ATAA və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir
Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının (ATAA) təşəbbüsü ilə Azərbaycan Hava Yolları (AZAL) şirkəti
ilə onlayn görüş keçirilib.
Görüşdə ikitərəfli əlaqələrin və
əməkdaşlığın genişləndirilməsi, avia uçuşların bərpası, sərnişinlərin
təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin
fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən ATAA-nın İdarə
Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını,
pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə
çatdırıb. Rüfət Hacıyev iyun ayının 18-dən Azərbaycan Hava Yolları tərəfindən
bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri
tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq
olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni
qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və
sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması
olduğunu bildirib.
Azal rəsmisi karantin bitdikdən sonra bilet
satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla,
həm də onlayn şəkildə mümkün olacağını qeyd edib. O, eyni zamanda turizm
şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada
həyata keçirə biləcəyini də vurğulayıb.
Eldar Hacıyev hazırda həyata keçirilən
xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər
istigamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.
Müzakirələr çərçivəsində Rüfət Hacıyev iş
yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədi ilə ATAA tərəfindən
turizm şirkətləri üçün yeni standartlar təklifinin hazırlandığını da diqqətə
çatdırıb.
Onlayn müzakirələrin sonunda ikitərəfli
görüşlərin mütəmadi olaraq keçirilməsi, Azərbaycan Hava Yolları və ATAA üzvləri
arasında pandemiya və post-pandemiya dövründə kommunikasiya əlaqələrinin daha
da genişləndirilməsi qərara alınıb.