• çərşənbə axşamı, 03 dekabr, 16:24
  • Baku Bakı 8°C

Sosialyönümlü xərclər dinamik olaraq artır

30.11.24 00:07 358
Sosialyönümlü xərclər dinamik olaraq artır

Vüqar Bayramov: “2025-ci ildə Azərbaycanın 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq. Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur”.

Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı ən çox toxunulan mövzulardan biri də sosial sahədə həyata keçirilən islahatlar və xərclərlə bağlı oldu. Bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasında da qaldırılıb. 

Millət vəkili Vüqar Bayramov plenar iclasda çıxışı zamanı bildirib ki, sosial təminatın daha da gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.

2025-ci il üçün 16 milyard 909 milyon manat

Millət vəkilinin sözlərinə görə, bu, özünü dövlət büdcəsinin sosialyönümlü xərclərinin dinamik olaraq artmasında da göstərir: "Belə ki, Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon manat və nəhayət, 2025-ci il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, sosialyönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda, 2021-c illə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstəricini nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək".

Ermənistanın ümumi büdcəsindən 67 faiz çox

V.Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlarla formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur.

banner

Oxşar Xəbərlər