• çərşənbə, 24 Iyul, 14:14
  • Baku Bakı 31°C

Separatçılar təslim oldular, Yevlaxda görüş keçiriləcək

20.09.23 13:51 3057
Separatçılar təslim oldular, Yevlaxda görüş keçiriləcək

Sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək", - açıqlamada qeyd olunub.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Bu barədə isə, Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

banner

Oxşar Xəbərlər