• çərşənbə axşamı, 12 noyabr, 01:07
  • Baku Bakı 13°C

Bakı COP29-a hazırlaşır 

19.10.24 06:09 1643
Bakı COP29-a hazırlaşır 

Tədbirin keçiriləcəyi günlərlə bağlı bütün incəliklər nəzərə alınıb. COP29-un yeni bir model kimi ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Tədbir günlərində vətəndaşların evlərindən çıxmaları ilə bağlı hər hansı məhdudiyyət də tətbiq edilməyəcək. 

Gələn ay Bakıda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı olan COP29-a hazırlıq prosesi davam edir.

Prezident İlham Əliyev də oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 18-də media nümayəndələri də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar.

COP29 yeni bir model kimi

SƏTƏM Departamentinin Müyəssərlik sektorunun müdiri Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şey nəzərə alınıb. O bildirib ki, COP29 yeni bir model kimi ictimaiyyətə təqdim ediləcək: "Əvvəllər eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün nəzərə alınmayan bir çox məsələlər üzərində işlər görülür. Məsələn, müəyyən zallarda surdo-tərcüməçilərin olması, görmə məhdudiyyəti olan insanlar üçün daktil xəritələrin və brayl əlifbası ilə yazılmış bukletlərin paylanılması kimi sosial xidmətlər əlavə olunub".

Qeydiyyat davam edir

COP29-la bağlı qeydiyyat prosesi də davam edir. Bu barədə məlumat verən COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib ki, indiyədək tədbiri işıqlandırmaq üçün 2 700 media nümayəndəsi qeydiyyatdan keçib. Onun sözlərinə görə, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. Eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb: "Xırda detallar var ki, üzərində işlər gedir. Media, televiziya və radio, yazılı mətbuat üçün iş otaqları ayrılıb. Tv və radio yayımçıları üçün 330 iş, 300 yazı masası ayrılıb".

"COP29 zolaqları, əslində, avtobus zolaqlarıdır”

COP29 Əməliyyat Şirkəti Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyini açıqlayıb:

"COP29 zolaqları, əslində, avtobus zolaqlarıdır. Həmin zolaqların çəkilməsi onsuz da, nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbirinə görə bu proses daha da sürətləndirildi. COP29 zolaqları hansısa meyar və status baxımından avtobus zolaqlarından fərqlənmir. Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Bu zolaqlarda noyabr ayından etibarən, COP29 üçün nəzərdə tutulan avtobusların, xüsusi taksilərin və avtomobillərin hərəkəti nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerlər tələb olunur".

Evdən çıxmaqla bağlı hər hansı məhdudiyyət olmayacaq

Qeyd edək ki, paytaxt sakinlərini ən çox maraqlandıran məqamlardan biri də COP29 ərəfəsində məhdudiyyətlərin tətbiq olunacağına dair iddialardır. Bu məsələyə COP29-un baş icraçı direktoru Elnur Soltanov aydınlıq gətirilib. Onun sözlərinə görə, COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq. “COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib. E.Soltanovun sözlərinə görə, bu barədə yayılan məlumat dezinformasiyadır. 

F.Abasoğlu 

 

banner

Oxşar Xəbərlər