• şənbə, 20 Iyul, 13:18
  • Baku Bakı 32°C

Milli Məclis Prezidentə müraciət etdi 

22.06.24 05:43 2524
Milli Məclis Prezidentə müraciət etdi 

Milli Məclisdə qanunverici orqana növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib. Müraciətin lehinə 105, əleyhinə isə bir nəfər səs verib.

Milli Məclisin növbəti plenar iclası keçirilib. Deputatlar ilk öncə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələni müzakirə ediblər. 

Spiker səbəbləri açıqladı

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilib. Noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla birlikdə, ölkəmizdə keçirilməsi planlaşdırılan Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayına təsadüf edəcək. "Konstitusiyanın 98-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir", - spiker deyib. Hər iki mühüm əhəmiyyət daşıyan proseslərin eyni vaxta təsadüf etdiyini diqqətə çatdıran S.Qafarova Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin parlamentə  növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsinə baxılması ilə bağlı qanunverici orqanın rəhbərliyinə müraciət etdiklərini bildirib. 

Bu tədbirlərə hazırlıq vaxt tələb edir

Məsələ ilə bağlı çıxış edən deputat Soltan Məmmədov deyib ki, noyabrda Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq mötəbər tədbirlərə hazırlıq kifayət qədər vaxt və enerji tələb edir: "Nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir". Onun sözlərinə görə, seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. 

"Biz bu qərarı dəstəkləyirik"

Millət vəkili Fazil Mustafanın sözlərinə görə isə, Milli Məclisə seçkilərlə COP29-un eyni vaxta təsadüf etməsi seçkilərin keçirilməsini imkansız edir: "Bizdə iki yol qalırdı, ya seçkiləri önə çəkmək, ya da seçkilərin vaxtını uzatmaq. Amma Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də, Allaha şükür, müharibə şəraiti yoxdur. Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulyasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar. Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik”.

105 lehinə, bir əleyhinə

Müzakirələrdən sonra Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın hazırladığı müraciət mətnini deputat Tahir Rzayev oxuyub. Sonda Milli Məclisdə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib. Müraciətin lehinə 105, əleyhinə isə bir nəfər səs verib.

 

banner

Oxşar Xəbərlər