• bazar ertəsi, 26 fevral, 02:46
  • Baku Bakı 2°C

“Zənnimcə, bu, həqiqətən tarixi hadisədir”

25.11.23 00:15 941
“Zənnimcə, bu, həqiqətən tarixi hadisədir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizin ərazi bütövlüyünün təmin olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. İlham Əliyev SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıları ilə digər ikitərəfli görüşlər də keçirib.

Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Əsrin tarixi hadisəsi

Dövlət başçısı qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşdə bildirib ki, biz yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq: “Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub”.

Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib: “Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi - beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib”.

“Yeni nəticələr gözləyirik”

Prezident İlham Əliyev noyabrın 24-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə də görüşüb. Görüşdə çıxış edən Prezident deyib: “Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir”.

Dövlət başçısı bildirib ki, bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq: “Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik”.

Vahid geosiyasi, iqtisadi və siyasi məkan

Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşdə isə, respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırıb. Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edilib.

“Biz bir-birimizi həmişə dəstəkləyəcəyik”

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə də görüşüb. Dövlət başçısı bildirib ki, münasibətlərimiz çox uğurla inkişaf edir: “Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır”.

Dövlət başçısının Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə də qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir: “Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik”. 

Prezident Sadır Japarov isə deyib ki, Qırğızıstan özünün strateji tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir. 

 

banner

Oxşar Xəbərlər