cəmiyyətdən uzaqlaşmamasına xidmət edir. Məhkumu saxlamaq üçün dövlət kifayət qədər maddi vəsait xərcləyir. Yəni adam cinayət törədir, amma dövlət hesabına yaşayır. Təbii ki, bu, məntiqli deyil. Bu qanunun qəbul olunması irəliləyişə səbəb olacaq. Ədliyyə Nazirliyi məhkumların cəmiyyətə inteqrasiyası üçün Qobustanda mərkəz yaradıb. Bu iş məhkumların adaptasiyasına müsbət təsir edəcək. Ancaq burada başqa bir məsələ də var. Məhkumlar arasında zərərli vərdişlərdən asılı olanlar da çoxdur. Çox yaxşı olardı ki, onların bu asılılıqdan qurtarılması istiqamətində də iş aparılsın”.
Günel Azadə
banner

Oxşar Xəbərlər