• bazar ertəsi, 02 dekabr, 18:52
  • Baku Bakı 8°C

Yeni səviyyəyə yüksələn əlaqələr

27.07.24 05:53 3688
Yeni səviyyəyə yüksələn əlaqələr

Azərbaycanın “Vahid Çin” prinsipinə səmimi dəstəyi Pekinin regionda əhəmiyyətli dərəcədə böyümüş strategiyası üçün əlavə cığırlar açmağa hesablanıb. Bu, Cənubi Qafqazda Azərbaycana qarşı fəallaşmış qüvvələrin Çin kartı ilə vurulması prosesinə töhfə verən mühüm amilə çevriləcək. 

Çin Xalq Respublikası geoiqtisadi genişlənməsi ilə yanaşı, geosiyasi təsirlərini də artırır. Pekin dünyada problemli bölgələrə sülh, təhlükəsizlik və sabitlik gətirmək üçün diplomatiyasına sərmayələr qoyur və münaqişəli məkanlarda lider vasitəçilik roluna yiyələnməyi hədəfləyir. Çinin iqtisadi kapitalı, geosiyasi resursları, sülh və təhlükəsizliklə əlaqədar səylərini Rusiya-Ukrayna müharibəsi, Fələstin-İsrail münaqişələrinin həllinə yönəltməsi qlobal güc siyasətindəki sərhədləri dəyişdirir. Azərbaycan da strateji tərəfdaşlıq qurmaq istədiyi Çinin prioritetlərini yüksək qiymətləndirir və bu, Pekinin də qarşılıqlı şəkildə Bakı ilə bağlı pozitiv gündəliyini formalaşdırır. 

Birgə Bəyannamə iki mühüm hadisə fonunda

Azərbaycanla Çin arasındakı münasibətlər qarşılıqlı hörmətə, dövlətlərarası münasibətlərdəki etik dəyərlərə və beynəlxalq hüquqa söykənir. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması ilə bu münasibətlər keyfiyyətcə yeni zirvəni fəth etdi. 

İndi həmin Bəyannaməni iki mühüm hadisə fonunda yenidən şərh etmək zərurəti yaranır. 

Birincisi, Çin Fələstin-İsrail münaqişəsini sonlandırmaqdan ötrü birinci növbədə Fələstindaxili barışıq modelinin ilkin mərhələsinə nail oldu. Çinin vasitəçiliyi ilə Fələstində bir-birinə rəqib cəbhədə dayanan FƏTH və HƏMAS təşkilatları milli barışıq hökumətinin qurulmasına razılıq verən bəyannaməyə imza atdılar. 

İkincisi, az keçməmiş Çin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitri Kuleba ilə müzakirələr apararaq rəsmi Kiyevi Rusiya ilə danışıqlara razı salmaq əzmini nümayiş etdirdi. 

İki hadisədə “Bakı-Pekin rabitəsi”

Proseslərin beynəlxalq hüquqdan kənar pərdəarxası ştrixləri bir kənara, amma hüquqi cəhətdən Çinin sülh əməliyyatlarında artan rolu onun BMT daxilində də nüfuzunu yüksəldir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin təşkilat daxilindəki yüksək profilli qabiliyyəti Azərbaycana öz rəqiblərinə qarşı geniş meydan oxumaq potensiallarını artırmağa yardımçı olur. Yəni Pekinin portfelini qiymətli strateji məqsədlərlə doldurması Azərbaycanın xarici siyasət mənfəətlərindəki ideallara nail olmaq üçün əlavə istiqamətlər yaradır. Çünki Çinin geoiqtisadi maraqlarından başqa, geosiyasi prioritetlər naminə sülh platformalarındakı güclü iştirakı onun Cənubi Qafqazda da əməliyyat təcrübəsi qazanması üçün ideal yol təqdim edir. Əlbəttə ki, Azərbaycan üçün bu, məqbul alternativ variant deməkdir. 

Bakının xarici siyasət doktrinasını qlobal güc səviyyələrində Çin amili üzərində kökləməsi də belə deməyə əsas yaradır. Çin Azərbaycanın bu yanaşmasına və ona alternativ qüdrət kimi baxışına yüksək qiymət verir. Əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpinin şəxsi münasibətlərinin və təşəbbüslərinin rolu böyük olub. İlham Əliyevlə Si Cinpin ikitərəfli əlaqələri ifadə edərkən xoşməramlı və strateji qarşılıqlı maraqları səciyyələndirən bəyanatlar səsləndiriblər. 

Prezident İlham Əliyev deyib: “Azərbaycanla Çin arasında qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son dərəcə vacib və tarixi məqamdır”. 

Çin lideri Si Cinpin bildirib: “İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”. 

Strateji əlaqələr müstəvisini formalaşdıran başqa fakt Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmasıdır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) işə düşməsi və bunun perspektivləri də Çin-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindəki inkişaflarına təkan verəcək.

ABŞ-Çin “müharibəsi” 

ABŞ Çinin təkcə alternativ geosiyasi təsirlər yaratmasına qarşı deyil, həm də Pekinin texnologiya bazarlarındakı inkişafına maneə yaratmaq öhdəliyini açıq göstərir. Başadüşüləndir ki, Çin qlobal güc kimi əlində olan imkanları əzələ nümayiş etdirmək və rəqiblərini öz üstünlükləri ilə hesablaşmağa məcbur etmək üçün koordinasiya edir. Çünki dünya təkcə ABŞ-dən ibarət deyil və birqütblü dünya nizamı buna görə də Çinin imkanları ilə format edilir. İki nəhəngin maraqları Hind-Sakit Okean regionunda parlaq şəkildə toqquşur və tərəflər bir-birilərinə qarşı çoxaspektli kəşfiyyat həmlələrini işə salırlar. Pekinin müdafiə mexanizmi yaratması onun Tayvanla əlaqədar siyasətini də ifadə edir. Çünki ABŞ sözdə “Vahid Çin” prinsipini dəstəkləsə də, Tayvanı faktiki olaraq Çinin ərazi suverenliyindən ayırmaq cəhdlərinə baş vurur. 

“Vahid Çin” prinsipinə səmimi dəstək

ABŞ-nin Çini bu məsələdə sıxışdırması, təbii ki, Pekini alternativ müttəfiq arayışlarına məcbur edir. Çinin Azərbaycanla yüksələn əlaqələrinə bir də bu prizmadan baxmaq lazımdır, çünki: 

- Çin Azərbaycan üzərindən Cənubi Qafqazda möhkəmlənib ABŞ-nin mövqelərini laxlatmaq imkanları qazanır, 

- Çinin Mərkəzi Asiyadakı prioritetləri Türk Dövlətləri Təşkilatının məqsədləri ilə uyğunluq təşkil etdiyindən Azərbaycan Pekin faktorunu bu regiondan da kənarda saxlamır. 

Azərbaycanın “Vahid Çin” prinsipinə səmimi dəstəyi Pekinin regionda əhəmiyyətli dərəcədə böyümüş strategiyası üçün əlavə cığırlar açmağa hesablanıb. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər