AZE | RUS | ENG |


"2 yaşlı Azərbaycan qızı Ermənistan vəhşiliyinin hədəfi və qurbanı oldu" – “The Jerusalem Post” qəzeti

İyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyevanın və onun 50 yaşlı nənəsi Sahibə Allahverdiyevanın həlak olmasından sonra Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində baş verənlərin bütün məsuliyyəti Serj Sarkisyanın cinayətkar və kriminal rejimi üzərinə düşür.
 
Bu barədə İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut İsrailin ingilis dilli "The Jerusalem Post" qəzetində "Ermənistan-Azərbaycan gərginliyi – 2 yaşlı Azərbaycan qızı və onun nənəsi Ermənistan vəhşiliyinin hədəfi və qurbanı oldular" məqaləsində yazıb.
 
Ekspertin fikrincə, Ermənistanın indiki cinayətkar rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqda sadəcə maraqlıdır. "Ermənistan özünü dünya ictimaiyyəti qarşısında rüsvay edib. Bu təcavüzkar ölkə günahsız adamların – qadınların və uşaqların qanını tökməkdə davam edir. Prezident Serj Sarkisyanın bütün son bəyanatları və real fəaliyyəti, o cümlədən Zəhra və nənəsinin vəhşicəsinə öldürülməsi bir daha sübut edir ki, Sarkisyan tam məsuliyyətsiz və bəsirətsiz siyasətçi olaraq qalır. O, Qarabağ separatizmi dalğasında Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfi düşmüş terrorçu olaraq qalır. Ermənistanın indiki prezidenti diplomatiyadan uzaq bütün çıxışlarında öz ölkəsinin təcavüzkar və işğalçı siyasətinə bəraət qazandırmaq istəyir. Əslində isə o, öz "siyasətilə” bir daha təsdiqləyir ki, həmin çilingər Sarkisyan olaraq qalır, diplomatiya və beynəlxalq münasibətlər anlayışlarından tam uzaqdır və bu da onun siyasi mədəniyyətinin aşağı səviyyəsini bir daha təsdiqləyir”, - deyə ekspert bildirib.
 
A.Qutun sözlərinə görə, cəbhə xəttində yaranmış son gərginlik bir daha təsdiqləyir ki, təcavüzkar ölkə olan Ermənistanı sülh maraqlandırmır: "Antiazərbaycançılıq və antisemitizm, şovinizm və millətçilik, faşist cinayətkarları və onların əlaltılarının göylərə qaldırılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyi halda sülhə can atmaq mümkün deyil. Prezident Sarkisyana və onun korrupsiyaçı, separatçı köhnə-yeni komandasına Azərbaycan ərazilərinin işğalını davam etdirmək öz hakimiyyətini saxlamaq üçün real imkandır” – Arye Qut "The Jerusalem Post" qazetində qeyd edir.
 
İsrail eksperti bildirir ki, 18 aylıq azərbaycanlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorizmi və faşizminin qurbanı olublar. "Bu, müasir Ermənistan rəhbərliyində, təəssüf ki, azərbaycanlı uşaq və qadınları qətlə yetirməkdə ilk təcrübə deyil. Ermənistan prezidenti Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım aktını yaxşı xatırlayır. Ən dəhşətli və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin ideoloqları, təşkilatçıları və günahkarları – Ermənistanın indiki baş naziri Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert Koçaryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələr tutmaqda davam edirlər.
Atanın öz övladının soyumuş cəsədini qolları arasında apardığı bu dəhşətli insan faciəsini görəndə deməyə heç bir söz qalmır...”.
 
"Mən insan haqları və demokratiyadan danışmağı çox xoşlayan sivilizasiyalı dünyaya müraciət edirəm. Yenicə yaşamağa, bu həyatda ilk addımlarını yenicə atmağa başlayan on səkkiz aylıq azərbaycanlı qızın nə təqsiri vardı?! O, oyuncaqlarla oynamaq, həyatdan zövq almaq, atasını və anasını qucaqlamaq, xoşbəxt olmaq və valideynlərini sevindirmək, bağçaya, sonra isə məktəbə getmək istəyirdi... Zəhra daha bunları edə bilməyəcək. Erməni faşistləri və terrorçuları onun həyatını elə başlanğıcda qırdılar, yenicə doğan günəşin üstünü qara buludların örtdüyü kimi... Onlar Zəhranı öldürdülər. Zəhranın yeganə təqsiri azərbaycanlı olması idi...” - Arye Qut qeyd edib.
 
Müəllifin sözlərinə görə, Ermənistanda bütün bu cinayətkar vəhşi hakimiyyətin Xocalı soyqırımında əli var. Xocalıda uşaqlara, qadınlara və qocalara qarşı bu dəhşətli, qeyri-insani qəddarlığın heç cür izahı yoxdur.
"Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Ermənistanın bugünkü rəhbərləri – cinayətkarlar soyqırımı aktının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında dayanmalıdırlar" – Arye Qut bu sözlərlə bitirir.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002