• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Çiçək ətirli sevgilər şairi

29.06.20 12:00 1002
Çiçək ətirli sevgilər şairi
Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür
Azərbaycan ədəbiyyatının incə ruhlu, zərif təbiətli şairi, Məhsəti Gəncəvi yaradıcılığını özünəməxsus üslub və formada davam etdirən, yeni ənənələrlə zənginləşdirən Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşamışdır. Hələ ilk gənclik çağlarından özünün istedadı ilə ədəbi mühitdə ulduztək parlayan, sözündə, fikrində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatı tarixinə gözəl, dəyərli əsərlər bəxş etmişdir. "Çadra” onun "Dan ulduzu” jurnalında (1928) çap olunmuş ilk şeiri, "Şeirlər” isə (1934) ilk kitabıdır. İndiki məqamda yadıma şairin ”İşıqlı dünyam” (1969), "Günəşdən gənclik istədim” (1974), "Həzin bir axşamda düşərsən yadıma” Şanlı nəsillərin yadigarısan” (1982), "Zəfər nəğməsi” (1943), "Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən” (1957) kitabları düşür. Bildiyimə görə, cəm halda onların sayı 35-dir. Kitabların əksəriyyəti nəşr olunduğu vaxtlardan ədəbi mühitin diqqətini cəlb etmiş, müzakirə mövzusu olmuş, oxucular tərəfindən böyük rəğbətlə, sevgiylə qarşılanmşdır. Nigar xanımın şeirlərində, ümumən bütün əsərlərində təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları yaradıcılığının leytmotivini təşkil etmişdir.
AZƏRTACxəbər verir ki, bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasndan 107 il ötür.
Bu gün sevimli şairimizin şeirlərini yenidən oxuyanda qəribə, həm də xoş hisslər keçirir, həmin şeirlərin zamanında dillər əzbəri olduğunu da xatırlayıram. Çiçəklərin adına yazdığı bahar ətirli şeirlər, ana məhəbbətilə vəsf etdiyi poetik incilər, Nizamiylə, Füzuliylə söhbətləri, balalarımızın ürəyini oxşayan bədii nümunələr, hansını deyim... Hələ tərcümə əsərləri, Məhsəti Gəncəvinin rübailəri, Nizaminin, Nəvainin qəzəlləri, A.S.Puşkindən, M.Y.Lermontov, A.Axmatova, M.Svetayeva, Qərb ədəbiyyatının görkəmli nümayəndələrindən dilimizə çevirdiyi möhtəşəm əsərlərin N.Rəfibəylinin yaradıcılığında əlahiddə yeri var.
Qəlbi çiçəklər kimi zərif, incə olan Nigar Rəfibəyli şeirinin dilində sözündə, ifadəsində bir həzinlik duyuram. Bu həzinlik insanın təbiətində bir bahar ovqatı yaradır. Bu şeirlər qışın sərt günlərində belə, insana yaz təravəti bəxş edir, könülləri nurlandırır. Güllər insana yaraşıq verir, gözəl rayihəsilə ruhumuzu oxşayır. Bir-birilə bəhsə girən çiçəklər insan qiyafəsində, obrazında bizimlə həmsöhbət olur. Şairin şeirləri insanla təbiət arasında bir yaxınlıq, bağlılıq duyğusu yaradır.
Nigar Rəfibəyli şeirlərinin qəribə bir işığı, istiliyi də var. Bu işığın cazibəsi alıb-aparır adamı. Bir "Qərənfil” şeiri var şairin. Burda müəllif onu elə əzizləyib vəsf edir ki, deyirsən bəs, təbiətin ən istəkli canlısı, güllərin şahıdır qərənfil. Sonra onun əksər şeirlərində bütün güllərin, çiçəklərin bənzərsiz vəsfini görəndə anladım ki, Nigar xanım bənövşəni, nərgizi, yasəməni... təbiətin yaratdığı, bitirib-yetirdiyi bütün gülləri sevir və insanın həyatına gözəllik səpən bu zərif gül-çiçələrin yerini göstərir. Bir şeirində yazır:
Ömrümü güllərə məftun yaşadım,
Gülü, bənövşəni, nərgizi sevdim...
... Ömrümün bəzəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü.
... Çiçəklər aləmi – incə xəyaldır,
Gözəldir, qəşəngdir zanbaq çiçəklər.
Yaxud da
Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə...
Bu, duyğusal qadın təbiətinə xas olan zəriflikdi, ülfətdi, sevgidir. Həm də bu, sadəcə məhəbbət deyil. Əslində əksər şeirlərində güllərin, çiçəklərin insan kimi canlı obrazı var. Bu şeirlərdəki çiçəkli sevgilər işıq təki üzünə-gözünə saçılır insanın. Ruha dinclik gətirən, vəsfi göz-könülü oxşayan belə gül əirli şeirləri kim sevməz ki! Şairin bir çox şeirlərini oxuyanda hiss etdim ki, əsərlərinin mövzusu müxtəlif və çoxçeşidli olsa da onların hamısında gül ətri, çiçək rayihəsi duyulur. Nigar xanım təbiətin bu zərif varlıqlarına insan kimi yanaşır, ətrafa təbiətin, çiçəklərin gözü ilə baxır. Elə yaradıcılığı boyu ən böyük istəyi, umacağı da təbiətdən olub. Günəşdən, meşədən, küləkdən, güllərdən, quşlardan, yarpaqdan, dağdan... hər nə istəyibsə, təbiət də bu saf qəlbli, duyğusal şairdən heç nəyini əsirgəməyib.
Nigar Rəfibəyli "Odlu-alovlu günlər”dən, müharibə mövzusundan da bəhs edib. Bir şairin, ədəbiyyat adamının düşüncələr silsiləsində qələmə aldığı şeirlərində müharibəyə gedənləri, cəbhədə döyüşənləri, yaralananları əzizi, doğması kimi boyunu sevərək vəsf edir. Əsgərləri (ömür-gün yoldaşını da) sevgililərin dili ilə ruhlandırır, bacı olaraq, qardaşlarına cəngavər təki döyüşməsini tövsiyə edir, ana kimi öyüd-nəsihət verir. Bu ağır illərdə vətən qızlarını vəsf edir, arxa cəbhədə onların mərdliyindən, qoçaqlığından söz açır. Övladın anaya, vətənə məhəbbətini dilə gətirir.
Şair səyahətdə olanda da öz müşahidələri ilə gördüklərini qələmə alır, yaxud da xəyalında yaşatdığı qəhrəmanlarını şəhərbəşəhər, kəndbəkənd gəzdirir. "Qürbətdə axşam” olanda vətən haqqında düşüncələrə dalır, qəribsəyir, vətənin acı tüstüsü, sərt küləkləri üçün darıxır. Sərhəddən kənarda gördükləri poetik yaddaşında qərib mahnılar kimi səslənir. "Rahibə”nin geyimi, soluxmuş gözləri, qupquru əlləri onu üşüdür. Məryəm ananın surəti önündə diz çökən rahibəni qınağa çəkir: "Aç başından qaranı, Gözündən yaşları sil, Canlı insan kimi bax, Qadın kimi danış, gül...” deyə, onu həyatın qoynuna səsləyir...
Şairin şeirlərinin birində qəlb ağrısı ilə söz açdığı "Bəşər oğlu” böyük Nazim Hikmətin əziz xatirəsinə yazdığı elegiyadır. Şairin əbədiyyətə qovuşduğu gündə millətindən asılı olmayaraq, onu yola salan insanların yanğısını misralarına göz yaşı kimi səpir:
Tabutunun başında
Millətləri, xalqları
Qardaş gördüm;
Rus qızının, ərəb şairinin,
Alman kommunistinin
Gözündə yaş gördüm.
... İndi sevdiyin, məhəbbətlə baxdığın
Gözlər ağlayır...
Şair həm də anadır, təkcə öz övldlarının deyil, millətin anasıdır – kədərini ürəyində çəkən, bütövlüyü, azadlığı, xoşbəxtliyi yolunda cəfalara qatlaşan mətin bir ana. N.Rəfibəyli dünyaya həm də ana məhəbbətinin işığı ilə baxır. Şair vətənin, onun övladlarının qayğısını ana kimi çəkir. Onun ən böyük məhəbbəti qurub-yaradan və yaşadan insanadır. Bu da təbiidir. Dünya insanın varlığı, onun əməlləri, zəhməti ilə gözəldir. Bütün gözəlliklərin yaradıcısı, təbiətin özündən başqa, həm də insandır. Şair harada olur-olsun, vətəndə, ya qürbətdə, düşüncəsində insanın silsilə obrazını yaradır.
Bir udum vətən suyuna,
Bir ovuc vətən torpağına
Həsrət olanları düşünrəm.
Vətəndən ayrı düşüb,
Qürbətdə qalanları düşünürəm.
Şair təbiətdə üzə gülən, gözə-könülə fərəh çiləyən gözəllikləri, dünyanı özünün şəfqəti, istisi ilə nura qərq edən ana-qadınları vəsf edir, daim dodaqları sevgi nəğmələri pıçıldayır... Hərdən mənə elə gəlir ki, Nigar Rəfibəylinin ədəbi yaddaşından süzülən, könlündən pərvazlanan çox poetik düşüncələri hələ aydınlığa çıxmamış, bəlkə də heç dünyaya gəlməmiş qəlbindəcə məhv olmuşdur. Belə düşünərkən yazıçı Anarın Nigar xanım haqqında nə vaxtsa səsləndirdiyi bu fikirləri xatırladım: "Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik... Həmişə yanındaydıq, həmişə böyründəydik, həmişə onunlaydıq; öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı”.
Əslində mənim gendən-genə duyduğum, hiss etdiklərim də bunlar idi. Macal tapsaydı, ədəbiyyat tariximizə daha zəngin ədəbi-mənəvi irsini bəxş edərdi. Amma Nigar xanım bir qadın-ana olaraq ailə yükünü, məsuliyyətini, cəmiyyətə fayda verəcək övladlar yetişdirməyi yaradıcılığından üstün tutmuşdu. Çünki, istedadlı şair, güclü poetik fəhmlə, həyati gerçəkliklər içində ədəbi incilər yaratmağa qadir olan şair, vətəndaş ailəni ən böyük əsəri sanırdı. Mənəvi övladları da zaman-zaman bütün varlığı ilə bağlı olduğu ailənin bətnindən doğulurdu. Şairə gücü, ilhamı verən də onun gözünün nuru, ilhamının həmişəyaşıl pöhrə-budaqları – sevimli Rəsulu, balaları idi... Amma bu gün Nigar xanımın ədəbi irsi ilə bütövlükdə tanış olanda bu hünərvər şairin ədəbi yaradıcılığındakı çoxşaxəlilik məni heyrətə gətirir. Nigar Rəfibəyli həm böyüklər, həm də uşaqlar üçün poetik əsərlər yazan lirik şairdi, tərcüməçidi, publisistdi, özü də bu sahələrin hər birində mükəmməl sənətkardı. Nə gizlədim, bütün bunların fonunda bir oxucu kimi Nigar xanımı həssas, zərif təbiətə, incə duyuma malik, əsrarəngiz güllərin, çiçəklərin insana bəxş etdiyi ülvi sevgilərin tərənnümçüsü kimi daha çox sevir və xatırlayıram...
1913-cü ildə, yazın son ayı, iyunun 23-də dünyaya gəlib Nigar xanım... Hələ bağ-baxçalar, yaşıl düzənlər, qayaların kölgəsi, daşların arası rəngbərəng gül-çiçək içindədir. Mənə elə gəlir ki, həmişə ilk yazla birgə doğulan bənövşənin, nərgizin, yasəmənin – təbiətin bütün nazlı çiçəklərinin Nigar xanımdan ötrü gözləri yaşarır. Gül-çiçəklər onun vəsflərinin, nazlı oxşamalarının həsrətini çəkirlər. Tezcə də düşünürəm ki, qəmlənməyə dəyməz... Torpaqdan boy göstərən, güc alan, günəşdən nur içən bu gül-çiçəklər hər yazda Nigar Rəfibəylini yad edir, ruhunu salama gəlir, həsrətlilər kimi sanki bir-birinə sarılır, öpüşüb-görüşürlər... Bir də düşünürəm ki, həyat nə qədər davam edəcəksə, hər açılan sabahlarda, hər doğulan baharda, elə bütün fəsillərdə Nigar Rəfibəyli özünün çoxçeşidli əsərləri ilə xalqımız tərəfindən məhəbbətlə yad ediləcək.
Şəfəq Nasir
yazıçı-publisist
banner

Oxşar Xəbərlər