• şənbə, 27 Aprel, 02:18
  • Baku Bakı 14°C

Akademik Validə Əlizadə: Xarici ölkələrin botanikləri Azərbaycan florasınin birgə tədqiqində maraqlıdırlar

13.05.17 19:52 1316
Akademik Validə Əlizadə: Xarici ölkələrin botanikləri Azərbaycan florasınin birgə tədqiqində maraqlıdırlar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun əsas istiqaməti bioloji müxtəlifliyin öyrənilməsinə, səmərəli istifadəsinə, mühafizəsinə və ətraf mühitin qorunmasına yönəldilib. İnstitut tərəfindən dünyanın məşhur botanika bağları, universitetləri, muzey və fondları tərəfindən müxtəlif elmi proqramlar, innovativ layihələr həyata keçirilir. Xarici ölkələrin botanikləri Azərbaycan florasının tədqiqinə böyük maraq göstərirlər.
BunuAZƏRTAC-a müsahibəsində Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə söyləyib.
V.Əlizadə bildirib ki, ölkəmiz yenidən müstəqillik qazandıqdan sonra institutda həyata keçirilən bir sıra beynəlxalq layihələr çərçivəsində bu aparıcı elm müəssisəsinin infrastrukturu yenilənib, burada müasir standartlara cavab verən avadanlıq quraşdırılıb.
Qeyd edilib ki, bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə ölkəmiz 2000-ci ildə BMT-nin "Bioloji müxtəliflik haqqında” Konvensiyasına qoşulub. Botanika İnstitutunun elmi istiqamətləri "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı”na uyğun olaraq, vaxtilə mərhum akademik Cəlal Əliyevin təşəbbüsü ilə zamanın ən vacib tələbi kimi biomüxtəlifliyin tədqiq edilməsinin gücləndirilməsinə yönəldilib. Bundan sonra Botanika İnstitutu fəaliyyət istiqamətlərini genişləndirib.
İnstitut tərəfindən botanika üzrə ilk eksperimental layihə NATO-nun elmi proqramları çərçivəsində 1997-ci ildə həyata keçirilib. Bu sırada ətraf mühitin mühafizəsinə həsr olunan müxtəlif qrant layihələri uğurla işlənilib. Sonrakı illərdə Botanika İnstitutunun layihələri biomüxtəlifliyin qorunmasına istiqamətləndirilib. 2003-cü ildə ABŞ-ın Nyu-York Botanika Bağı tərəfindən instituta Qafqaz bitkilərinin öyrənilməsinə, fitokimyası və bəzi dərman bitkilərinin beynəlxalq standartlara uyğun toplanılmasına həsr olunan proqram təqdim edilib. Bunun əsasında institutun əməkdaşları iki il ərzində keçirilən ekspedisiyalarda yeni monitorinq metodları ilə tanış olub, GPS-dən istifadəni öyrənib və ilk dəfə əldə edilən məlumatlar Amerikanin "Tropicos” məlumat bazasında yerləşdirilib, elektron xəritələr barədə məlumat əldə edilib. Həmçinin dərman əhəmiyyətli bitki növlərinin yayılma ərazilərinin müəyyənləşdirilməsinə nail olunub. Bununla da botanika sahəsində müasir metodların tətbiqinə təkan verilib.
Akademik V.Əlizadə bildirib ki, 2006-2009-cu illərdə ABŞ-ın Missuri Botanika Bağı tərəfindən Qafqazda biomüxtəlifliyin qorunması və mühafizəsinə aid proqram çərçivəsində Botanika İnstitutuna əməkdaşlıq təklifi edilib. "Qafqaz regionunda endem bitkilərinin qiymətləndirilməsi və mühafizəsi” proqramı çərçivəsində ABŞ-da altı Qafqaz ölkəsinin botanikləri üçün müasir səviyyədə yabanı bitkilərin qiymətləndirilməsinə dair treninqlər keçirilib. Proqramın məqsədi Qafqazın endem bitkilərinin müəyyənləşdirilməsi, siyahısının tərtib edilməsi və qiymətləndirilməsi idi. Həmin siyahının hazırlanması prosesində Qafqazın aparıcı botanikləri ABŞ-ın CEPF fondunun dəstəyi ilə və İUCN-in himayəsi altında əlavə monitorinqlər keçirib, endem bitkilərin siyahısını tərtib ediblər. Beləliklə, dərin təhlillər nəticəsində hər ölkəyə məxsus nəsli kəsilməkdə olan bitkilərin siyahısı təqdim olunub. Bu layihənin əhəmiyyəti olduqca mühümdür. Son nəticədə "Qafqazın endem bitkilərinin Qırmızı siyahısı” sistematik monoqrafiyası 2014-cü ildə ABŞ-da ingilis dilində nəşr olunub və bütün dünyada yayılıb.
V.Əlizadə qeyd edib ki, Azərbaycan tərəfdən proqramın milli əlaqələndirici kimi beynəlxalq ictimaiyyətə ölkəmizin florası, burada bitən bitki növləri barədə düzgün və ətraflı məlumatların çatdırılmasına nail olunub. Bu unikal əsərdə ilk dəfə Qafqazın altı ölkəsinin nadir və nəsli kəsilməkdə olan endem bitkilərinin qiymətləndirilməsi, elektron xəritəsi, siyahısı, tarixi, yayılma arenası, həmçinin yerli florası, bitki örtüyü, iqlimi barədə ətraflı məlumatlar verilib. Burada əsasən bitkilərin müasir səviyyədə qiymətləndirilməsi aparılıb, onların statusu müəyyənləşdirilib. Alim bu kitabın hazırlanma prosesi zamanı "Azərbaycanın Qırmızı Kitabı”na (2-ci nəşr) daxil olan nadır və nəsli kəsilməkdə olan bitki növlərinin qiymətləndirilməsinin də həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, hazırda ABŞ-ın Missuri Botanika Bağı tərəfindən "Dünyanın online florası” elektron bazasının işlənib hazırlanması üçün yaradılan konsorsiuma digər ölkələrlə yanaşı, Botanika İnstitutu da tərəfdaş kimi qəbul olunub. Dünyada siyahısı tərtib olunmuş bütün məlum bitki növləri haqqında məlumatlar elektron bazaya daxil ediləcək.
Azərbaycanın çox zəngin floraya malik olduğunu vurğulayan akademik Qafqazda 6.500 bitki növünün böyük hissəsinin – 4.500-dən çox yabanı bitki növünün ölkəmizin payına düşdüyünü qeyd edib. Həmçinin o, respublikada nümunələrin sayına görə ən qədim və əhəmiyyətli Herbari fondunun 1936-cı ildən Botanika İnstitutunda yaradıldığını və daim zənginləşdirildiyini deyib. Fondun fəaliyyəti barədə məlumat verən V.Əlizadə burada hazırda 600.000 nüsxədən ibarət zəngin herbari kolleksiyasının saxlanıldığını və qorunan herbari nümunələrinin Azərbaycan və Qafqazın florası ilə yanaşı, digər qonşu ölkələrin floralarını da əhatə etdiyini söyləyib.
İnstitutda qazanılan biliklər və təcrübə əsasında hazırda təbii floramızın mühafizəsinə yönəldilən, Avropanın iki böyük ölkəsi ilə uzunmüddətli beynəlxalq proqram çərçivəsində elmi-tədqiqat işlərinin aparıldığı bildirilib.
V.Əlizadə rəhbərlik etdiyi elm müəssisəsi ilə Berlin Botanika Bağı və Botanika Muzeyi arasında imzalanmış memorandum çərçivəsində 2009-cu ildən başlayaraq Herbari Fondunun infrastrukturunun müasirləşdirildiyini, xüsusi herbskanerlər alındığını qeyd edib. Azərbaycanın sərvəti olan dəyərli herbari materiallarının müasir avadanlıq vasitəsilə rəqəmsallaşdırıldığını, Avropa Virtual Məlumat Bazasına daxil edildiyini və hazırda Azərbaycanda ilk dəfə virtual məlumat şəbəkəsinə on mindən çox herbari nüsxəsi yerləşdirildiyini nəzərə çatdırıb. O, həmçinin institutun Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulduğunu, tarixdə ilk dəfə tip nümunələri haqqında məlumatların dünya məlumat bazasına daxil edildiyini deyib. Beləliklə, ilk dəfə elm üçün Azərbaycan ərazisindən tapılan yeni bitki növlərinin tip nümunələrinin rəqəmsallaşdırılmaqla online məlumat bazasına daxil olunduğu və bu işin ardıcıl davam etdirildiyi bildirilib.
V.Əlizadə bildirib ki, Birləşmiş Krallığın Botanika Bağlarının "Minilliyin Toxum Bankı” ilə Botanika İnstitutu arasında imzalanan memoranduma əsasən "Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində "Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi 2012-ci ildən başlayaraq həyata keçirilir. Layihə çərçivəsində çoxlu monitorinqlər zamanı toplanan yüzdən çox nadir və endem bitkiyə aid toxum kolleksiyası və ona aid məlumat bazası mühafizə məqsədilə "Minilliyin Toxum Bankı”nda və Botanika İnstitutunda yeni yaradılan Toxum Bankında saxlanılır.
Botanika elminin təbliği məqsədilə institutda 2010-cu ildə innovativ Botanika Muzeyi yaradılıb. Bu sahədə Botanika İnstitutu, Fribourq Təbiət Tarixi Muzeyi və Fribourg Universiteti arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən müştərək layihə nəticəsində ilk dəfə İsveçrə təcrübəsinin innovativ aspektləri tətbiq edilib.
Botanika İnstitutunun uğurlu layihələrindən söz açan V.Əlizadə qeyd edib ki, onun rəhbərliyi ilə populyasiya-ontogenetik analiz üçün nadir bitkilərin siyahısı tərtib olunub, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanıb. İlk dəfə respublikada "Azərbaycanın Qırmızı Kitabı”na daxil edilən nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilib. Akademik Elmi Məlumat Bazasının (EMB) ilkin informasiya daşıyıcısının "Azərbaycanın nadir və endem bitkilərinin elektron-məlumat bazası” olduğunu vurğulayıb. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri haqqında 28 parametr üzrə bölünən və formalizə edilən məlumatın cəmləşdiyi qeyd edilib. Eyni zamanda, bu elm müəssisəsində Riyaziyyat və Mexanika İnstitutu ilə birgə "Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda modelləşdirilmə üzrə sahələrarası elmi-tədqiqat işi də həyata keçirilir.
İnstitutun ekosistemlərin fitososiologiyası laboratoriyasının sahələrarası elmi-tədqiqat işi Azərbaycanın ekosistemlərində nadir növlər və onların populyasiyalarını qorumaq məqsədilə öyrənilməsinə yönəldilib. Tədqiqatın gedişatında nadir bitki növlərinin populyasiyalarının xəritələşdirilməsi, qiymətləndirilməsi, bitki örtüyü strukturunun öyrənilməsi, GİS vasitəsilə bitki indikatorlarının təyin edilməsi, aerokosmik və ekoloji monitorinqin aparılması, elektron məlumat bazalarının yaradılması kimi işlər aparılır. Laboratoriyanın tərkibinə toxum sektoru da daxildir və onun əsas vəzifəsi nadir və itmə təhlükəsi altında olan, eləcə də iqtisadi əhəmiyyətli bitkilərin (dərman, aromatik, qida, boyaq) toxumlarını yığmaq və saxlamaqdır. İki nadir növ üzrə mikroklonlaşma sahəsində ilkin təcrübə aparılır.
Akademik V.Əlizadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya və Fəaliyyət Planı”nda digər təşkilatlarla yanaşı, AMEA-nın və Botanika İnstitutunun da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələr qoyulub. Milli Strategiyada qeyd edilən müvafiq bəndlərin icrası ilə bu elm müəssisəsi məşğul olacaq. İnstitut tərəfindən bioloji müxtəlifliyin qorunması istiqamətində müəyyən addımlar atılır. Buraya nadir bitkilərin öyrənilməsinin monitorinqinin qiymətləndirilməsi, maarifləndirilmə məsələləri, floranın öyrənilməsində yeni işlərin aparılması, məhsuldar torpaqların yaşıllaşdırılması və digər məsələlər daxildir.
banner

Oxşar Xəbərlər