ADU Elmi Şurasının iclası keçirilib - Fotolar
Azərbaycan
Dillər Universitetinin (ADU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.
ADU İctimai Nəzarət Şurasının üzvlərinin də iştirak etdiyi iclasda 2016/17-ci tədris
ilinin payız semestrinin imtahan sessiyasının yekunları geniş müzakirə olunub.
ADU-nun rektoru vəzifəsini
icra edən professor Əfqan Abdullayev imtahan sessiyasının yekunları barədə ilk
çıxışı ADU İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyevin edəcəyini deyərək
bu şuranın yaradılmasının məqsədləri və fəaliyyəti barədə söz açıb.
Ə.Abdullayev bildirib ki, ADU İctimai Nəzarət Şurasının əsas xarakterik
xüsusiyyəti onun fəaliyyətinin təkcə imtahan sessiyaları dövrünü deyil, bütün tədris
ilini əhatə etməsidir. Professor xatırladıb ki, ADU İctimai Nəzarət Şurasının hərtərəfli
fəaliyyəti üçün hər cür şərait yaradılıb və şuranın bundan sonrakı işi də eyni
qaydada davam edəcək.
ADU İctimai Nəzarət
Şurasının sədri Əliməmməd Nuriyev öz çıxışında rəhbərlik etdiyi şuranın fəaliyyətindən
söz açaraq onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür
edib. O, ADU-nun Azərbaycanın vizit kartı, dünyaya açılan pəncərə olduğunu
bildirib. İctimai Nəzarət Şurasının apardığı monitorinq haqqında danışan
Ə.Nuriyev ADU-nun yeni münasibətlər sisteminə qədəm qoyduğunu xüsusi qeyd edib.
Onun sözlərinə görə, universitetdə ictimai iştirakçılıq tam təmin olunub, müəllim-tələbə,
eləcə də rəhbərlik-müəllim-tələbə münasibətləri keyfiyyətcə yeni mərhələyə
daxil olub ki, bu da nəticə etibarilə tədris sisteminin müasir standartlara
cavab verməsinə xidmət edir. İmtahanların gedişinə gəlincə, payız imtahan sessiyasında
obyektivlik və şəffaflıq, imtahan sisteminə birbaşa baxış tam təmin olunub, tələbələrin
işləri diqqətlə yoxlanılıb və yazı işlərinin nəticələri ilə bağlı müraciətlərə
həssaslıqla yanaşılıb. Universitetin bütün tədris binalarında şəffaf qutuların
qoyulduğunu xatırladan Ə.Nuriyev həmin qutulara atılmış müraciətləri ətraflı təhlil
etdiklərini və ciddi bir problem aşkar etmədiklərini deyib. İctimai Nəzarət
Şurasının sədri qurumun bəzi təkliflərini də diqqətə çatdırıb və hamını əmin
edib ki, şura öz fəaliyyətini bütün tədris ili boyunca davam etdirəcək.
ADU İctimai Nəzarət
Şurasının üzvü Etibar Əliyev öz çıxışını ispan filosofu Xose Orteqa-i-Qassetin
"Universitetin missiyası” əsəri üzərində qurub. ADU-nun missiyasından danışan
E.Əliyev universitetdə aparılan islahatların ölkənin təhsil sistemində aparılan
islahatların tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, ADU-da payız
imtahan sessiyasının yüksək səviyyədə təşkili də məhz bu islahatlara, tədris
prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Daha sonra fakültə
dekanlarının payız imtahan sessiyası ilə bağlı hesabatları dinlənilib.
ADU-nun tərbiyə işləri
üzrə prorektoru Ələddin Əliyev isə çıxışında Təhsil Nazirliyi tərəfindən
keçirilən akkreditasiyanın nəticələrini araşdıran komissiyanın hazırladığı
arayışı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb və görüləcək tədbirlər barədə məlumat
verib.
ADU-nun yubileyi olan bir
neçə işçisinin də mükafatlandırıldığı Elmi Şuranın iclası öz işini cari məsələlərin
müzakirəsi ilə başa vurub.