• bazar, 13 Oktyabr, 11:31
  • Baku Bakı 18°C

Qarşıda duran başlıca vəzifələr - TƏHLİL

28.09.24 05:59 1441
Qarşıda duran başlıca vəzifələr - TƏHLİL

Prezident İlham Əliyev yeni seçilmiş parlamentin ilk iclasındakı çıxışında Azərbaycanın qarşısında duran vəzifələri bir daha gündəmə gətirdi. Qeyd etdi ki, ölkəmiz daha da güclənməli, gənclər vətənpərvərlik ruhunda yetişdirilməli, əhalinin sosial rifahı yaxşılaşdırılmalıdır. 

Milli Məclis növbədənkənar seçkilərdən sonra yeni tərkibdə ilk iclasını keçirtdi. Tədbirdə iştirak edən Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, bu dəfə də qanunverici orqandakı çıxışında müstəqil və suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında dayanan başlıca hədəfləri və vəzifələri açıqladı.    

Hərbi gücün artırılması

Dövlət başçısının müəyyənləşdirdiyi başlıca vəzifələrdən biri Azərbaycanın hərbi gücünün artırılmasıdır. "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik", - Prezident deyib. 

Həqiqətən də bölgəmizdə və ətrafımızda cərəyan edən proseslərə, hadisələrə nəzər saldıqda bu vəzifənin nə dərəcədə əhəmiyyət kəsb etdiyinin bir daha şahidi oluruq. Hələ də Azərbaycanla Ermənistan arasında bölgədə sabitliyin təminatçısı ola biləcək sülh sazişi imzalanmayıb. Ermənistan qanunvericiliyində ölkəmizə qarşı ərazi iddiaları qalır. İrəvan sürətli şəkildə silahlandırılır. Ermənistanda separatçı rejimin qalıqlarının sərbəst fəaliyyətinə şərait yaradılaraq revanşizm ruhunun yenidən canlandırılması siyasəti aparılır. Təbii ki, bu təhlükənin aradan qaldırılması üçün güclü orduya malik olmaq gərəkdir. 

"İstənilən cavabı verməyə hazırıq"

Bəs ölkəmiz bu istiqamətdə hansı addımları atır? Bu sualın cavabını da Ali Baş Komandan parlamentdəki çıxışında qismən də olsa açıqladı. Bildirdi ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ötən müddət ərzində yeni silahlı birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi artırılıb: "Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".

Bu günlərdə Bakıda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi hərbi qüdrətimizi bir daha dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Yerli hərbi sənayenin inkişafında başlıca məqsəd həm xarici asılılığı azaltmaq, həm də dünya silah bazarında layiqli yeri tutmaqdır. 

Azərbaycan həmçinin hərbi hava gücünün də artırılması istiqamətində əməli addımlar atmaqdadır. Belə ki, bu günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Savadlı və vətənpərvər gənclik

Hərbi qüdrətimizin artırılması sərhədlərdə təhlükəsizliyin tam təminindən və ideoloji təhlükəsizlikdən başlayır desək, yanılmarıq. Dövlət başçısının da müəyyənləşdirdiyi vəzifələr arasında bu iki istiqamət xüsusi diqqət tələb edir. Gənc nəslin milli maraqlarımızı təhdid edən hansısa xarici qüvvələrin ideoloji təsirinə düşməməsi və bu təhdidi yaradan çağırışların qarşısının vaxtında alınması güclü və peşəkar, vətənpərvərlik ruhunda böyüyən hərbi kadrların hazırlanması deməkdir. Ali Baş Komandanın da vurğuladığı kimi, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. 

Azad edilən ərazilərin bərpası

Söz yox ki, bu gün Azərbaycan dövləti qarşısında dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz yurdlarına layiqli qayıdışının təminidir. Bu məqsədlə son dörd ildə mühüm işlər görülüb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sözügedən istiqamətdə müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır: "Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır".

Milyonları sevindirəcək xəbər

Dövlətimiz qarşısında dayanan digər mühüm vəzifə insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Prezident bu istiqamətdə də vətəndaşları sevindirəcək qərarların anonsunu verdi. Qeyd etdi ki, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb: “Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır".

Göründüyü kimi, müstəqil və suverenliyini tam bərpa etmiş Azərbaycan qarşısına qoyduğu vəzifələri ardıcıl şəkildə yerinə yetirir. Buna həm iqtisadi gücümüz, həm də siyasi iradəmiz var. Müəyyənləşdirilən yolda hədəflərə doğru atdığımız addımlar sağlam bünövrəyə, güclü siyasi iradəyə və müstəqil siyasətə əsaslanır. Müasir Azərbaycanın reallığı da məhz budur.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər