ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) "DaF-Unterricht im Stadium” ("Təhsildə alman dili
xarici dil kimi”) adlı beynəlxalq elmi-metodiki seminar keçirilib. Seminarda
Almaniya, Qazaxıstan və digər ölkələrdən olan professor-müəllim heyəti iştirak
edib. Tədbiri açıq elan edən ADU-nun Alman dilinin leksikologiyası və
üslubiyyatı kafedrasının dosenti, eyni zamanda "DaF-Unterricht im Stadium”
layihəsinin Azərbaycan üzrə rəhbəri Ulduz Aslanova seminar iştirakçılarını
salamlayaraq seminar müddəti ərzində dəyərli fikir mübadiləsi aparılacağına əmin
olduğunu söyləyib. O, bildirib ki, seminarın əsas məqsədi ali məktəblərdə alman
dilinin tədrisində yeni metodların inkişafı və müəllim hazırlığının keyfiyyətinin
artırılmasıdır.
Daha sonra
Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Werner Huneke
ADU-da olmaqdan məmnunluğunu ifadə edib: "ADU və Haydelberq Universiteti arasında olan əməkdaşlıq
bir neçə ildir ki, uğurla davam etdirilir. Bu illər ərzində universitetlərarası
müəllim mübadiləsinin aparılması nəticəsində alman dilinin tədrisində müxtəlif
metodların tətbiqi nəzərdən keçirilib. Seminar ərzində müxtəlif ali təhsil müəssisələrinin
nümayəndələri məruzələr ilə çıxış edəcək və alman dilinin tədrisinə dair fikir
mübadiləsi aparılacaq”.
Sonra dosent Ulduz Aslanova "Azərbaycanda
xarici dil təhsili” mövzusunda məruzə ilə çıxış edib. O, ali təhsil müəssisələrində
alman dilinin tədrisinin aktual problemləri, dil biliklərinə yiyələnmək üçün
ümumi dil səviyyəsinin təkmilləşdirilməsi haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, "DaF-Unterricht im
Stadium” seminarı 22 sentyabr tarixinə kimi davam edəcək. Seminar ərzində "Çoxdillilik qlobal cəmiyyətdə multikultural
şəxsiyyətin formalaşma amili kimi”, "Azərbaycanda xarici dil təhsili”, "Xarici
dil dərslərində ixtisas və dil öyrənmə”, "İxtisas mətnlərinin təhlili: alman
dili dərslərində oxu strategiyalarının nəzəriyyəsi”, "Alman dili dərslərində
interaktiv pedaqoji resurslar kimi regional mədəni elmlər”, "Çalışmalar və
sosial formalar barəsində seminar” və digər mövzularda mühazirələr
oxunulacaq.