• çərşənbə, 16 Oktyabr, 01:22
  • Baku Bakı 16°C

Vaxt yoxdur, amma gözləməliyik? - ARAŞDIRMA

18.02.23 02:30 15936
Vaxt yoxdur, amma gözləməliyik? - ARAŞDIRMA

Bakı şəhərində istismar müddətini başa vurmuş köhnə və qəzalı tikililərin sayı çoxdur. Türkiyədəki zəlzələ bu mövzuda bizi daha çox narahat etməyə başlayıb. Ekspertlər bu cür tikililərin təhlükə mənbəyi olduğunu, sürətli şəkildə yeni tikililərlə əvəzlənməsinin vacibliyini vurğulayırlar. 

“Bakıda tikinti bumu 90-cı illərin sonlarında başlayıb. 2000-ci il zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş bina var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi.

2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

Bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır”.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Türkiyədə baş verən zəlzələdən sonra mətbuata açıqlamasında qeyd etmişdi.

Yeni binaların hansı bal gücündə zəlzələyə davamlı olduğu haqda nə isə deyə bilməsək də, məlumdur ki, onlar köhnə tikililərlə müqayisədə daha davamlıdır. Hazırda Bakı şəhərində köhnə və qəzalı vəziyyətdə olan bina sayı kifayət qədərdir. Ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdi ki, bu cür binaların sayında 30 faiz azalma olsa da, Bakıda hələ də 1000-ə yaxın köhnə və qəzalı vəziyyətdə bina var. Yəni zəlzələ olarsa, 1000-ə yaxın binada yaşayanlar üçün təhlükə daha böyükdür.

İstismar müddətini başa vurmuş, qəzalı köhnə binaların sökülüb yerində yenilərinin inşa edilməsi üçün ölkədə pilot layihələr icra olundu və proses zamanla gedir. Ancaq Türkiyədəki zəlzələ təcrübəsi göstərir ki, tələsməliyik. Köhnə binaların sökülüb yerində yenilərinin tikilməsi prosesinin sürətləndirilməsi üçün hansı addımlar atılmasına ehtiyac var? Ümumiyyətlə, bu prosesin sürətləndirilməsi planlaşdırılırmı?

“Gözləmək üçün vaxt yoxdur”

İqtisadçı Zahid Məmmədov deyir ki, bundan öncə yeni tikililərə fokuslanmışdıqsa, hazırda birinciliyi köhnə tikililərin yenisi ilə əvəzlənməsinə verməliyik: “Köhnə tikililərlə bağlı təmizləmə prosesi getməlidir. Türkiyədə baş verən hadisədən dərs almalıyıq. Gözləmək üçün vaxt yoxdur. Çünki hər şey bir anda olur. İstismar müddətini başa vurmuş tikililər müəyyənləşdirilməli və sistemli şəkildə iş aparılmalıdır. İcra hakimiyyətləri, bələdiyyələr burda öz fəaliyyətlərini ortaya qoymalı, təkliflərlə çıxış etməlidirlər. İnşaat şirkətlərini bu istiqamətə yönəltmək lazımdır. Tək yerli deyil, xarici şirkətləri də cəlb etmək olar”.

Z.Məmmədov deyir ki, köhnə tikililərə nə qədər xərc qoyulsa da, bir faydası yoxdur: “Köhnə tikililər həm Bakının gözəlliyinə xələl gətirir, həm də təhlükə mənbəyidir”.

Yüzlərlə təhlükəli bina

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda qəzalı vəziyyətdə olan tikililərin əvəzlənməsi prosesi gedir: “Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-ci ildə istismar müddətini bitirmiş binaların söküntüsünə start verildi. Həmin vaxtdan indiyə qədər onlarla binalar sökülərək yenisi ilə əvəzləndi. Daha sonra istismar müddətini bitirmiş binaların sökülüb yerində yenisinin tikilməsi dayandırıldı. Daha çox qəzalı vəziyyətdə olan binaların əvəzlənməsinə önəm verildi. Bir binanın sökülməsi ilə bağlı FHN-nin o binanın, yaxud ərazinin qəzalı olduğu haqqında rəyi olmalıdır. Amma Bakı və Abşeronda bu gün 11 minə qədər istismar müddətini bitirmiş, 150-yə yaxın qəzalı vəziyyətdə olan bina var. Amma köhnə binalar arasında monitorinq aparılsa, qəzalı bina sayı 150 yox, yüzlərlə olacaq”.

Ekspert bildirdi ki, Bakıdakı köhnə binaların sökülüb yenisi ilə əvəzlənməsi qısa müddətdə həll olacaq məsələ deyil: “Söküntü işləri gedir. Ancaq bir binanın sökülərək yenidən tikilməsi üçün ən azı 2,5-3 il vaxt gedir. Bu binaların hamısının sökülüb yenisi ilə əvəzlənməsinə onilliklər lazımdır. Həmin binalarda monitorinqlər aparılmalı və qəzalı binalar ən qısa müddətdə sökülməli, sökülmə prosesi yubanırsa, orada artıq müəyyən bərkidilmə, təmir işləri görülməlidir”.

Prosesi şirkətlərə maraqlı etməliyik

E.Fərzəliyevin sözlərinə görə, köhnə binaları söküb yerində yenisini tikənlər özəl şirkətlərdir. Onların bu prosesdə maraqlı olmaları üçün müəyyən şərait yaratmaq lazımdır: “Özəl şirkətlər bazara uyğun işləyirlər. Bazarda gərək alıcı kütləsi olsun ki, tikdikləri evləri sata bilsinlər. Düşünürəm ki, bu istiqamətdə iş görəcək tikinti şirkətlərinə hansısa formada güzəştlər olmalıdır. Onların satışının sürətli getməsi üçün də qanunlarda müəyyən dəyişikliklər edilə bilər. Məsələn, ipoteka krediti ilə ev satılması üçün mütləq çıxarış olmalıdır. Ancaq yeni tikililərdə bina tikiləndən xeyli müddət sonra çıxarış verilir. Söküntülərin yerində aparılan tikintilərdə təməldən ilkin çıxarış vermək olar ki, satış prosesi sürətlə getsin. Yaxud o müqaviləli mənzillərin alqı-satqısı Mənzil-tikinti kooperativi tərəfindən deyil, rəsmi dövlət qurumu tərəfindən aparılsın və bunlar da ipoteka kreditinə yararlı olsun. O halda alıcı kütləsi arta bilər”.

Sakinlər də maraqlı olmalıdır

E.Fərzəliyev deyir ki, sakinlər də bu prosesin sürətli getməsində maraqlı olmalıdırlar: “Bəzən binadakı sakinlərin hamısı köçür, 3-5 sakin çıxmır, daha böyük tikinti sahəsi, daha çox pul tələb edir. Şirkət də onların tələbi ilə razılaşmayanda, bu proses uzanır. Sakinlər düşünməlidirlər ki, onların köhnə, istismar müddətini bitirmiş, qəzalı binalarını söküb yerində yeni tikili binadan daha böyük və daha təmirli mənzil verirlər. Evi təhvil verən günə qədər kirayə haqqı, xərcləri də şirkətlər qarşılayır”.

Köhnə tikililərin yenisi ilə əvəzlənməsi prosesinin sürətləndirilməsi planda varmı? Bu sualla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Hər iki qurumdan bildirildi ki, bu məsələlər onların səlahiyyətində deyil. Bu proses birmənalı şəkildə hər rayonun özünün səlahiyyətində olan məsələdir.

Aygün Asimqızı

Fotolar: Rüfət Mikayılov/Global Media Group

 

banner

Oxşar Xəbərlər