ADU-nun rektoru Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalınınyaradıcı heyəti ilə görüşüb
ADU-nun
rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Çin Mərkəzi Televiziyasının
CCTV-4 telekanalının "Uzaq ailə” proqramının yaradıcı heyəti ilə görüşüb.
Çin jurnalistlərini
salamlayan rektor onlara universitet haqqında ətraflı məlumat verib. Burada
Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini söyləyən K.Abdulla ümid etdiyini
bildirib ki, bu İnstitut vasitəsilə ADU tələbələri Çinin tarixi, dil və mədəniyyəti
ilə daha yaxından tanış olacaq:"Əlaqələrimizin layiqli inkişafı üçün böyük
perspektivlər var. Biz təhsil sahəsində münasibətləri daha da inkişaf etdirmək
istəyirik”.
K.Abdulla ümid etdiyini
bildirib ki, burada Konfutsi İnstitutu fəaliyyət göstərdiyi kimi, Çində də Azərbaycan
dili və mədəniyyəti mərkəzi yaranacaq və Çin gəncləri Azərbaycan dili və mədəniyyətini
öyrənəcəklər:"Çinşünaslıq müstəqil elm kimi bu gün Azərbaycanda ilk addımlarını
atır. Ümid edirik ki, yaxın gələcəkdə Çində də Azərbaycanşünaslar nəsli inkişaf
edəcək”.
Görüşdə iştirak edən
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq
Abbasov universitetdə Çin dilinin tədrisi barədə ətraflı məlumat verib. O,
bildirib ki, burada dərslər həm çinli, həm də yerli mütəxəssislər tərəfindən
keçirilir. Bundan əlavə, Çinin mədəniyyəti, dili, tarixi və s. həsr olunmuş
müxtəlif tədbirlər təşkil olunur.
Görüşdən
sonra K.Abdulla çinli jurnalistlərə müsahibə verib.