• şənbə, 27 Iyul, 10:07
  • Baku Bakı 26°C

Səmərəli və konstruktiv əməkdaşlıq nümunəsi

18.05.24 05:03 2442
Səmərəli və konstruktiv əməkdaşlıq nümunəsi

Azərbaycanla Çinin ikitərəfli münasibətləri qarşılıqlı anlaşma və dəstək prinsiplərinə söykənən ali səviyyəli bir mərama malikdir. İki ölkə bir-birilərinə dost simalarını təqdim edərək qarşılıqlı dəstək mexanizmlərini yeni nizama uyğun şəkildə formatlayırlar.

Mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasəti üzrə Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevin qəbulunda olub. 

Müzakirələrin atmosferi Azərbaycanla Çin arasındakı münasibətlərin rəng və xarakterinin olduqca müsbət olduğunu və gələcəyə doğru birgə hədəflər kontekstini göstərir. 

Əliyevlə Cinpinin görüşləri 

Görüşdə Prezident İlham Əliyev Çin Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırladıb. 

Elə bu məqamda Prezident İlham Əliyevin Çinə səfərləri, ikitərəfli formatda və digər tədbirlərdə Si Cinpinlə görüşlərini xatırlatmaq yerinə düşər. 

İlham Əliyev Si Cinpinlə: 

- 2014-cü ilin 20 mayında Çində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısı çərçivəsində görüşüb, 
- 2015-ci ilin 10 dekabrında Pekində görüşü keçirilib, 
- 2019-cu ilin 24 aprelində yenidən Pekində müzakirələr aparıb. Bundan iki gün sonra, 26 aprel tarixində İlham Əliyev “Bir kəmər, bir yol” Forumunda nitq söyləyib, 
- 2022-ci ilin sentyabrın 15-də Səmərqənddə bir araya gələrək müzakirələr aparıb. 

Bunlardan başqa, liderlərin telefon söhbətləri və məktublarla bir-birilərini təbrikləri olub. Eyni zamanda, keçən müddət ərzində Çindən olan müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri gerçəkləşib. 

Səmərəli və konstruktiv əməkdaşlıq 

Göründüyü kimi, Azərbaycanla Çinin ikitərəfli münasibətləri qarşılıqlı anlaşma və dəstək prinsiplərinə söykənən ali səviyyəli bir mərama malikdir. Bu münasibətləri daha dərin laylarda analiz etsək, belə fikir yürütməyə əsas yaranır ki, Bakı ilə Pekinin yaxınlaşması qlobal geosiyasi xarabalıqlar arasında səmərəli və konstruktiv əməkdaşlıq arayışlarını özündə ehtiva edir. 

Təbii ki, Çinin son bir neçə ildə yeni zirvələri fəth etməyə qadir olan geoiqtisadi və geosiyasi rıçaqlar toplaması, ağıllı strategiya əsasında rəqibləri qarşısındakı duruşu Bakının diqqət mərkəzinə düşür. 

Ona görədir ki, Bakı Pekinlə münasibətlərinin aldadıcı bir görünüş olmadığını nümayiş etdirərək Çinin strateji portfelinə qiymət verdiyini gizlətmir. Çünki Çin artıq qlobal səhnədə Qərblə Rusiya arasında şiddətlənən və az qala açıq müharibə fazasına keçə biləcək hədlər fonunda özünü alternativ bir güc kimi yetişdirib. Çin özünün çoxqütblü dünya nizamı idealını uğurla həyata keçirir. Azərbaycan isə sürətlə dəyişən dünyanın yeni geosiyasi nizamını təhlil edərək orada Çinin yerini əhəmiyyətli və zəruri nöqtələrdə görür. Söz yox ki, Çin də Azərbaycanın yüksəkprofilli strateji portfelə malik olduğunu başa düşərək Bakı ilə əlaqələrdəki şkalanın yuxarıya qalxmasını hədəfləyir. Beləliklə, Azərbaycanla Çin bir-birilərinə dost simalarını təqdim edərək qarşılıqlı dəstək mexanizmlərini yeni nizama uyğun şəkildə formatlayırlar. 

Keyfiyyətcə yeni müstəvi

Demək yerinə düşər ki, Prezident İlham Əliyevin Çindən gələn nümayəndə heyəti ilə görüşü Bakı ilə Pekinin yeni dünya nizamını təsvir edən ortaq baxışlara yanaşmasını da aktual edir. Bu aktuallığın dərəcəsi kifayət qədər yüksək görünür. Buna görə ki, İlham Əliyevlə görüş zamanı Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafı Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatması fonunda qiymətləndirilib. 

Mütləq şəkildə qeyd edilməlidir ki, regional və bəşəri siyasi sistemdə yeni geosiyasi ittifaqlar qlobal ticarət modellərin formatlanmasını formalaşdırılır. 

Müzakirə əsnasında “Bir kəmər, bir yol” layihəsi, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı, COP29 tədbiri ilə əlaqədar fikir mübadiləsinin aparılması iki dövlətin perspektivlə əlaqədar müştərək vizyonunu ortaya qoyur. Çinin Bakıda keçiriləcək COP29 tədbirinə dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. 

Ticari rəqəmlər və “Zəngəzur”

Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli şəkildə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə bir milyard 300 milyon dollar, 2018-ci ildə bir milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə 2,2 milyard dollar, 2023-cü ildə isə 3,1 milyard dollar təşkil edib. Son doqquz ildə mal mübadiləsi altı dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşı arasında dördüncü yerdə qərarlaşır. İdxalda isə üçüncü yeri tutur. Çin Azərbaycanda potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1,5 milyard dollara qədər sərmayə yatırıldığı bildirilir. Öz növbəsində, Azərbaycan Çinə çoxhəcmli investisiya qoyuluşlarında pay sahibidir. Bu investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Şübhəsiz ki, Çin Cənubi Qafqazda Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinin reallaşmasını özünün yeni dünya düzənindəki yerini möhkəmləndirə biləcək alternativ formul kimi nəzərdən keçirir. Bu mənada Bakı-Pekin əlaqələrinin arealının daha da genişlənəcəyi şübhə doğurmur. 

Ərazi bütövlüyünə qarşılıqlı dəstək

Nəticə olaraq, İlham Əliyevlə Şen Yueyuenin müzakirələri böyük tabloda Bakı-Pekin əlaqələrinin dinamikasını əks etdirir. Bu dinamikanı saxlamaq və irəliyə aparmaq üçün Azərbaycan və Çin liderlərinin yeni görüşünün keçirilməsi üçün hazırlıqlar masadadır. 
İki dövlətin bir-birilərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətləri isə Tayvan mövzusunda qızışan emosiyalarda Azərbaycanın Pekinə dəstəyini gücləndirir. Bu həm də Çinin də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi beynəlxalq platformalarda Azərbaycana dəstəyini əsirgəməyəcəyi mənzərəsini canlandırır. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər