• çərşənbə axşamı, 25 iyun, 16:42
  • Baku Bakı 29°C

51 oyunluq futbol bayramı

08.06.24 04:12 1632
51 oyunluq futbol bayramı

İyunun 14-də sayca 17-ci Avropa çempionatı start götürəcək. Yarışa Almaniya ev sahibliyi edəcək. Üçüncü dəfə qitənin ən güclü yığmalarına qucaq açacaq almanlar çempionatı 10 şəhərdə təşkil edəcəklər.

“Köhnə qitə”də bir ay davam edəcək futbol bayramına sayılı günlər qalır. İyunun 14-də sayca 17-ci Avropa çempionatı start götürəcək. Yarışa Almaniya ev sahibliyi edəcək. Üçüncü dəfə qitənin ən güclü yığmalarına qucaq açacaq almanlar çempionatı 10 şəhərdə təşkil edəcəklər. Bunlardan 9-u - Berlin, Dortmund, Münhen, Köln, Ştutqart, Hamburq, Leypsiq, Frankfurt və Gelzenkirxendəki stadionlar 2006-cı ildə dünya çempionatına da ev sahibliyi ediblər. Bu dəfə onlara Düsseldorf qoşulub. Turnirin açılış matçı Almaniya və Şotlandiya arasında keçiriləcək. Avropa çempionatının rəsmi topu isə “Footballliebe” adlanır. Bu isə alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verir.

İştirakçılar və turnirin formatı

Avropa çempionatında qitənin ən güclü 24 kollektivi mübarizə aparacaq. İştirakçıların Qərbi və Şərqi Avropa üzrə bölünməsi bərabərdir. 12 yığma qitənin şərqini, digər 12-si qərbini təmsil edir. İştirakçılar arasında bir debütant var. Bu, Gürcüstan yığmasıdır. Qonşu ölkənin komandası Millətlər Liqasındakı uğurlu çıxışı ilə Avropa çempionatına yollanmaq hüququ qazanıb. 20 il əvvəl sürpriz nəticə ilə Avropanın ən güclüsü adını qazanan Yunanıstan və heyətində ulduz futbolçuları olan Norveç turnirdən kənar qalıblar.

24 komanda hərəsində dörd kollektiv olmaqla altı qrupa bölünüblər. Hər qrupda bütün komandalar bir-biri ilə oynadıqdan sonra ilk iki pilləni tutacaq yığmalar növbəti mərhələyə yüksələcəklər. Qrup üçüncüləri arasında daha yaxşı nəticə göstərən dörd kollektiv də qrupdan çıxacaq.

Avropa çempionatının qrupları aşağıdakı kimi bölünüb:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Əsas favoritlər

Turnir Almaniyada keçirildiyindən ev sahibi yığma turnirin qalibi olmağa əsas iddiaçılardandır. Lakin əksər mütəxəssislər üçqat Avropa çempionlarının əvvəlki qüdrətə sahib olmadığı düşüncəsində həmfikirdirlər. İstənilən halda, doğma divarların bu işdə onlara kifayət qədər kömək olacağına şübhə yoxdur. Turniri qazanmağa əsas iddiaçılar Fransa və İngiltərə yığmaları hesab olunur. Fransızlar son dünya, ingilislər isə Avropa çempionatının finalçısıdırlar. Hər iki komandanın heyəti ulduzlarla zəngindir. Mütəxəssislər hesab edirlər ki, finala qədər yolları kəsişməsə, həlledici qarşılaşmada məhz bu iki yığma üz-üzə gələcəklər. Nə Fransa, nə də İngiltərə millisinin heyətində hansısa mövqe üzrə axsaqlıq tapmaq mümkündür.

Son Avropa çempionu İtaliya isə əvvəlki əzəmətindən uzaqdır. Roberto Mançininin rəhbərliyi altında qitənin ən güclüsü adını qazanan italyanlar bu dəfə Luçano Spaletti ilə uğur əldə etməyə çalışacaqlar. Yığma Avropa çempionatına vəsiqəni çətinliklə son turda əldə edə bildi. Heyət əvvəlkindən zəifdir, xüsusilə hücum xəttində problemlər görünür. Üstəlik, İtaliya millisi çox ağır qrupa düşüb. Onları İspaniya və Xorvatiyaya qarşı ağır qarşılaşmalar gözləyir. Hansı ki, ispanların adı ümumən turnirin ən güclüləri arasında çəkilir. Düzdür, onlar Fransa və İngiltərə qədər əzəmətli heyətə malik deyillər, lakin irəli getmək üçün yaxşı resursları var. 

Türkiyə millisi üçün əla fürsət

Azərbaycanda çoxsaylı azarkeşləri olan, böyük turnirlərdə tərəfkeşlik etməyə alışdığımız Türkiyə millisi ortabab qrupa düşüb. Komanda Portuqaliya, Çexiya və Gürcüstanla mübarizədə mərhələ adlamağa çalışacaq. Qrupun favoriti portuqallar hesab edilir. Pireney təmsilçisi heyətinə görə ən güclülərdəndir. Onların hər mövqe üzrə ulduz futbolçuları var. Bu baxımdan Portuqaliyanı turnirin favoritləri sırasına da əlavə etmək olar. Türkiyə yığması üçün portuqallarla görüşdə bir xal da yaxşı nəticə hesab olunacaq. Lakin Çexiya və Gürcüstanla qarşılaşmalarda “ay-ulduzlular” favoritdirlər. Vinçentso Montellanın əlində istedadlı gənclər və təcrübəli oyunçulardan ibarət güclü heyət var. İtalyan mütəxəssisin gəlişindən sonra komandanın oyun keyfiyyəti də xeyli artıb. Türkiyə həm Çexiyanı, həm debütant Gürcüstanı məğlub etmək üçün hər şeyə sahibdir.

51 oyunluq Münhen – Berlin marafonu

Azarkeşlər bir ay ərzində 51 oyun izləmək imkanına sahib olacaqlar. Açılış matçı iyunun 14-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. İlk görüşdə ev sahibi Almaniya və Şotlandiya üz-üzə gələcəklər. Final matçı - 51-ci oyun isə iyulun 14-də Berlinin Olimpiya stadionunda keçiriləcək. Buna qədər turnirdə bir-birindən maraqlı qarşılaşmalar olacaq. Hələ qrup mərhələsində İspaniya - İtaliya, Danimarka - İngiltərə, Niderland - Fransa, Türkiyə - Portuqaliya, İspaniya - Xorvatiya, İtaliya - Xorvatiya kimi qarşılaşmalar azarkeşlərin zövqünü oxşayacaqlar.

banner

Oxşar Xəbərlər