• şənbə, 27 Aprel, 07:23
  • Baku Bakı 12°C

Avtobus sürücülərinin “açıq qapı” vərdişi

20.06.17 12:30 3074
Avtobus sürücülərinin “açıq qapı” vərdişi
Cümə günü axşam saatlarında 53 nömrəli marşrut avtobusu Elmlər Akademiyası metrosunun qarşısındakı dayanacaqdan tərpəndikdən sonra bir neçə dayanacaq qapısı açıq şəkildə getdi. Fövqəladə Hallar Nazirliyinin yanına çatanda avtobusun qarşısına başqa bir avtomobil keçdiyi üçün qəza təhlükəsi yarandı. Açıq qapının ağzında dayan şəxsin yerə düşməsi isə an məsələsi idi. Lakin buna baxmayaraq, sürücü qapı açıq vəziyyətdə yoluna davam etdi. Avtobus növbəti dayanacağa çatmamış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşı ilə qarşılaşdıq. Polis avtobusu saxlatmadan "qapını bağla” dedi, amma təbii ki, onu dinləyən olmadı. "Qurd qapı”sı restoranının yanında daha bir polis avtomobili ilə qarşılaşdıq. Onlar isə ümumiyyətlə, qapını bağlamaqla bağlı göstəriş belə vermədilər. Düzdür, açıq qapıdan tutub gedən sərnişin yox, konduktor idi. Konduktor dediyim şəxsin də 18 yaşı olar, ya olmazdı. Bütün hallarda, söhbət insan həyatından gedir. Və həyatını bu kimi problemlər ucbatından itirənlər də az deyil. Çox tez-tez "Avtobusun qapısı açıq qaldı, sərnişin yıxılıb öldü, xəsarət aldı” kimi xəbərləri mətbuatda oxuyuruq. Ötən ayın sonlarında da belə bir faciə baş verdi. Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılmışdı. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev dünyasını dəyişmişdi.
Bu tipli xəbərlər artıq çoxdan bir siqnal olmalı idi. Həm sürücülər, həm sərnişinlər, həm də nəzarət edənlər üçün. Amma bu faciələrə rəğmən, yenə əksini görürük. Bəs problemin həll istiqamətində hansı işlər görülür? Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərin bu barədə məlumatlı, məsuliyyətli olması üçün hansı işləri görür? Hansısa formada nəzarət aparırmı? Bir neçə gün öncə isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, sərnişindaşıma qaydalarını pozub avtobusu qapısı açıq şəkildə idarə edən sürücülərə qarşı sərt tədbirlər görüləcək. Maraqlıdır, sərt tədbir deyəndə, konkret nə nəzərdə tutulur? Bəs bu kimi hallarda polis necə reaksiya verməlidir?
BNA-nınictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Kaspi”yə açıqlamasında bildirdi ki, bu işdə ən əsas və böyük iş məhz yollarda hərəkətin təhlükəsizliyinə nəzarət edən DYP-nin üzərinə düşür: "BNA olaraq biz mütəmadi olaraq, bu cür hallarla bağlı məlumat əldə edən kimi marşrut xətti üzrə daşıyıcıya xəbərdarlıq edirik. Daşıyıcı da öz növbəsində bu kimi hala yol verən sürücüyə qarşı müəyyən tədbirlər görür. BNA-nın tapşırığına əsasən, mütəmadi olaraq, istehsalat bazasında sürücülərlə maarifləndirici və təlimatlandırıcı tədbirlər keçiririk. Lakin gördüyü kimi, bu işdə digər dövlət qurumları, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Lakin avtobusun qapını açıq idarə etməsi yol hərəkəti qaydalarının pozulmasıdır və buna nəzarəti də DYP etməlidir”.
DİGESTA hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, DYP əməkdaşı bu cür vəziyyətlərdə həmin nəqliyyat vasitəsini dayandırmalı, imkan, şərait varsa, yerində protokol yazaraq, avtobusu qapısı açıq sürdüyünə görə, sürücüyə 40 manat cərimə tətbiq etməlidir: "Yaxud, sürücüyə sonuncu dayanacağa getməsini, gəlib cəriməsini orada yazacağını bildirməlidir. Qapısı açıq vəziyyətdə istənilən avtomobili, o cümlədən, sərnişin avtobusunu idarə etmək qadağandır və bu qayda pozuntusu üçün 40 manat cərimə nəzərdə tutulur”.
Ə.Hüseynov deyir ki, polisin nəzarəti olmaqla yanaşı, sürücü, daşıyıcı şirkət və ya sahibkar da məsuliyyətini anlamalıdır: "Qanunda qapısı açıq avtobus sürməyə icazə verilmirsə, deməli, sürmək olmaz. Avtomobili idarə edən sürücüdür, o da hər halda, psixikası, sağlamlığı qaydasında olan adamdır. İlk növbədə, sürücü buna görə məsuliyyət daşımalıdır. Avtomobili qapısı açıq idarə edən zaman qəza baş verərsə, sürücü cinayət məsuliyyətinə cəlb oluna bilər. Eyni zamanda, sürücü həm də sahibkarın əməkdaşıdır. Sahibkar sürücünün bu kimi qanunsuzluqlara yol verməməyinə nəzarət etməlidir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, Yol Hərəkəti Haqqında Qanunda nəqliyyat vasitələrinin, xüsusilə sərnişindaşımada iştirak edən avtobusların qapısı açıq şəkildə hərəkət edilməsinin inzibati xəta tərkibi yaratması konkret olaraq göstərilir. Onun sözlərinə görə, DYP tərəfindən bu barədə dəfələrlə təbliğat aparılıb, reydlər keçirilib, sürücülərin şüuruna təsir edəcək dərəcədə xəbərdarlıq edilib, protokollar yazılıb.
V.Əsədov deyir ki, polisin saxlayıb-saxlamamağından asılı olmayaraq, kameralar vasitəsilə qanun pozuntusu qeydə alınır və lazım olan tədbirlər görülür: "Sürücülər avtobusu qapısı açıq şəkildə adətən, yay aylarında idarə edirlər. Birincisi, əməkdaşlarımız avtobusu saxlayıb, sürücüyə inzibati qaydada protokol tərtib etmək istəyərkən, avtobusda olan bütün sərnişinlər müdaxilə edir. İkincisi, bunun həlli belədir ki, düşəsən o avtobusun ardınca və sonuncu məntəqədə protokol yazırsan. Bu da çətinlik törədir. Bunun da aradan qaldırılması üçün müasir texnologiyanın imkanlarından yararlanırıq. Qapısı açıq vəziyyətdə hərəkə tedən avtobus, sürücüsü kamerada göstərilir. Həmin sürücünün hərəkət trayektoriyası tərəfimizdən nəzarətə götürülür və barəsində qapısı açıq vəziyyətdə sərnişindaşıma ilə məşğul olduğu üçün tədbir görülməsi ilə bağlı mərkəzi məlumat sistemində informasiya yazılır. Sonra avtobusun məxsus olduğu şirkətə, yaxud sahibkara informasiya verilir və sürücü cəzalandırılır. İndiki qanunvericilikdə görülən tədbirlər bundan ibarətdir”.
Şöbə rəisi deyir ki, qapısı açıq vəsiyyətdə sərnişindaşıma ilə məşğul olan sürücülər barəsində yetərincə sərtləşdirici tədbirlər görülüb. O hesab edir ki, problemin kökündən həlli üçün cərimələrin artırılması, cəzaların sərtləşdirilməsi çıxış yolu deyil: "İlk olaraq, təbliğat işlərinin daha da gücləndirilməsinə ehtiyac var. Yayda komfortlu avtobusların sayının çoxalması bu məsələnin həlli istiqamətində bir addımdır. Bir neçə şirkətdən başqa, hansı avtobuslarda soyuducu sistemi var? Mən qapısı açıq avtomobil idarə edənlərə haqq qazandırmıram. Birincisi, normadan artıq sərnişin daşınmamalıdır, ikincisi Yol Hərəkəti Haqqında Qanunun tələbləri üzrə hərəkət davam etdirilməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər