• çərşənbə axşamı, 23 aprel, 15:55
  • Baku Bakı 24°C

“Qarabağ”dan “Braqa”ya futbol dərsi

17.02.24 00:45 3457
“Qarabağ”dan “Braqa”ya futbol dərsi

Təmsilçimiz azarkeşlərini sevindirməkdə, tarix yazmaqda davam edir. Ağdamlılar bu dəfə UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə oyunda dünya futbol ictimaiyyətini təəccübləndirən nəticəyə imza atıblar.

Azərbaycan futbolunun baş tacı “Qarabağ” azarkeşlərini sevindirməkdə, tarix yazmaqda davam edir. Ağdamlılar bu dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dünya futbol ictimaiyyətini təəccübləndirən nəticəyə imza atıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olub.

Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/16 mərhələsinə yüksələn Azərbaycan təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb. “Köhlən atlar”ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.

Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (penalti) fərqləniblər.
Təkcə nəticə deyil, komandanın göstərdiyi oyun da göz oxşayıb. “Qarabağ” oyun ərzində xeyli sayda qol epizodu yaradıb. Hətta oyunun son dəqiqələrində gənc hücumçu Nəriman Axundzadə qapıçı ilə təkbətək çıxsa da, şansından yararlana bilməyib. 

Qurban Qurbanovdan təvazökar açıqlamalar

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həmişə olduğu kimi, təvazökar açıqlamalar verib. O, rəqibin kifayət qədər ciddi komanda olduğunu vurğulayıb, Bakıda keçiriləcək cavab qarşılaşmasının daha çətin keçəcəyini bildirib. “Braqa" sürətli futbolçuları olan komandadır. Matç bizim xeyrimizə başa çatdı. Amma bu hələ ilk hissədir", - deyə mütəxəssis vurğulayıb. O əlavə edib ki, “Braqa” kimi komandalar belə turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər: “Ona görə də biz arxayınlaşmamalıyıq, cavab oyununda daha ciddi olmalıyıq".

Qurban Qurbanov qələbəyə baxmayaraq, hər iki komandanın mərhələ adlamaq şanslarının bərabər olduğunu da söyləyib: "Məncə, şanslar 50/50-yədir. Belə turnirlərdə çox dəyişikliklər görmüşük. Daha soyuqqanlı olmalıyıq. Oyuna düzgün yanaşmağı fikirləşməliyik. Cütün taleyi həll olunub deyə düşünməməliyik. Bu, futbolçulara əks-təsir göstərə bilər. Qarşımızda "Braqa" var. Onların çox güclü futbolçuları var. Cütün taleyi Bakıda həll olunacaq". 

Artur Jorje: “Narazılıq, məyusluq, hətta kədər hiss edirəm”

"Braqa"nın baş məşqçisi Artur Jorje isə məğlubiyyətin komandası üçün çox ağır olduğunu söyləyib: “Əslində bunu izah etmək çox çətindir. Ağır bir məğlubiyyətdir. Bir araya gəlməliyik, qopmamalıyıq. Uduzduq və ümumi hesabda geridəyik. Lakin gələn həftənin cümə axşamı günü cavab oyunu var. Biz buna psixoloji cəhətdən hazırlaşmalıyıq. Mərhələ adlamaq üçün səfərdə 3:0 hesabı ilə qalib gəlmək lazım olacaq. Bu, çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”.

Artur Jorje azarkeşlərin narazılığına da toxunub: "Biz də bu barədə düşünməliyik. Azarkeşlərin bu gün Braqada baş verənlərə qəzəbləndiyini gördük. Üsyan ilk növbədə baş məşqçiyə qarşı olur. Çünki bu məqamlarda məsuliyyət daşıyan məşqçidir. Mən bunu başa düşürəm. Narazılıq, məyusluq, hətta kədər hiss edirəm. Yalnız söz verə bilərəm ki, biz daha çox çalışacağıq”.

Moutinyo: “Nə qələbəyə, nə də heç-heçəyə layiq idik”

“Braqa"nın uduzu Joao Moutinyo da məyusluğunu gizlətməyib. O, fərqli oyun göstərməyə çalışdıqlarını, nəticə əldə edə bilmədiklərini vurğulayıb. Portuqaliya millisinin sabiq üzvü bildirib ki, 2:4 hesablı məğlubiyyət işlərini çox çətinləşdirib: "Biz nə qələbəyə, nə də heç-heçəyə layiq idik. Cavab matçında gücümüzü 100 faiz ortaya qoymalıyıq. Bu, təkcə keyfiyyətlə bağlı deyil, həm də iradə və ruhla bağlıdır. Məqsəd varsa, ümid də var. Bunun öhdəsindən gəlmək üçün mən də daxil olmaqla, bütün komanda cavab matçına fərqli münasibət göstərməlidir”.

Abel Ruis: “Qarabağ” tank kimi üstümüzdən keçdi”

“Braqa”nın futbolçusu Abel Ruis də Azərbaycan klubunun gücünü etiraf edib: “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik. Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

Zubir həftənin ən yaxşısı seçildi 


“Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu seçilib. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşib. 

Fransalı yarımmüdafiəçi səsvermədə Türkiyə “Qalatasaray”ından Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Abdullah Zubir “Braqa”nı 4:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

banner

Oxşar Xəbərlər