• cümə, 29 Mart, 12:22
  • Baku Bakı 14°C

Rusiya sülhməramlılarının yarıtmaz fəaliyyəti – ŞƏRH

25.03.23 19:15 505
Rusiya sülhməramlılarının yarıtmaz fəaliyyəti – ŞƏRH

Müdafiə Nazirliyinin martın 24-nə olan məlumatına əsasən Rusiya sülhməramlı kontingentinə məxsus bir ədəd BTR-82A döyüş maşını növbəti dəfə Ermənistana məxsus üç ədəd “KamAZ”a məxsus kölgəlik və yanacaq çəni olan “KamAZ” markalı avtomobili Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşıma həyata keçirərkən müşayiət edib.

Təəssüflə qeyd etmək lazımdır ki, bu hal birinci dəfə deyil və artıq davamlı və sistemli xarakter almağa başlayıb. Heç şübhəsiz, Rusiya sülhməramlı kontingentinin həyata keçirdiyi bu cür qeyri-qanuni fəaliyyət üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı öz vəzifələrini yerinə yetirmədiyini bir daha təsdiqləyir.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

Onun sözlərinə görə, sülhməramlı kontingentin öz vəzifə və öhdəliklərinə zidd olaraq canlı qüvvə, sursat, mina, habelə digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməsi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni birləşmələrinin sərbəst hərəkətinə şərait yaratması kobud cinayət olmaqla yanaşı, əldə edilmiş razılaşmaların kobud pozulmasıdır. Belə qanunsuz hallar dərhal dayandırılmalıdır.

“Eyni zamanda, mütəmadi olaraq həyata keçirilən belə qanunsuz fəaliyyətlər Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun sonunda ən qısa vaxtda Azərbaycan sərhəd-keçid məntəqəsinin və nəzarət məntəqəsinin yaradılmasının zəruriliyini bir daha göstərir. Qeyd etmək lazımdır ki, bu, həm də Azərbaycan-Rusiya münasibətlərinə, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təşəbbüslərə xələl gətirən addımdır. Azərbaycan bu barədə dəfələrlə sülhməramlı kontingentə və Ermənistana xəbərdarlıq edib.

Sülhməramlı kontingentin bu cür addımları Azərbaycan xalqında da ciddi narazılıq və ikrah doğurur. Sülhməramlı kontingentin bölgəyə gəlməsində məqsəd regionda gərginliyi artırmaq və yeni münaqişələrə zəmin yaratmaq deyil. Onlar gərginliyin artırılmasına, yeni münaqişələrin yaranmasına deyil, bölgəyə sülhün gəlməsinə çalışmalıdırlar”, - deyə C.Məmmədov qeyd edib.

Deputat bildirib ki, baş verənlər Rusiya sülhməramlılarının öz işinin öhdəsindən gəlmədiyini göstərməklə yanaşı, ən qısa vaxtda onların bölgədən çıxarılmasını zəruri edir. Bu cür addımlar, eyni zamanda, Azərbaycanı yeni antiterror əməliyyatları keçirməyə təhrik edir. Həm Rusiya, həm də Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanın bu cür təxribatlara uzunmüddətli dözüm nümayiş etdirmək fikri yoxdur.

“Bizim əlavə 30 il də gözləmək niyyətimiz və planımız yoxdur. Azərbaycanın bölgənin gələcəyi ilə bağlı çox ciddi vizionu və planları var. Qarşıya qoyulan məqsədlərin, vəzifələrin həyata keçirilməsinin qarşısını heç kim ala bilməz”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

banner

Oxşar Xəbərlər