• cümə, 26 Aprel, 09:47
  • Baku Bakı 12°C

Ağdəniz mirvarisi – Bələdçi

30.04.15 07:38 1904
Ağdəniz mirvarisi – Bələdçi
Səmanın əngin maviliyi ilə Ağdənizin tərtəmiz sularının yaratdığı harmoniya Alanyanın füsunkar təbiətini sərgiləyir. Türklərin dənizlə ilk görüşdüyü yerdir Alanya. Tarixin dərin qatlarında iz qoyan bu kiçik, ancaq möhtəşəm gözəlliklər diyarının qədim keçmişini qoruyan və müasir dünyaya açılan bir görkəmi var. Toros dağlarının hələm-hələm yaşıllığını tərk etməyən gözəlliyi, dənizə bitişik ətəkləri də Alanyanın mənzərəsinə ayrıca çalar qatır. Tarix boyunca Roma, Bizans, Səlcuq və Osmanlı kimi imperatorluqlar üçün Ağdəniz sahilində önəmli qala rolunu oynayıb. Türklər bu şəhərdən qürurla danışıraraq “Alanyamız ”- deyə onu əzizləyirlər.
Antalyadan 135 km-lik məsafədə yerləşən Alanya boyunca portağal və banan bağları uzanıb gedir. “Türkiyənin sahil zolagı” adlanan bölgənin qərb sahllərini payızda sitrus meyvələrinin , Alanyadan Qazipaşaya uzanan şərq sahillərini isə banan ağaclarının ətri bürüyür. Uzaqdan hardasa dənizlə birləşik kimi görünən ağacların meyvələri günəş işığında parlayan qızılı qumlarla əlvan bir mənzərə yaradır. Türkiyənin banan yetişdirdiyi yeganə yer elə bu bölgədir. Həmçinin xarici ölkələrə, o cümlədən Azərbaycana da ixracı həyata keçirilir. Türkiyənin bu əfsanəvi bölgəsinə ayaq qoyanda ilk yadıma düşən “Bu bölgə Türkiyənin çox gözəl turistik imkanlara malik yerlərindən biridir. Bu şəhəri əcnəbilər, xüsusən almanlar daha çox sevirlər. Həm qışda, həm yayda istirahət etməyə gələrlər” - deyə səfər öncəsi bizimlə görüşən Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtım müşaviri Seyit Ahmet Arslanın sözləri oldu. Elə səfirliyin kültür və tanıtım müşavirliyinin təşəbbüsü ilə həyata keçirilən və Alanya turizmi ilə tanışlıq məqsədi daşıyan səfərimizdə də biz bu həqiqətlərin şahidi oluruq.
Transferimizi həyata keçirən Alanya Bələdiyyəsinin sürücüsü İsmayıl adlı gənc isə “Alanyaya daxil olunca dərhal hiss edəcəksiniz” - deyə doğulduğu yurd haqqında qürurla danışır. Tərtəmiz asfalt yollar, çox da hündür olmayan rəngbərəng tikililər, müasir otellərin sıralanıb getdiyi yolda şəhərə ilk bələdçimiz də elə bu söhbətçil gənc olur. “İndi bu bölgədə məskunlaşma sürətlə artır. 20 il əvvəllə müqayisədə şəhər çox dəyişib və böyüyüb. Əvvəllər kiçik qəsəbə olan Alanya indi dünyaynın sayılan tətil şəhərlərindən birinə çevrilib. İndi burada ev tikmək üçün yer tapmaq çətindir. Kiçik qəsəbələr Alanyanın ərazisinə qatılıb”.
Sahilboyu zolaqda yerləşməsinin üstünlüyünü yaşayır Alanya. Çünki bölgəyə əcnəbilərin marağı da günü-gündən artır. Hazırda Alanyanın 285 min əhalisi var. Hər il bura gələn əcnəbi turistlərin sayı isə yüz minlərlədir. Əcnəbilər bu bölgəni çox sevirlər. Ağdənizin ideal təmizliyi, müalicəvi qızılı qumlar, otellərin yüksək xidməti, yaşı tarixlə səsləşən məkanlr, təbii gözəlliklər – hamısı bu bölgədə cəm olub. Türkiyənin sahil zolağı bu gözəlliklərlə qarşılayır ziyarətçilərini.
Bölgəyə iş dalınca gələnlər də çoxdur. Elə bizi İstambuldan Antalyaya aparan təyyarənin salonundan tutmuş, Alanyaya qədər hər yerdə rast gəldiyimiz Orta asiyalılar, deyəsən Rusiya miqrasiya qanunlarının sərtliyindən buralara sığınmağa başlayıblar. Həm Orta asiyalı kişilərə, həm də qadınlara rast gəlmək olur. Sürücümüz deyir ki, onlar bölgədə işləyir və oturum izni də alırlar. Həm də öz dillərinə uygun gəldiyi bu ölkədə çalışmaq onlar üçün daha rahat və təhlükəsizdir. Onlar əsasən inşaat və kənd təsərrüfatı, turizm sahələrində çalışırlar. Hətta maraqlanan əcnəbilər bölgədə özlərinə ev də ala bilirlər. Çünki ölkə qanunları ev alan əcnəbilərə 5 illik yaşamaq hüququ da verir. İmkanı olanlar bu fürsəti əldən qaçırmırlar. Qiymətlər də münasibdir. Belə ki, şəhərdən kənarda 30 min ABŞ dollarına ev tapmaq mümkündürsə, mərkəzə doğru qiymət 100- 200 min ABŞ dolları arası dəyişir.
Alanyadan günəş öz istiliyini əsirgəməyib. Yayı tez başlayıb bölgənin. 20 dərəcə istilik var və artıq dəniz sahilində qızılı qumların üzərində uzanıb günəşin şüalarından zövq alanlar var. Əsasən də əcnəbilərdir. Turizim mövsümü burada ilin 9 ayı davam edir. Qışda əsasən Türkiyənin ayrı-ayrı bölgələrindən və Avropa ölkələrindən ahıl insanlar Alanyaya üz tutur. Buranın qışı ilıq, yazı və yayı isti keçir. Onlar qış aylarının bölgədə hökm sürən sakitliyində dincəlməyi sevirlər. Hətta bir neçə illiyə ev kirayələyənlər də var ki, hər il istirahətə gəlincə oradan öz evləri kimi istirahət edirlər. Belədə, Alanyaya gələnlər təkcə otelləri deyil, internet üzərindən əşyaları ilə birgə şəxsi evləri də kirayələyə bilirlər. Qiymətlər isə 50-100 türk lirəsidir.
İsmayılın dediyinə görə, Türkiyənin ən böyük çimərliyi də Alanyadadır. Turizmi günü-gündən çiçəkləndirən bu imkan bölgəyə hər il daha çox turistlərin gəlişinə şərait yaradır. Dənizin qumsal sahilləri təkcə turizmdən pul qazanmaq xətrinə istifadə olunmur. Yerli əhali üçün də “Xalq çimərlikləri” mövcuddur. Həmçinin çörəyini balıqçılıqdan çıxaran insanlar da bu azad sahillərdə torlarını suya ata bilirlər...
Yerli əhaliyə gəlincə, əsasən heyvandarlıqla, əkinçiliklə məşğul olurlar. “Əgər kiminsə bağı varsa, meyvə- tərəvəzi onu dolandırır. Kiminsə qapısında mal-qarası varsa, bu da onun dolanışığına bəs edir. Hər ailənin uşaqları da turist mərkəzlərində və digər yerlərdə çalışmaqla ailələrinə yardım edirlər. Alanyalılar öz əllərinin zəhməti ilə dolanan insanlardır” - deyə İsmayıl bildirir. Bölgədə turuzmin inkişafı əhalinin dolanışığına yaxşı təsir edir. Gənclər iş yeri üçün Türkiyənin başqa bölgələrinə və ya xaricə üz tutmurlar, elə turizm mərkəzləri onları işlə təmin edir.
Yerli sakinlər istirahət etməyi də bacarırlar. İstirahət günlərini dəniz kənarında, yaşıllıqlarda “piknik” etməklə keçirirlər: “Həftə boyunca bağ-bağçalarında işləyir, həftə sonunda isə ailələri ilə birlikdə istirahət edirlər. Şəhərin müxtəlif yerlərində onların istirahətləri üçün şərait yaradılıb. Özləri təbiətin qoynunda süfrə aça, yemək bişirə və şənlənə bilirlər. Həftə boyunca ağır işdən sonra dincəlmək insana xoş gəlir. Əhali sakit və mehribandır. Əcnəbi qonaqlara da hörmətlə yanaşırlar”.
Alanyanın ətraf bölgələrində yaylaqlar var. Yay gəlincə, bölgənin yaşlıları yaylaqlara qalxır: “Valideynlərimiz yaylaqlara gedincə, “Evə nə üçün gec gəldin?”, “Bu vaxta qədər harada idin?” kimi sualları da eşitmirik” - deyə İsmayıl gülümsəyərək danışır. Alanya camaatı öz adət-ənənələrinə hörmətlə yanaşır. “Biz böyüklərin yanında içki içməz, siqaret çəkmərik. Onların dedikləri ilə oturub-durmaq hər birimizin borcudur. Ailə qurmaq adətlərində də gənclər valideyn məsləhətinə daha çox qulaq asırlar. Düzdür, indi bir qədər zaman dəyişib. Alanya gəncləri oxuduqları ali məktəblərdə tanış olduqları başqa ölkələrin qızları ilə də bəzən evlənirlər. Hərçənd onda da valideynlərinin təpkisi ilə qarşılaşırlar. O evdə soyuq küləklər əsir. Çünki ən yaxşısı ata-ananın nəsil-nəcabətinə bələd olduğu və məsləhət bildiyi qızla evlənməkdir. Bölgənin qızları isə valideynlərinin iznindən çıxmırlar, adətən türk gəncləri ilə ailə qururlar”.
İsmayil deyir ki, Alanyada gənclərin istirahəti üçün hər cür şərait var. Axşamlar diskotekaya gedə, boş vaxtlarını müxtəlif əyləncələrlə keçirə bilirlər. Xüsusən yay turizmi bölgəyə qaynarlıq gətirir. Ünlü sənətçilərin istirahət mərkəzlərində konsertləri təşkil olunur. Turist şəhəri, həmçinin mədəni hadisələrə də önəm verir. Alanyada futbolu da çox sevirlər. Əsasən maraqlar “Fənərbaxça” ilə “Qalatasaray” arasında toqquşsa da, bölgənin öz komandası da var.
Alanyada təhsilə də xüsusi diqqət verilir. Türkiyənin bütün bölgələrində olduğu kimi, bu bölgədə də fəaliyyət göstərən universitetlər, liseylər öz təhsilləri ilə fərqlənirlər: “Bölgədəki gənclər adətən oxumaq üçün başqa şəhərlərə getmirlər. Elə Alanyanın universitetlərinin təhsili onlar üçün yetərlidir”.
Səfər boyunca bizi Alanyanın tarixi yerləri, o cümlədən Alanya qalası, Damladaş mağarası, Bizans kilsəsi, Kültür evi, Alanya muzeyi, Kleopatra çimərliyi və s. məkanlarla görüş gözləyir. Necə deyərlər, hələ görüb duyacağımız gözəlliklər qarşıdadır.
Təranə Məhərrəmova
Alanya

banner

Oxşar Xəbərlər