• bazar, 13 Oktyabr, 12:01
  • Baku Bakı 20°C

Prezidentdən jurnalistlərə möhtəşəm hədiyyə

22.07.13 09:38 10751
Prezidentdən jurnalistlərə möhtəşəm hədiyyə
Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhəri, Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimi keçirilib. Jurnalistlər öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Daha sonra jurnalistlər xüsusi avtobuslarla binanın yerləşdiyi əraziyə gətiriliblər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Dövlət başçısı jurnalistlər üçün tikilmiş mənzillərin istifadəyə verilməsinin ikiqat bayram olduğunu bildirib: “Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Şadam ki, bu sahədə də Azərbaycan öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir, ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu kimi evdə mənzil ala bilməzlər. Və mətbuat işçiləri ilə görüşlərin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl bina tikildi".
Dövlət başçısı çıxışında qeyd edib ki, bu binanın ətrafında gələcəkdə bir kompleks yaranacaq: "Binanın yerləşməsi də çox gözəldir. Buradan Dövlət Bayrağı Meydanına gözəl mənzərə açılır. Bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. "Bakı Art City", yəni incəsənət şəhərciyinin yaradılması nəzərdə tutulur, su idman sarayı tikilir. Yəni bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək. Mən əminəm ki, biz belə mərasimlərdə tez-tez sizinlə görüşəcəyik".
Prezident deyib ki, mənzil alanlar arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar var ki, bu da təbiidir: "Bu təşəbbüs və burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda bu sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə də hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit var, sağlam ab-hava var və əlbəttə ki, jurnalistlərin peşəkarlığı var. Onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlamlaşdırır. Azərbaycanda tam şəkildə söz azadlığı təmin edilib. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi ilə bağlı təşəbbüs demək olar ki, mətbuatın inkişafına tam təkan verdi. Çünki senzura olan ölkədə azad mətbuatdan söhbət gedə bilməz. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilmişdir. Yüzlərlə mətbu orqanlar fəaliyyət göstərir. Əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyib və bildiyiniz kimi, bu gün internet jurnalistikası da Azərbaycanda çox sürətlə inkişaf edir və Azərbaycanda internet tam azaddır. Hesab edirəm ki, bu təcrübə başqa ölkələrdə də tətbiq edilməlidir. Ölkədə internetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondunun xətti ilə genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirib çıxarılması icra ediləcəkdir və internet istifadəçilərinin sayı indi 70 faizdən çoxdur".
Prezident daha sonra deyib: "Belə olan halda, əlbəttə ki, biz əminliklə deyə bilərik ki, söz azadlığı Azərbaycanda maksimum dərəcədə təmin edilib. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcək. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır, söz azadlığı, sərbəst toplaşma azadlığı. Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulmuşdur. Jurnalistlərin bu mitinqləri işıqlandırması üçün problem olmaz, eyvandan izləyə biləcəklər".
Dövlət başçısı bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi bizim gücümüzü artırır: "Jurnalistlərin məsuliyyəti də əlbəttə, daima müzakirə mövzusudur. Xüsusilə, azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır və mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbət irəliləyişlər var. Jurnalistlər öz məsuliyyətlərini dərk edirlər, mətbuatda gedən təhqiramiz yazılara daha az-az rast gəlinir, bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə internet dövründə hər hansı yalan məlumatın ömrü uzun ola bilməz. Buna görə də hesab edirəm ki, jurnalistlərin məsuliyyəti gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Mətbuat Şurası daim bu məsələləri diqqət mərkəzində saxlayır. Hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, jurnalistlər də əlbəttə ki, bu məsuliyyəti daşımalıdırlar. Eyni zamanda, onların məsuliyyəti daha böyük olmalıdır. Jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız. Yeni təkliflər irəli sürürsünüz. Hesab edirəm ki, dövlət də bu məsələyə öz dəstəyini verə bilər".
İlham Əliyev daha sonra bildirib: "Əgər dövlət tərəfindən hansısa əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın və gənc peşəkar jurnalist kadrlarının hazırlanması Azərbaycanda daha sürətlə getsin. Hesab edirəm ki, jurnalistlərin vətənpərvər olması çox vacib bir məsələdir. Ümumilikdə deyə bilərəm ki, Azərbaycan jurnalistikası dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, hətta partiya maraqları ön plana çıxır. Əlbəttə ki, bu hallara yol vermək olmaz. Xüsusilə gənc, müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da düzgün olmalıdır".
Dövlət başçısı bildirib ki, bu gün müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir ki, taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir və Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur: “Ona görə də hesab edirəm ki, vətənpərvərlik mövzuları bizim mətbuatda daha geniş yer almalıdır, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Müstəqilliyin üstünlükləri, əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi vacibdir. Bizdən əvvəlki nəsillər bu arzularla yaşamışlar, ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, biz müstəqil və azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Və biz bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik sadəcə dövlət atributları deyil, müstəqil həyat, müstəqil siyasət, dövlət və milli maraqların qorunmasıdır".
İlham Əliyev vurğulayıb ki, bu gün internet kimi universal bir vasitə var: "Bundan daha geniş şəkildə istifadə etmək lazımdır. Çünki ictimai, milli, dini dözümlülük, iqtisadi islahatlar və xarici siyasət sahəsində Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər var, çatışmayan məsələlər var. Bunu biz də deyirik, jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olmalıdırlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədərdir və biz haqlı olaraq fəxr edirik ki, qısa müddətdə Azərbaycan müstəqil dövlət kimi formalaşdı, gücləndi, bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir, beynəlxalq aləmdə böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi və sosial problemlərin həllində bir çox ölkələr üçün nümunə ola bilir".
Prezident bildirib ki, dövlət öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, azad mətbuatın Azərbaycanda davam etməsində öz səylərini göstərəcək və beləliklə, mətbuat Azərbaycanda ən yüksək zirvələrə çatacaq: “Mən bir daha sizi bu hadisə münasibətilə təbrik edirəm və qeyd etmək istəyirəm ki, burada yaşayan jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur, ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlər hələ də var. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təklif irəli sürülüb ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram və bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq".
banner

Oxşar Xəbərlər