• şənbə, 27 Iyul, 14:03
  • Baku Bakı 28°C

Türk liderlər Şuşada toplaşacaq

08.06.24 00:23 2081
Türk liderlər Şuşada toplaşacaq

Azərbaycan Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslər irəli sürür. Sevindirici haldır ki, Bakının bu təşəbbüsləri Türk dünyasının bir parçası olan dövlətlər tərəfindən rəğbətlə qarşılanır və böyük dəstək görür.  

Azərbaycanın türk dövlətləri ilə əlaqələri gündən-günə genişlənir. Bu əlaqələr son illərdə daha geniş müstəviyə keçib. Xüsusilə də son illərdə Türk Dövlətləri Təşkilatı və TÜRKPA çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq daha intensiv mahiyyət daşımağa başlayıb. 

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən bu məqamları xüsusi qeyd edib. 

"Bizim ailəmiz Türk dünyasıdır"

Dövlət başçısı bildirib ki, Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər: "Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".

Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

Prezident İlham Əliyevin sözlərinə görə, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: "Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq". 

Dövlət başçısı vurğulayıb ki, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır: "Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir". 

“Türk dünyası böyük potensiala malikdir”

Prezident qeyd edib ki,  Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması - bunlar, böyük bir güc potensialıdır. "Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük", - dövlət başçısı vurğulayıb. 
Göründüyü kimi, Azərbaycan beynəlxalq vəziyyətin həssas bir durum aldığı vaxtda soykökü, dini, dili, mədəniyyəti bir olan dövlətlərin birliyinin gücləndirilməsi istiqamətində nəhəng addımlar atır, təşəbbüslərlə çıxış edir. Sevindirici haldır ki, Bakının bu təşəbbüsləri Türk Dünyasının bir parçası olan dövlətlər tərəfindən rəğbətlə qarşılanır və böyük dəstək görür.   

Azad Əliyev

banner

Oxşar Xəbərlər