• cümə, 19 Aprel, 02:17
  • Baku Bakı 18°C

“Qarabağ erməniləri öz gələcəklərini sual altına salırlar” - TƏHLİL

28.03.23 23:21 625
“Qarabağ erməniləri öz gələcəklərini sual altına salırlar” - TƏHLİL

“Ermənilərin Bakıya dəvət edilməsi onlara bərabərhüquqlu vətəndaş kimi yanaşmanın nümunəsidir”.

Bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Qarabağdakı ermənilərin Bakıda görüşün keçirilməsi təklifindən imtina etməsi özlərinin gələcəyini sual altına salır:

“Çünki onların yaşadığı ərazi Azərbaycan ərazisidir və ümid etdikləri “öz müqəddəratını təyinetmə” məsələsi birmənalı şəkildə gündəmdən çıxıb. Əgər 44 günlük müharibəyə qədər bu haqda müzakirə aparmaq mümkün idisə, münaqişənin müharibə yolu ilə həlli bu məsələni sıradan çıxarıb. İndi yeganə müzakirə mövzusu ermənilərin Azərbaycana reinteqrasiyasıdır və bu gündəlik beynəlxalq səviyyədə qəbul olunur”.

Azərbaycanın ermənilərə artıq ikinci dəfə Bakıda görüşməyi təklif etdiyini deyən siyasi şərhçi bildirib ki, bu təklifin edilməsi Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş gündəliyə uyğun konstruktiv mövqe sərgiləməsinin nümayişidir:

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanda bütün etnik qruplar bərabərhüquqlu vətəndaşdır və eyni münasibət ermənilərə də göstəriləcək. Bununla yanaşı, rəsmi Bakı görüşdə reinteqrasiya ilə yanaşı, ermənilərin yaşadığı ərazilərdə infrastruktur məsələlərini də müzakirə etmək istəyir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə infrastrukturun bərbad vəziyyətdə olduğu sirr deyil, ermənilər hələ də sovet dövründən qalan infrastrukturdan istifadə edirlər. Azərbaycan istəyir ki, öz ərazisindəki infrastrukturu yenidən bərpa etsin və vətəndaşı olaraq qəbul etdiyi ermənilərə daha normal həyat bəxş etsin. Görüşün Bakıda keçirilməsi və müzakirə ediləcək məsələlərlə bağlı təklif Azərbaycanın konstruktiv mövqeyindən qaynaqlanır”.

“Rəsmi Bakı eyni mövqeyi Ermənistanla münasibətlərin normallaşmasında da sərgiləyir. İrəvana sülh müqaviləsi ilə bağlı konkret təkliflər göndərilib. Təbii ki, Qarabağdakı ermənilərlə təmasların Ermənistanla münasibətlərə heç bir aidiyyəti yoxdur, çünki Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlər daxili məsələmizdir. Prezident İlham Əliyev Münhendə bəyan etdi ki, iki proses paralel şəkildə həyata keçirilməlidir: biri Ermənistanla sülh müqaviləsi, digəri Qarabağdakı ermənilərlə birbaşa təmasların qurulması. Azərbaycan bir-birindən ayrı olan hər iki məsələ istiqamətində səy göstərir, Ermənistanla münasibətlərin normallaşmasına və Qarabağdakı ermənilərlə təmasların qurulmasına çalışır”-, o qeyd edib.

Ekspert qeyd edib ki, nə Ermənistan, nə də Qarabağdakı ermənilər Bakının konstruktiv mövqeyinə adekvat münasibət göstərmir:

“Ermənilərin Bakıda görüşün keçirilməsi ilə bağlı ikinci təklifi də cavabsız qoyması o deməkdir ki, onlar mövcud vəziyyətdən nəticə çıxarmayıblar.

Hazırda ermənilərin yaşadığı ərazilərimiz siyasi, infrastruktur və hərbi baxımdan Azərbaycanın nəzarətindədir. Beynəlxalq gündəlik ermənilərin Bakı ilə təmaslar qurmasından, reinteqrasiya prosesindən ibarətdir. Ermənilərin xarici aləmə çıxışı da Azərbaycanın nəzarətindədir. Ordumuz son əməliyyatı zamanı onların silah-sursat daşımaq məqsədilə istifadə etdiyi yollar da nəzarətə götürdü. Təxribatlara qarşı atılan praktiki addımlar göstərdi ki, Qarabağda Azərbaycan suverenliyinə qarşı istənilən təhdid ordumuz tərəfindən aradan qaldırılacaq. Ermənilərin indiyə qədər bel bağladığı Ermənistan, eləcə də Rusiya sülhməramlıları artıq Azərbaycana qarşı praktiki olaraq heç nə edə bilmir”.

A.Nərimanlı vurğulayıb ki, bütün bunlar ermənilərin yeganə çıxış yolunun konstruktiv təmasların davam etdirilməsi, Azərbaycana inteqrasiya prosesini qəbul etməli olduqlarını göstərir:

“Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, bu vəziyyətlə razılaşmalı, əks təqdirdə Azərbaycan ərazilərini tərk etməlidirlər. Hansı ki, bu məsələ Prezident İlham Əliyev səviyyəsində bəyan edilib və sözügedən vəziyyətin alternativi yoxdur”. (Report)

banner

Oxşar Xəbərlər