• cümə, 26 Aprel, 08:17
  • Baku Bakı 12°C

Ahıl insanlar universitet auditoriyalarında...

14.11.17 10:30 4372
Ahıl insanlar universitet auditoriyalarında...
Rusiyanın paytaxtında təqaüdçülərin ödənişsiz oxuya biləcəyi «Gümüş universitet» fəaliyyətə başlayıb. Məqsəd təqaüdçüləri oturaq həyat tərzindən, mətbəxdən və hətta ailədən qoparıb başlarını qatmaqdır. Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrdə çoxdan və uğurla həyata keçirilən bu tip layihələrin əsas məqsədi yeni peşə öyrətmək deyil (arzusunda olanlar üçün bu da mümkündür), insanları tənhalıqdan qurtarmaq, özlərini lazımsız hiss etmələrinə mane olmaqdır. "Qoy üçüncü yaş dövrü insanın həyatının uzadılmasına və ondan tam zövq almasına yönələn bir dövr olsun”- deyə düşünülür.
Noyabrın 1-də Moskva şəhər Pedaqoji Universiteti bu məqsədlə 50 yaşdan sonrakı tələbələr üçün qapılarını açıb. "Hazırkı nənə və babalar vaxtlarını daha çox həyətdə skamyada oturmaqla və teleseriallara baxmaqla keçirir və qocalırlar. Təqaüdə çıxandan sonra nəvələrlə oturmaq və ya bağda kartof soymaqla gün keçirmək onların həyat tərzinə çevrilib. Ancaq bugünkü təqaüdçülərin çoxu enerji ilə dorludur. Onlar yenidən oxumaq, inkişaf etmək gənclərdən geri qalmamaq istəyirlər”- deyə layihə müəllifi Aleksandr Levintov bildirib. Buna sübut kimi ahıl moskvalıların universitetə təhsil üçün yazılmasını qeyd edirlər.
Təhsil alan təqaüdçü tələbələri universitetdə iki qrupa ayırırlar. Birinci qrup artıq noyabrdan dərslərə başlayıb, digər bir qrup isə yanvarda məşğələlərə qatılacaq. Mühazirənin ilk günü Moskvanın tarixi və mədəniyyəti ilə bağlı mühazirələr olub, kompüterdə hazırlıq və psixologiya məşğələləri keçirilib. Yaşlı nəslin tələbələri gənc həmkarlarına nisbətən daha tələbkar, bəzən də şıltaq görünüblər. «Nə üçün bir çox məşğələlər axşamçağı keçirilir?» və ya «Biz istəyirik ki, hər şeyi daha aydın eşidək» fikirləri müəllimləri heyrətləndirib. Tarix kursunun tələbələri əhəmiyyətli olan heç bir detalı qaçırmamaq üçün dərhal qələm və dəftərçələrini hazırlayıblar. «50 yaşa çatan tələbələrə dərs deməyin spesifikası var: bu auditoriya çox şeyi bilir. Ancaq onların da öz problemləri var. Bunlardan biri ünsiyyətin çatışmamağıdır. Ona görə də 24 saata hesablanan bu kurslar mühazirə kimi keçirilməyəcək. İngilislərin sözü ilə dəbdə olan "co-working”, yəni birgə iş və söhbətlər şəklində keçiriləcək» - deyə təqaüdçülərin müəllimi bildirib. Təqaüdçülər isə həddən artıq həvəslidirlər: «Bütün ömrüm boyu Moskvada yaşamışam. Ancaq mən öz şəhərimi o qədər də yaxşı tanımıram. Ona görə bizə sosial müdafiədən zəng vurub bir neçə proqram seçməyi təklif edəndə həyat yoldaşımla birlikdə "Moskva tarixi” kurslarına böyük həvəslə yazıldıq» - deyə təqaüdçü Natalya Yevgeniyevna bildirib. Psixologiya kurslarında isə böyük uşaqlarla necə münasibət qurmaq, nəvələri necə tərbiyə etmək, ümumiyyətlə, gəncləri qıcıqlandırmamaq kimi məsələlər öyrədilir.
Hazırda təqaüdçülər 5 – humanitar (xarici dillər, Moskvanın tarixi və mədəniyyəti və könüllü işlər), kütləvi ünsiyyət və informatika, mədəniyyət və yaradıcılıq (rəqslər, əl işləri), sağlamlıq və təhlükəsizlik, psixologiya üzrə fakültələrə daxil ola bilərlər. Arzu edənlər həmçinin dayəlik, bağbanlıq, dərzilik və toxuculuq üzrə də oxuya bilərlər. «Əvvəlcə biz təqaüdçülərlə işləməyə başlayanda ən çox tələb olunan təhsil proqramı kompüter bilikləri idi» - deyə universitetin rektoru İqor Pemorenko bildirib. – «İndi ən populyar kurs xarici dillərdir. Bizim məqsədimiz ahıl moskvalıların vaxtlarını fəal keçirmələri, yataqda qalmamaları üçün çalışmaqdır. Həmçinin istəyirik ki, bizim ahıl tələbələr təkcə ünsiyyəti bacarmasınlar, həmçinin dünya, cəmiyyət haqqında öz təsəvvürlərini bölüşsünlər, təcrübələrini gənc müəllimlərə və tələbələrə ötürsünlər”.
50 və daha çox yaşı olan 3 abituriyent
Sovet dövründə ittifaq ölkələrinin hamısında, o cümlədən Azərbaycanda yaşlılar üçün həyata keçirilən kursları, təhsil proqramlarını xatırlasaq, təcrübənin heç də yeni olmadığı anlaşılar. Ancaq proqramın davamlı tətbiqi artıq postsovet ölkələri kimi dağılıb.
Əlbəttə, demək olmaz ki, hazırda tətbiqi mövcud olmasa da, bizim ölkəmizdə 50 yaşdan sonra təhsil almağa maraq yoxdur. Hərçənd bu yaş təqaüd yaşından xeyli aşağı olsa da, Rusiyanın yeni formatlı təcrübəsinə bizi qismən də olsa yaxınlaşdırır. Məsələn, son üç ilin statistikası ilə bağlı marağımıza cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirdilər ki, 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün 20 nəfər (50və daha yuxarı yaşda) sənəd verib. Onlardan 3 nəfər ali məktəbə qəbulolunsa da, yalnız bir nəfər qeydiyyatdan keçib və tələbə adını qazanıb. 2016-cı ildə 44 nəfər sənəd verib. Yalnız 1 nəfər ali məktəbə qəbulolub. 3 nəfər isə orta ixtisas təhsili müəssisələrinə (kollecə) qəbulolub. 2015-ci ildə 30 nəfər sənəd verib. Yenə də yalnız 1 nəfər tələbəadını qazana bilib. Beləliklə, son 3 ildə 50 və daha çox yaşı olan 3 abituriyent (DİM-inkeçirdiyi qəbul imtahanlarında iştirak etməklə) tələbə adını qazanabilib. Təbii ki, böyük rəqəm olmasa da, ən əsası, 50 təqaüd yaşı üçün çox erkən sayıldığından təhsilə yönəli proqramlar sayəsində bu rəqəmlərin artma ehtimalı yox deyil.
Yaşlıların təhsili
Dünya ölkələrinin, o cümlədən qonşumuz Rusiyanın təcrübəsinin bizim ölkəmizdə də yayılması mümkündürmü? Yəni təqaüdçülər üçün nəzərdə tutulan sosial yardımlar - işin maddi tərəfi bir yana, onların mənəvi-psixoloji dünyaları üçün hansısa addımlar atmaq zəruri deyilmi? Təhsil üzrə mütəxəssislər təqaüdçülər üçün təhsili iki əllə alqışlayırlar.
Məhəmməd Peyğəmbərin «Beşikdən qəbrə kimi oxumaq» fikirlərindən çıxış edən professor Şahlar Əsgərov ömür boyu təhsilin islam mədəniyyətində yer aldığını bildirir: «Təqribən 40-50 il bundan əvvəl Avropa ölkələri bu məsələni dərk etdilər və ömürlük təhsil formasını tapdılar. Ömür boyu təhsili reallaşdırmaq üçün bu tip kurslar, fakültələr, dərnəklər, bölmələr təsis etdilər. Hətta, 40 yaşına qədər təhsillə məşğul olmayan bir qadın yaşlılar üçün həyata keçirilən təhsil proqramına qoşularaq dövrünün tanınmış bir yazıçısına çevrildi”. Professorun fikrincə, «Yaşlıların təhsili» forması da həmin şablona uyğundur: "Əgər ömrünün mənalı, zəngin keçməsini istəyirsənsə, əlbəttə ki, öyrənməlisən. Kimsə özünütəhsillə məşğul olur, özü-özünü öyrədir, kimininsə ayrı bir metodologiyaya ehtiyacı var. Onlar da bu məqsədlə təşkil olunmuş universitetlərdə, fakültə və kurslarda təhsil ala bilər. Bu, çox əhəmiyyətli məsələdir. Beşikdən qəbrə qədər təhsil yaşayan ideyadır». Ş.Əsgərov 76 yaşında fizika ilə iqtisadiyyatın birliyində "ekonofizika” elmini Azərbaycana gətirən ilk alim olduğunu deyir: «Bu yaşda "Monopoliya və rəqabətə fizika elmindən baxış» adlı ilk məqaləm də ingilis dilində nəşr olundu. Bu baxımdan, ömür boyu təhsilin faydası var. Fizikanı öyrənmişdim, iqtisadiyyata da maraq göstərəndən sonra yaxşı bir nəticə alındı. Bu da yaşlıların təhsilidir”.
"Bu təhsilin praktikası olmalıdır”
Əslində dünyada çox populyar olan bu layihənin bizim ölkəmizdə də ehtiyac olduğunu deyəntəhsil eksperti Etibar Əliyev də «Yaşlıların təhsili» proqramının vaxtilə olduğunu xatırlayır: «Bu proqram əsasında xeyli tədbirlər də həyata keçirilib. Xüsusən regionlarda maarifçilik işləri aparılıb. Zaman dəyişdikcə biliklər yenilənir, statusu dəyişir. Ona görə də dünya ölkələrində vaxtdan asılı olmayaraq zaman amilini aradan qaldırmaq məqsədilə yaşlıların təhsili həyata keçirilir. Təəssüf ki, hələ bizdə bunun praktik tərəfi yoxdur. Ali məktəblərdə, kolleclərdə və s. təhsil müəssisələrində yaşlıların təhsilinin tətbiqi sahəsi mövcud deyil. Ancaq bu, vacib məsələdir”. Ekspertin fikrincə, ahılları müasir texnologiyalar haqqında məlumatlandırmaq, eyni zamanda, yazıb-oxumağı bacarmayanları yenidən təhsilə cəlb etmək müsbət addım olar: "Elə bir sosial qrup var ki, onların təhsil almağa imkanı olmayıb. Elə bir qrup var ki, əlifba dəyişikliyindən sonra yazmağı bacarmır. Onlar əlifbanı öyrənməyə cəhd etməlidirlər. Hətta, ali məktəblərdə və ya orta məktəblərdə çalışan insanlar var ki, onlar internetdən istifadə edə bilmirlər. Bundan əlavə, ərizələrin yazılması, hansısa blankın doldurulması və s. elementar biliklərin verilməsi həmişə zəruri olub”. E.Əliyevin fikrincə, yaşlıların özlərinin həvəslərindən də çox şey asılıdır. Belə ki, bir çox ölkələrdə yaşlıların təhsilə meylləri var: "Məsələn, onlar toplaşıb hansısa kursu dinləmək istədikləri ilə bağlı müraciət edirlər. Təqaüdə çıxdıqdan sonra yaşlıların təhsilinin qurulması olduqca vacib məsələdir. Bu, artıq dünyada geniş vüsət alıb. Düşünürəm ki, bizdə də bu təhsilin praktikası olmalıdır».
Qiyabi və axşam təhsilləri məhdudlaşdırılıb
Ahılların təhsili məsələsinin birmənalı qarşılanmadığını deyənlər də yox deyil. Təhsil eksperti Nadir İsrafilov bunun birmənalı məsələ olmadığını deyir: "Bununla belə, bizim təhsildə ömürlük təhsil anlayışı var. İnsan daim inkişaf etməlidir. Bu, həm mənəvi, həm də psixoloji cəhətdən çox faydalıdır. Sovet dövründə də yaşlı insanlar üçün qiyabi, axşam təhsilləri nəzərdə tutulmuşdu. İndi bizdə bu cür təhsil növləri məhdudlaşdırılıb. Dünyanın əksər ölkələrində təqaüdçülər müxtəlif işlərə cəlb olunurlar. Elə sahələr var ki, orada yaş həddinə məhdudiyyət qoymaq lazım deyil. O cümlədən də təhsillə bağlı məsələlərə sərhəd qoymaq olmaz”. Dünya üzrə Nobel mükafatçılarının 90 faizinin yaşının 60-dan yuxarı olduğunu deyən ekspertin fikrincə, insan kamilləşdikcə, yaşlaşdıqca təcrübəsi də artır: "O insanlar gənclər üçün də örnəkdir. Təqaüdçülər üçün təhsil həm yaşlı insana olan qayğıdır, həm də onların mənəvi-psixoloji yaşamına təsir edən məsələdir. Belə bir addımın ölkəmizdə atılması yalnız müsbət qarşılana bilər”.
Təbii ki, xoşluqla qarşılanacaq işlər üçün dünya təcrübəsini öyrənmək məsələnin xeyrinə olar. Xüsusən də, əgər bu iş ahıl insanlarla, onların psixoloji-mənəvi durumları ilə bağlıdırsa, onda bu istiqamətdə köhnə, ancaq unudulan ənənəni bərpa etməyə dəyər...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər