• çərşənbə axşamı, 03 dekabr, 16:09
  • Baku Bakı 8°C

Xankəndiyə təhsillə qayıdırıq

02.12.23 01:15 2782
Xankəndiyə təhsillə qayıdırıq

İşğaldan azad edilən ərazilərdə yaxın illərdə yeni üç ali təhsil müəssisəsinin inşası gözlənilir. Xankəndidə Qarabağ Universitetinin yaradılmasına dair sərəncam həmin layihənin ilk addımı kimi qiymətləndirilir.

Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Bəs adı ilə düşmənə göz dağı olacaq ali təhsil müəssisəsi bizə nə qazandıracaq? 

Kadr hazırlığı tələbata uyğun müəyyənləşdiriləcək

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, Qarabağ Universiteti mövcud baza əsasında inşa olunacaq:

“Universitetdə regionun sosial-iqtisadi ehtiyaclarına uyğun kadr hazırlığının planlaşdırıldığı sərəncamda da qeyd edilib. Düşünürəm ki, Qarabağda kənd təsərrüfatı, turizm, eyni, zamanda alternativ enerji, “smart city”, informasiya texnologiyaları (İT) sektoru üzrə peşəkar kadrların yetişdirilməsinə önəm veriləcək. Bu, həm regionun pedaqoji kadr ehtiyacının ödənməsinə, həm də kənd təsərrüfatı, eləcə də sənayenin inkişafına töhfə verəcək kadrların hazırlanmasına xidmət edəcək”.

Təhsil eksperti bildirib ki, işğaldan azad edilən ərazilərin inkişafı, bərpası ilə əlaqəli müxtəlif dövlət proqramları həyata keçirilir: “Onlar içərisində təhsil sahəsində gerçəkləşdirilən layihələr də çox önəmlidir. Təhsilin inkişafı strategiyası çərçivəsində yaxın illərdə işğaldan azad edilən ərazilərdə yeni üç ali təhsil müəssisəsinin inşası gözlənilir. Bu sərəncam həmin layihənin ilk addımıdır. Böyük ehtimalla Şuşada, eləcə də Ağdamda da ali təhsil müəssisələri açılacaq. Qarabağda inşa ediləcək ali təhsil ocaqları da tarixi universitet ənənələri üzərindən formalaşacaq”.

Xankəndiyə qayıdış başlayır

Millət vəkili Aqil Abbas deyir ki, Qarabağ Universitetində təxminən 5-10 min tələbə təhsil alacaq: “Bu tələbələrə dərs demək üçün yüzlərlə müəllimə də ehtiyac olacaq. Bu layihənin icrası Xankəndiyə yeni ruh qatacaq. Gənc nəslin oraya axını, ailələrin Xankəndiyə köçürülməsi oradakı həyatı daha da rəngarəng edəcək. Qarabağda universitetin fəaliyyətə başlaması Bakının tələbə yükünü də azaltmış olacaq. Tələbələrin bu universitetə üstünlük verməsi də vacibdir. Hətta Ağdamda da bir neçə ali təhsil müəssisəsinin açılışı gözlənilir”.

Millət vəkili bildirir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə Xankəndi yenidən azərbaycanlaşmağa başlayıb. Həmin vaxt orada Pedaqoji İnstitutun filialı yaradılıb, 100-dən çox müəllim ailəsi ilə oraya köçürülüb. İnstitutda ermənilərin cəmi bir fakültəsi olub, qalan bütün heyət texniki işçiyə qədər azərbaycanlılardan təşkil edilib: “Fabrik və zavodlar inşa edildi. Ermənilərin bu zavodları işlətməyə gücü çatmadı. Ona görə də yenə yaxın kəndlərdə yaşayan azərbaycanlılar bu fabrik və zavodlarda işə cəlb edildilər. Onlar üçün də Heydər Əliyev böyük bir mikrorayon tikdirdi, məktəblər açdırdı. Beləliklə, Xankəndidə təxminən 15 min azərbaycanlı məskunlaşdı. Xankəndidə hamı Azərbaycan dilində danışırdı. Bu gün də ulu öndərin siyasi varisi İlham Əliyev atasının yolunu davam etdirdi. Qarabağa qayıdışımız yenə təhsil ilə başlayır. Bir xalqın gələcəyi savadlı gənclikdir. Gənclik olan yerdə həyat var, musiqi var, mədəniyyət var, sevgi var”.

Əcnəbi tələbələr də təhsil alacaqlar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, ölkə başçısının imzaladığı sərəncam 30 ildən artıq düşmən işğalında qalan və nəhayət azad edilən Qarabağımızın inkişafına təkan verəcək:

“Bu sərəncamın icrası işğaldan azad edilən ərazilərin Azərbaycana reinteqrasiyası üçün yaxşı şərait yaradacaq. Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Qarabağda Azərbaycan Pedaqoji Universitetinin filialı açılmışdı. Həmin bazada artıq yeni universitet yaradılır. Bu universitet beynəlxalq standartlara cavab verən müasir ali təhsil müəssisəsi olacaq. Düşünürəm ki, Qarabağ Universiteti ölkə üzrə fəaliyyət göstərən ali təhsil ocaqları içərisində pilot layihə olacaq. Digər universitetlərdən fərqli olaraq, bu universitetin yaradılmasında kampların, universitet şəhərciyinin, o cümlədən tədris bazasının publik şəxs kimi formalaşdırılması bunu deməyə əsas verir ki, layihə özlüyündə ən müasir texnologiyaları ehtiva edəcək. Qarabağ Universiteti gələcəkdə tək yerli tələbələrin deyil, əcnəbi tələbələrin də təhsil ala biləcəyi təhsil müəssisəsinə çevriləcək”.

Əhali bu bölgəyə istiqamətlənəcək 

İqtisadçı ekspert onu da qeyd edib ki, Qarabağ Universiteti həm də Xankəndidə əhalinin sıx yaşamasına təkan verəcək: “Təhsil müəssisələri olan ərazilərdə əhalinin sıxlığı heç kimə sirr deyil. Bu cür infrastrukturun qurulması, təhsil müəssisələrinin, inzibati idarələrin, qurumların yaradılması əhalinin bu bölgəyə istiqamətlənməsinə gətirib çıxaracaq”.

V.Oruc universitetin açılmasının burada yeni iş yerlərinin formalaşmasına da təsir edəcəyini deyib: “Universitetin açılması bu ərazilərdə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə də xidmət edəcək. Bu, yüzlərlə yeni iş yeri deməkdir”. 

Möhtəşəm dönüş

Xalq artisti Mənsum İbrahimov isə düşünür ki, Azərbaycan bayrağının Xankəndidə dalğalanması qürurvericidir: “Qarabağda Azərbaycan ordusunun zəfər paradı keçirildi, mədəniyyətimizin təbliğinə xidmət edən “Xarı Bülbül” festivalı gerçəkləşdirildi. Bu gün də təhsil sahəsində Qarabağ Universitetinin inşası ilə bağlı ölkə başçısının qərarını alqışlayıram. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Əbədi-əzəli torpaqlarımıza təhsil ilə qayıtmağımız çox möhtəşəmdir. Növbəti ildən gənclərimizin Qarabağımızda təhsil almasını diləyirəm”. 

Könül Cəfərli 

 

banner

Oxşar Xəbərlər