• bazar, 13 Oktyabr, 11:04
  • Baku Bakı 18°C

Ölümüzün öldüyünü təsdiqləmək çətinliyi - ARAŞDIRMA

14.01.23 03:30 11021
Ölümüzün öldüyünü təsdiqləmək çətinliyi - ARAŞDIRMA

Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşənlərin sayı artmaqdadır. İnsanlar problemi həll etmək üçün məhkəməyə üz tutmaq məcburiyyətində qalırlar. Bunun özü də kifayət qədər əlavə xərclərə gətirib çıxarır. Bəs dəfn pulunu almaqda insanlar üçün problem yaradan səbəblər nədir?

“Atamın ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Ailə həkimi dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda müalicə olunub və orda qeydiyyatda olub. Ancaq dedilər ki, məhkəməyə müraciət etməlisiniz. İndi mən atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, Təcili Tibbi Yardım xidməti də faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa niyə məhkəməyə üz tutmalıyam?” Bunu iqtisadçı Samir Əliyev sosial şəbəkədə yazmışdı.

Jurnalist Elman Cəfərli də eyni problemi yaşadıqlarını qeyd edir: “Bacımın həyat yoldaşı xəstə idi. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yaşayırlar. Ötən ilin aprelində bacımın həyat yoldaşının halı pisləşəndə ailə üzvləri təcili tibbi yardım çağırıblar. Təcili Tibbi Yardım xidmətinin həkimləri gəlib, müayinə ediblər, ölüm faktını qeydə alıblar. Amma “ölüm kağızı” deyilən sənədi verməyiblər. Deyiblər ki, Sahil qəsəbəsində yerləşən xəstəxanadan alın. Orada isə deyiblər ki, məhkəməyə müraciət edin. Dövlətin verdiyi dəfn pulunu ailə min bir zülmlə ala bildi”.

Ümumiyyətlə, ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün məhkəməyə üz tutanların sayı artıb. Tibbi şəhadətnamə olmadığı halda isə vətəndaşlar ölüm haqqında şəhadətnaməni əldə edə bilmirlər. Bu sənəd olmadıqda isə “dəfn pulu”nu (Dəfn üçün dövlət tərəfindən verilən birdəfəlik müavinət) vaxtında ala bilmirlər. Məhkəmə yolu ilə aldıqda isə, dövlətin verdiyi 350 manatlıq (2023-cü il yanvarın 1-dən 500 manat - red.) müavinəti də elə məhkəmə yolunda xərcləyirlər.

Ötən ilin sentyabr ayında vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin alınması qaydasının elektronlaşdırılması xəbərini oxuduq. Elektronlaşırsa, deməli, asanlaşır. Bəs bu gün niyə bu problem yaşanır?

Sənəd istəmək yada düşmür

Hüquqşünas Araz Nurməmmədov deyir ki, bu məsələ ilə bağlı məhkəmə mübahisələri kifayət qədər olur: “Daha çox mübahisəli məqam Təcili Tibbi Yardımdan sənəd alınmadığı halda olur. Tutaq ki, ölüm hadisəsi baş verir, Təcili Tibbi Yardım çağırıblar. Təcili Tibbi Yardım həmin şəxsə arayış verir ki, bu adam artıq ölüm anına çatıb. Ancaq Təcili Tibbi Yardım bunu o halda verir ki, həmin şəxslər ondan nə isə sənəd istəyirlər. Təbii ki, ölüm hadisəsi baş verən anda adamların sənəd heç yadlarına da düşmür. Üstündən müəyyən vaxt keçəndən sonra sənəd üçün müraciət edirlər, bu zaman Təcili Tibbi Yardım o faktı ortaya qoyub şəxsə arayış verə bilmir. Buna görə artıq iş məhkəməyə keçir. Dövlət Təcili Tibbi Yardım qarşısında bu kimi hallarda mütləq sənəd verilməsi ilə bağlı tələb qoysa, problem xeyli azalacaq”.

“...həkim arayış verməməkdə haqlıdır”

Hüquqşünas Ceyhun Cəfərli deyir ki, ölüm faktını qanunla müəyyən edilən qaydada təsdiq etmək mümkün olmadığı halda bu işə məhkəmədə baxılmalıdır: “Ucqar kənddə biri evdə vəfat edibsə, ölüm faktı səhiyyə orqanlarının, həkimlərin nəzarətindən kənarda baş veribsə, orada həkim ölüm faktını görməyibsə, ona həkim arayış verməməkdə haqlıdır. Bu halda da məhkəmə formasında həll edilir. Ancaq şəhərdə hər tərəfin tibb müəssisəsi olduğu yerdə bu problemin daha asan həll yolu ola bilər. Səhiyyədə qarşılıqlı əlaqə olarsa, bu məsələ daha asan həll olar. Vətəndaşlar məhkəməyə düşməzlər”.

“Poliklinikanın sizdən xəbəri yoxdur”

Ekspert İlqar Hüseynli deyir ki, burda məsələnin üzərinə vaxtında düşülməməsi problem yaradan məqamdır: “Dünyadan köçən hər bir insanın ölüm səbəbi ilə bağlı həkimin rəyi - ölüm haqqında tibbi arayış mütləq olmalıdır. Bununla bağlı məlumatlı olmaq və o rəyi vaxtında almaq lazımdır. Bizdə çox vaxt belə olur ki, əksəriyyət yas mərasimini yola verdikdən xeyli sonra bu barədə düşünür. Tutaq ki, uzun sürən xəstəlikdən sonra evdə vəfat edib. Yaxınlıqdakı poliklinikada qeydiyyatı yoxdur, həkimlər onunla bağlı məlumatlı deyillər. Belə hallarda hansısa sənəd vermək poliklinika üçün də çətin olur. Görmədikləri adama necə sənəd versinlər? Məhkəmə araşdırma aparır, həkim rəyi yazılır və ondan sonra ölüm haqqında şəhadətnamə üçün müraciət edilir”.

Nazirlik xidməti elektronlaşdırır, amma...

Səhiyyə Nazirliyindən “Kaspi”yə bildirildi ki, “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Eyni zamanda bildirildi ki, Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə qaydalara müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən, həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin elektron qeydiyyatı aparılır, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün təqdim edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.

Sənədi alacağımız ünvan hansıdır?

TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin tərtibi və təqdim edilməsi proseduru Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir. Həmin qaydaya görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq etməlidir. 

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Qeyd edildi ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

Belə qənaətə gəlirik ki, burda fərq yaradan məsələlər var. Yəni ölüm hadisəsinə, baş verdiyi yerə bağlı olaraq sənəd üçün üz tutacağımız ünvan da fərqli ola bilir. Vətəndaşların üzləşdikləri problemlərin bir çoxu həm də ondan yaranır ki, yaşadığımız və qeydiyyatda olduğumuz yer fərqlidir. Tələb olunan odur ki, biz yaşadığımız ərazidəki poliklinikada qeydiyyat kartımızı yaratmalıyıq. Əgər yaratmırıqsa, qeydiyyatda olduğumuz ərazidəki tibb müəssisəsi bizə sənəd verə bilmir.

Əvvəl pul, sonra şəhadətnamə

Millət vəkili Ceyhun Məmmədov deyir ki, ölüm hadisəsi ilə bağlı hər hansı mübahisəli məqam yoxdursa, insanları məhkəməyə salmamalıyıq. Bu prosedur asanlaşdırılmalı, insanlara dəfn pulu vaxtında verilməlidir. 

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər