• cümə, 26 Aprel, 02:43
  • Baku Bakı 16°C

Rasmussen erməni lobbisinin çirkli pullarının ümidinə qalıb

18.03.23 14:30 582
Rasmussen erməni lobbisinin çirkli pullarının ümidinə qalıb

Avropa Parlamentinin korrupsiya qalmaqalı böyüyür. Bu fonda Qərbdəki erməni diasporu yeni taktiki fəaliyyət planları hazırlayıb. Onlar vəzifədən azad edilən keçmiş siyasi simaları Azərbaycan və Türkiyə əleyhinə koordinasiya etməklə yeni qazanc yerləri formalaşdırmağa çalışırlar. Eva Kayli hadisəsindən sonra açıq-aşkar gördük ki, Qərb imperializminin liberal demokratiya oyunu, əslində, “cibdoldurma” əməliyyatından başqa bir şey deyilmiş. Əsas hədəf böyük maliyyə imkanları toplamaq və siyasi prosesləri vasitə kimi istifadə etməkdir. Torpaqlarımızın işğalı amilinə göz yumanlar indi də bizim qlobal siyasi oyunçu kimliyimizi həzm edə bilmirlər. Bu prosesə əngəl olmaq üçün bütün ağlasığmaz dezinformasiya formaları işə salınıb. Xüsusilə Azərbaycanda dünya səviyyəli tədbirlərin həyata keçirilməsi, dövlətimizin başçısının çoxsaylı xarici səfərləri fonunda aciz qalan Ermənistan Rasmussen timsalında insanları İrəvana gətirərək oradan ölkəmizə “daş atdırır”.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Onun sözlərinə görə, siyasi korrupsiya indi Ermənistanın havadarlarının əsas istinad nöqtəsidir. NATO-nun keçmiş rəhbərinin heç bir səbəb olmadan Ermənistana səfər etməsi bu fonda xeyli diqqət çəkir. Rasmussenin səfərinin arxasında Boqosyan ailəsi, yaxud digər erməni lobbist maqnatları dayanır. Faciə odur ki, NATO rəhbəri olarkən təşkilatın nüfuzunu darmadağın edən, Rusiya-Ukrayna müharibəsində mənfi bir obraz qazanan birinin indi Azərbaycana “ağıl öyrətməyə” çalışmasını müşahidə edirik. Rasmussenin Ermənistana səfərinin maliyyə mənbəyi də kifayət qədər qaranlıqdır və açıqlanmır. Ermənistanda Aİ missiyası adı altında Qərb casus şəbəkəsinin fəaliyyətə başlaması ilə paralel olaraq Rasmussenin səfərinin təşkili və Azərbaycan əleyhinə danışdırılması təsadüf ola bilməz.

Ekspert bildirib ki, Ermənistan fəal “konyak diplomatiyası”na bel bağlayıb. Rasmussen Ermənistan tərəfindən PR nümayəndə müəyyən olunub, ona böyük həcmdə pullar ödənilib və hətta Ermənistanda eyş-işrət məclisləri də təşkil edilir. Rasmussenin bu addımları həm də ənənəvi Norveç ədalətsizliyini göstərmiş olur. Ümidi erməni lobbisinin çirkli pullarına qalan bir şəxsin NATO-dakı fəaliyyət dövrü də mütləq şəkildə təftiş edilməlidir. Bu zaman daha böyük korrupsiya fəaliyyətləri ortaya çıxacaq.

"Rasmussen erməni lobbisinin “cibindədir”. Onun pula satılması NATO-ya, vaxtilə daşıdığı vəzifəyə hörmətsizlikdir. Bu, eyni zamanda, Alyansın daxilində siyasi ədalətsizliyin ifşa edilməsi deməkdir və NATO ilə əməkdaşlıq perspektivlərini də sarsıdır.

Rasmussenin NATO missiyası ilə bağlı Ermənistanla danışıqlar aparması həm də Ermənistanın KTMT-dən çıxmasını sürətləndirəcək. Bu proses isə Ermənistan-Rusiya münasibətlərini daha da dalana dirəmiş olacaq",- deyə T.İsmayılov vurğulayıb.

banner

Oxşar Xəbərlər