• bazar, 16 Iyun, 04:19
  • Baku Bakı 25°C

Xocalıya həyat qayıdır 

01.06.24 06:13 2094
Xocalıya həyat qayıdır 

Prezident İlham Əliyev: "Bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir".

Müstəqillik günü ərəfəsində Azərbaycan xalqı işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla bağla daha bir tarixi ana şahidlik etdi. Budəfəki qayıdışın ünvanı qan yaddaşımıza əbədi həkk olunan Xocalı oldu. Xocalı sakinlərinin bayram sevincini ikiqat edən isə qayıdış prosesində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən iştirak etmələri idi. 

Artıq ənənəyə çevrilmiş səfərlər

Qeyd edək ki, son dörd ildə Prezident İlham Əliyev bütün əlamətdar günlərdə işğaldan azad edilmiş ərazilərə səfər edərək həm doğma yurdlarına dönən keçmiş məcburi köçkünlərlə görüşür, həm də bərpa-quruculuq işləri çərçivəsində yeni infrastruktur obyektlərinin təməlini qoyur. Bir neçə gün əvvəl qeyd etdiyimiz 28 May - Müstəqillik Günü də istisna olmadı. Artıq ənənə halını alan bu səfərlər Xocalıya dönüşlə birlikdə yeni bir vüsət aldı. 

Dövlət başçısı sakinlərlə görüşdə bu məsələni xüsusilə qeyd etdi: "Bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur".

Xocalı soyqırımını əsla unutmayacağıq

Dövlət başçısının Xocalı şəhərinə səfəri bir sıra mühüm məqamlara görə xüsusilə diqqət çəkir. Öncə də qeyd etdiyimiz kimi, Xocalı şəhəri 20-ci əsrin ən qanlı və dəhşətli soyqırımılarından birinə şahidlik edib. Azərbaycan illərlə "Xocalıya ədalət" kampaniyası çərçivəsində erməni daşnakları tərəfindən törədilən bu soyqırımı aktının dünyaya tanıdılmasına çalışsa da, bir çoxları həqiqətləri görməzdən gəlməyə üstünlük verdilər. İndi isə vəziyyət tamamilə dəyişib. Yüzlərlə günahsız insanımızın min bir əzabla qətlə yetirildiyi bu torpaqlarda həyat yenidən qaynayacaq. Ancaq bir həqiqət dəyişməyəcək. O da, qan yaddaşımız olan Xocalı soyqırımını əsla unutmayacağımız və unutdurmayacağımızdır. 

Ermənistan bizdən üzr istəməlidir

Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə bu məsələnin üzərində xüsusi olaraq dayanması əslində dünyaya ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər. Soyqırımı Memorial Kompleksi ilə bağlı ortaya qoyulan siyasi iradə bu siyasətin əsla dəyişməyəcəyinin göstəricisidir. Dövlət başçısı özü də bildirdi ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər müzakirələr edilirdi: "Hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın". Bəli, Azərbaycan illər keçsə də, Xocalıya ədalət tələb edir və edəcək. Bu işin baiskarlarının layiqli cəzalarını almaları üçün bütün imkanlardan sonuna qədər yararlanacaq. Çünki bizim Xocalı soyqırımını, işğaldan azad edilmiş ərazilərimizdəki dağıntıları, faciələri unutmağa haqqımız yoxdur. 

Bu faciələri bir daha yaşamayacağıq

Artıq Xocalı yenidən qurulur, gözəlləşir, inkişaf edir. 1992-ci ildə şəhidlərimizin, günahsız insanlarımızın qanı ilə yuyulan bu torpaqlara yeni nəfəs gəlir. Həm də bu proses daha təhlükəsizlik və artıq heç kimin müdaxilə edə bilməyəcəyi müdafiə sistemi çərçivəsində yaşanır. İşğaldan azad edilmiş ərazilərimizdə qurulan güclü təhlükəsiz sistemi tək Xocalını yox, sərhədlərimizdən başlayaraq hər bir qarışı əhatə edir. Prezidentin də qeyd etdiyi kimi, Ermənistanda revanşistlər kifayət qədər çoxdur: "Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.

Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək". 

Xocalının dəyişən siması

Bəli, biz ermənilərin vaxtilə qanunsuz məskunlaşdırma siyasətinin əsas tərkib hissəsi olan, lakin bu gün azad, bizim üçün müqəddəs məkan sayılan Xocalının simasını tamamilə dəyişirik. Artıq bu prosesin birinci mərhələsinə start verilib.  Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. 

Göründüyü kimi, Xocalıya yeni nəfəs, həyat qayıdır. İllərlə gözlənilən daha bir həsrət xoşbəxt sonluqla yekunlaşır. Davamlı olsun...

Azad Əliyev

banner

Oxşar Xəbərlər