• cümə axşamı, 01 may, 06:35
  • Baku Bakı 10°C

Doqquz ildən sonra ilk səfər

26.04.25 05:27 894
Doqquz ildən sonra ilk səfər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda məhsuldar müzakirələr aparıb. O, Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Prezident İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Avropa üçün etibarlı tərəfdaş

Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib.
O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlət başçısı vurğulayıb ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Trans-Xəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Prezidenti bildirib ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı, həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib.

Yeni saziş gündəmdədir 

Kaya Kallas Azərbaycana səfəri çərçivəsində Xarici İşlər Naziri Ceyhun Bayramovla da görüşüb, tərəflər mətbuata bəyanatla çıxış ediblər. 

C.Bayramov bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə yaxın vaxtlarda əməli addımlar atılması barədə razılıq əldə olunub. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni sazişi əhatə edən məsələlərin 90-95 faizi razılaşdırılıb: "Son illər bu məsələdə durğunluq müşahidə olunurdu. Bu gün yenidən məsələni müzakirə etdik və sazişi tamamlamaq üçün əməli addımlar atmaq barədə razılığa gəldik. Açıq qalan məsələlər iqtisadiyyat və ticarət sahəsini əhatə edirdi. Saziş növbəti mərhələdə daha da zənginləşdirilə bilər”. 

Səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafına töhfə verəcək 

Nazir bildirib ki, doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir. O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir: “Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük. Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək”.

C.Bayramovun sözlərinə görə, Azərbaycanın növbəti illərdə Avropa İttifaqı ilə iqlim sahəsində əməkdaşlığı genişlənə bilər. O qeyd edib ki, COP29 çərçivəsində Azərbaycanın iqlim sahəsində fəaliyyəti daha da aktivləşdi.

Minatəmizləmə sahəsində dəstək

Kaya Kallas isə Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu bir daha vurğulayıb. O, Azərbaycanın Aİ-nin enerji təchizatında böyük rol oynadığını vurğulayıb.

K.Kallas, eyni zamanda, Azərbaycana Ukraynaya göstərdiyi humanitar yardıma görə təşəkkür edib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir və bu dəstək davam edəcək.

banner

Oxşar Xəbərlər