• bazar, 16 Iyun, 03:16
  • Baku Bakı 25°C

Təxribatçıları himayə edən sülhməramsız kontingent - VİDEO

24.03.23 20:54 949
Təxribatçıları himayə edən sülhməramsız kontingent - VİDEO

Bu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.

Azərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülə vəziyyətin dəyişmədiyini, “sülhməramlıların” öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.

Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevriləcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını “sülhməramlı” qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür. (Report)

banner

Oxşar Xəbərlər