ADU-da ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub
Sentyabrın 15-də Azərbaycan Dillər
Universitetində (ADU) 2017-2018-ci tədris ilində universitetə qəbul olan I kurs
tələbələri ilə görüş keçirilib. Görüşdən öncə Ümummilli lider Heydər Əliyevin
büstü önünə gül dəstələri qoyulub.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb.
ADU-nun rektoru, AMEA-nın həqiqi
üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri universitetə qəbul olmaları
münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra isə rektor ulu öndər
Heydər Əliyev haqqında mühazirə oxuyub.
Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin
banisi adlandıran K.Abdulla xatırladıb ki, ulu öndər hələ sovet vaxtlarından Azərbaycanın
azadlığı haqqında düşünüb.
Heydər Əliyevin Sovet İttifaqı
dövründə gördüyü işlər haqqında ətraflı söhbət açan rektor deyib ki, məhz onun
sayəsində Azərbaycan ittifaq respublikaları arasında ön sıralarda idi: "Sovet
dövründə ulu öndərin gördüyü ən mühüm işlərdən biri də Hüseyn Cavidin nəşinin
doğulduğu torpağa gətirilməsi idi. Minlərlə adam repressiya olunub, güllələnib,
Sibirdə basdırılıb və onlardan heç birinin nəşi doğulduğu torpağa gətirilməyib.
Heydər Əliyevin bu addımı unkial idi”.
Üçrəngli Azərbaycan bayrağının
ilk dəfə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə qaldırıldığını
xatırladan rektor ölkəni ən ağır vəziyyətdən, parçalanmadan ulu öndərin xilas
etdiyini bildirib: "Ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan bütün
sahələrdə, istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Biz görürük ki, ölkəmiz
günü gündən inkişaf edir, qüdrəti artır. Biz aprel döyüşləri zamanı da ölkəmizin
hərbi qüdrətinin nə qədər artdığının bir daha şahidi olduq”.
Azərbaycanın multikultural ölkə
olduğunu, Prezident İlham Əliyevin multikulturalizmlə bağlı sərəncam verdiyini
diqqətə çatdıran K.Abdulla ulu öndərin ölkəmizdə yaşayan xalqlar, etnik
qruplarla bağlı sərəncamlar imzaladığını bildirib: "Ümummilli lider Heydər Əliyev
imzaladığı sərəncamlar, sənədlərlə ölkədəki multikultural mühitin həddindən artıq
yaxşılaşmasına çox böyük töhfə verdi”.
Heydər Əliyevin səyi ilə "Əsrin
müqaviləsi”nin imzalanmasından danışan K.Abdulla həmin tarixi gündən sonra Azərbaycanın
dünyadakı mövqeyinin kifayət qədər möhkəmləndiyini söyləyib: "Dünən "Əsrin
müqaviləsi” daha 50 il uzadıldı. Özü də Azərbaycan üçün daha sərfəli şərtlərlə. Bu tarixi addım, tədbir Azərbaycanın
dünyadakı mövqelərinin möhkəmlənməsinə yeni töhfələrini verəcək”.
Heydər Əliyevin "Gənclər mənim
sizə əmanətimdir” sözlərini xatırladan K.Abdulla deyib ki, o, ulu öndərin əmanətinə
həmişə sadiq qalmağa çalışıb.
I kurs tələbələri ilə növbəti
görüş universitetin əsas binasında keçirilib. ADU-nun Tədris işləri üzrə
prorektoru, professor Əfqan Abdullayev universitetin rektoru, AMEA-nın həqiqi
üzvü, əməkdar elm xadimi K.Abdullanın, eləcə də öz adından universitetə qəbul
olan I kurs tələbələrini təbrik edib, yola çıxdıqları bu şərəfli işdə onlara
uğurlar arzulayıb. Ə.Abdullayev tələbələrə universitet seçimində
yanılmadıqlarını bildirib. Belə ki, o, ADU-nu Azərbaycanın ali təhsil sistemində
öz dəst-xətti və dəyərləri olan universitetlərdən biri kimi xarakterizə edib.
Ə.Abdullayev tələbələrə tədris
prosesi və Bolonya sistemi haqqında ətraflı məlumat verib. O, yeni tədris ilində
ADU-ya bakalavriat üzrə 1341 nəfər tələbə qəbul olunduğunu və onların
topladıqları orta balın 457,5 olduğunu qeyd edib. O, Təhsil naziri Mikayıl Cabbarovun 2017-2018-ci tədris ilini
"Keyfiyyət ili” adlandırdığını
vurğulayıb.
Sonra Ə.Abdullayev I kurs tələbələrinin
ilk dərslərinin Azərbaycan Respublikasının qurucusu, müstəqil Azərbaycanın
banisi Heydər Əliyevə həsr olunduğunu bildirib və bunun üçün sözü millət vəkili, YAP Nəsimi rayon təşkilatının
sədri Məlahət İbrahimqızına verib.
M.İbrahimqızı öncə yeni tədris
ilinin başlanması münasibəti ilə təbriklərini çatdırıb. Sonra ADU-da çox gözəl bir ənənənin əsasının
qoyulduğunu bildirib və ilk dərsin Çağdaş dövlətimizin qurucusu Heydər Əliyev
ideyalarına həsr olunduğunu deyib. Bu dərsin vacibliyini vurğulan millət vəkili
müstəqil dövlətin tələbəsi, gənci, vətəndaşı olmaq və öz ərazisi olan dövlətdə
yaşamağın çox böyük xoşbəxtlik olduğunu vurğulayıb. O, tələbələrə elm, təhsil,
biliyə yiyələnməyin və dövlətimizin keşiyində durmağın zəruriliyini söyləyib.
Millət vəkili
Heydər Əliyevin bir millətin gələcəkdə bir müstəqil dövlət kimi yaşamasını təmin
edən 2 vacib kriteriyanı-dil və dini hər zaman düşündüyünü bildirib. O, ulu öndərin
Azərbaycan dilinin dövlət dili kimi mövcud olmasına nail olduğunu diqqətə
çatdırıb.
"Heydər Əliyev
sovet dönəmində Azərbaycanın milli dəyərlərinin qorunması üçün ən çətin anlarda
Nəsiminin və onun müəllimi Nəiminin Azərbaycan xalqının qan yaddaşından gündəlik
yaddaşına hopması üçün Nəsiminin yubileyini dəfələrlə keçirib. N.Gəncəvi,
M.Füzuli, Dədə Qorqud və Ü.Hacıbəyov kimi dahi şəxsiyyətlərin SSRİ miqyasında,
eləcə də UNESCO miqyasında yubileylərini qeyd etməklə Azərbaycan xalqını
dünyaya tanıtdırıb”.
M.İbrahimqızı
Ümummilli liderin SSRİ dönəmində Azərbaycan gənclərinin nüfuzlu universitetlərdə
dövlət hesabına təhsil almasına nail olduğunu da diqqətə çatdırıb.
Tədbirdə tələbələri maraqlandıran
suallar da cavablandırılıb.