110 illik yubileyə həsr olunan kitab
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi
tərəfindən "Taleyi və sənəti” layihəsi çərçivəsində "Məhəmmədhüseyn Təhmasib:
taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb.
İnstitutun direktoru AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun
rəyi ilə oxucuların mühakiməsinə verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn
Təhmasibin 110 illik yubileyinə həsr edilib.
Kitabda Azərbaycan
folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük
xidmətləri olan Məhəmmədhüseyn Təhmasibin (1907-1982) həyat və çoxcəhətli ədəbi
fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən
bəhs edən 18 fundamental araşdırma yer alıb.
Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Professor
Məhəmmədhüseyn Təhmasib-folklor nəzəriyyəçisi”, akademik İsmayıl Hacıyevin "Təhmasiblər
və Məhəmmədhüseyn Təhmasib, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Professor Məhəmmədhüseyn Təhmasibin həyat və
yaradıcılığının ümumi mənzərəsi”, professor Məhərrəm Qasımlının "Folklor
karvanımızın müdrik sarvanı”, professor Yusif Səfərovun "Dastanlarımızın ustad
tədqiqatçısı”, Əməkdar elm xadimi Hüseyn Həşimlinin "Məhəmmədhüseyn Təhmasib bədii
yaradıcılığa nə vaxt başlamışdır?” və digər tədqiqatçıların məqalələri öz əksini
tapıb. Məqalələrdə görkəmli folklorşünas alimin folklorşünaslıqla bağlı tədqiqatları,
nəsr, dram əsərləri, aktyorluq, pedaqoji fəaliyyəti əhatəli bir şəkildə işıqlandırılıb.
Məlumat üçün onu da qeyd edək ki,
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsində 2006-cı ildən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin
təşəbbüsü, məsləhəti və elmi redaktorluğu ilə
işıq üzü görən "Taleyi və sənəti” məqalələr
toplusunun əvvəlki nəşrləri Məhəmməd ağa Şahtaxtlıya, Hüseyn Cavidə, Cəlil Məmmədquluzadəyə,
Eynəli bəy Sultanova, Əliqulu Qəmküsara, Məmməd Cəfər Cəfərova, Məmməd Səid
Ordubadiyə, Məhəmməd Tağı Sidqiyə, Əziz Şərifə
və Məmməd Araza həsr olunub.