• bazar ertəsi, 07 oktyabr, 17:24
  • Baku Bakı 23°C

“Mən təbii yaşlanmaq istəyirəm” - SƏNƏT

17.02.24 01:15 6535
“Mən təbii yaşlanmaq istəyirəm” - SƏNƏT

Xalq artisti Bəsti Cəfərova: “Teatra gəlməyən insanlar həmişə deyirlər ki, teatrlar boş qalır. Əgər teatra mütəmadi gəlsələr, bunun əksinin şahidi olarlar. Hətta deyərdim ki, pandemiyadan sonra tamaşaçılar da elə bil acmışdılar”.

Çoxlarının xəyal etdiyi Akademik Milli Dram Teatrının səhnəsinə çıxanda üçüncü kurs tələbəsi idi. İlk rolu onun bu möhtəşəm məbədə vizit kartı oldu. Gənc, gözəl, istedadlı - səhnənin tələb etdiyi bütün keyfiyyətlərə malik aktrisa ömrünü bu doğma səhnəyə bağladı. O vaxtdan isə nə az-nə çox – düz 45 il keçir... Xalq artisti Bəsti Cəfərova “Kaspi” qəzetinə müsahibəsində “geriyə baxıb düşünəndə ki, mən nələr oynamışam... Mən onların hamısını yaxşı oynamışam...” deyə əminliklə söylədi. 

“Bu ayrılıq uzun çəkdi”

- Sizə müsahibə üçün zəng edəndə deyəsən teatrda hansısa tamaşanın qızğın məşqləri gedirdi...

- “Filumena Marturano” tamaşasının məşqləri idi. Bu tamaşada bizim görkəmli aktyorumuz Ramiz Novruz oynayırdı. O dünyasını dəyişəndən sonra rol Xalq artisti Sabir Məmmədova həvalə olundu. Bu tamaşanın məşqlərinə 2020-ci ildə başladıq. Tamaşanı təhvil verməyə 15 gün qalmış pandemiya elan olundu və teatrlar bağlandı. Bu ayrılıq uzun çəkdi - düz bir il səkkiz ay teatrlar işləmədi. Biz yenidən teatra qayıdanda Ramiz Novruzun xəstələnməsi xəbərini eşitdik. O, bu obrazı oynamaq istəyirdi. Ramiz müalicə ala-ala yenidən məşqləri davam etdirdik. 2022-ci ilin mart ayında tamaşanın premyerasını oynadıq. Təəssüf ki, Ramiz Novruz cəmi iki dəfə o tamaşada səhnəyə çıxa bildi. Onun ölümü bizim üçün böyük itki oldu. Neyləmək olar, həyat belədir - gözəl tərəfi də var, qəmli tərəfi də. İndi tamaşa yenidən repertuardadır. 

- Pandemiya vaxtını xatırladınız. O uzun fasilədə itirdiyiniz tamaşaçıları yenidən teatra qaytara bildinizmi?

- Biz tamaşaçı itirmədik. Teatra gəlməyən insanlar həmişə deyirlər ki, teatrlar boş qalır. Əgər teatra mütəmadi gəlsələr, bunun əksinin şahidi olarlar. Hətta deyərdim ki, pandemiyadan sonra tamaşaçılar da elə bil acmışdılar. Teatrlar tamaşaçıları cəlb edən məkandır. Mən sovet  dönəmindən işləyirəm. Yaxşı tamaşanın həmişə tamaşaçısı var. “Xanuma” tamaşası 2011-ci ildən tamaşaya qoyulub. İndiyə qədər də repertuardadır. Bu tamaşanı dəfələrlə görmüş tamaşaçı yenə gəlib baxmaq istəyir. Hətta deyərdim ki, mənim və digər həmkarlarımın sözlərini bizdən yaxşı bilirlər. 

- “Xanuma”nın bu qədər uzunömürlü olmasının səbəbi nədir? Qadın taleyi?

- Səbəb odur ki, rejissor düzgün aktyor seçimi edib. Və bir də aktyorlar o tamaşanı təzə-tər saxlamaq üçün mücadilə edirlər. Hər tamaşada hamı həvəslə oynayır. Aktyorlar elə bil oyun vaxtı bir-birilərini tamamlayırlar. Hətta bir ay repertuara salınmayanda iştirakçılar tamaşa üçün darıxırlar. O tamaşanın gözəl aurası var. 

Düz 45 ildir ki...

- Əvvəllər dramaturqlar vardı, aktrisaların adına rol yazırdılar, rejissorlar da rolları müəyyən aktrisalar üçün nəzərdə tuturdular. Bunu Amaliya xanımdan eşitmişdim. Məsələn, İlyas Əfəndiyev də “Hökmdar və qız”ında Ağabəyim ağanı sizin üçün yazıb. İndi də belə yaradıcı münasibətlər varmı?

- Hə, əvvəllər belə yanaşmalar vardı. Axır vaxtlar məncə, yoxdur. Rejissora gəlincə, o, materialı götürəndə kiminlə işləyəcəyini artıq beynində qurur. Bu, onların sənətidir. Rejissorlar da çalışırlar ki, tamaşaları yaxşı alınsın. Tamaşanın uğurlu alınmasının əsas sirri doğru-düzgün rol bölgüsündədir. Aktyorlar yerində olanda tamaşa yaxşı alınır.

- Ədil İsgəndərovun tələbəsi, Tofiq Kazımovun rejissorluğu, tələbkar tamaşaçı auditoriyası 3-cü kurs tələbəsində çaşqınlıq yaratmadı ki? Ruslar buna yaxşı mənada “başgicəllənmə” deyirlər...

- Yox, çaşqınlıq yaratmadı... Hərdən fikirləşəndə deyirəm ki, nə yaxşı adları əfsanəyə dönmüş o rejissorlarla ünsiyyətdə oldum, onları gördüm. Ədil İsgəndərov mənim kurs rəhbərim olub. O, 3-cü kursun əvvəlində dünyasını dəyişdi. Həmin müddətdə onun kimi bir rejissordan dərs almaq böyük xoşbəxtlikdir. 

Mən teatra 1978-ci ildə gəlmişəm. 3-cü kursun əvvəlində teatrın o vaxtkı baş rejissoru Tofiq Kazımov məni Əkrəm Əylislinin “Quşu uçan budaqlar” tamaşasına dəvət etdi. O tamaşada baş rolu - Səltənəti oynadım. İnstitutu qurtaranda təyinatla “Azdrama”ya gəldim. O vaxtdan düz 45 ildir ki, taleyimi bu sənət ocağına bağlamışam. Mənə xoşbəxtlik nəsib oldu ki, Mehdi Məmmədov kimi bir rejissorla ünsiyyətdə oldum. Onun “İblis” tamaşasında Xavər rolunu oynadım. Mehdi müəllim bir gün mənə dedi ki, “Afət” tamaşasını qurmaq istəyir. Əgər o tamaşanı qursaydı mən yəqin ki, Alagöz rolunu oynayardım. Amma iş elə gətirdi ki, Mehdi Məmmədovun tələbəsi Mehriban Ələkbərzadənin quruluşunda Afət rolunu oynadım. Həyatımda iş barəsində nə olursa, hər şey yaxşılığa doğru olur. 

“Nə etdiyimi bilən insanam”

- Rollar qalereyanızdakı obrazlar haqqında düşünəndə daha çox fərəhlənirsiniz, ya “mən indi belə oynayardım” deyə düşündüyünüz məqamlar da var?

- Hərdən fikirləşəndə ki, hansı rolları oynamışam, özümə də qorxulu gəlir... Alın yazısına, Allahın qismətinə inanıram. Cavan, get-gedə yaşa dolan aktrisanın adına bu qədər rolun yazılması yalnız  Allahın qisməti imiş. Mən qismətimə düşən rolları oynadım. Çox böyük, çəkili rollar oynamışam. Hə, bəzən elə rollar oldu ki, mən onları oynamaq istədim, imkan olmadı, təmir getdi, hansısa səbəb oldu... Amma geriyə baxıb düşünəndə ki, nələr oynamışam... Mən onların hamısını yaxşı oynamışam. Kim nə deyir desin, amma mən bunu əminliklə deyə bilərəm. Məsələn, “Solğun çiçəklər” televiziya tamaşasındakı Pəri roluma baxanda “gərək belə edəydim” demirəm. Düşünürəm ki, düz edib belə oynamışam. İndi artıq həyat ötdükcə, yaş üstünə yaş gəldikcə, həyat təcrübəm artdıqca nə oynayıramsa, bilirəm. Nə etdiyimi bilən insanam. Çox dəqiq və məsuliyyətliyəm. Bir işi boynuma götürdümsə, onun məsuliyyətini daşıyıram. Heç bir işimi yarımçıq atan insan deyiləm, öhdəmə götürdüyüm işin sonuna çatmalıyam. Bəzən məndən “sizin uğurunuzun formulası nədir?” - deyə soruşurlar. Mən dəqiq hədəf qoymuram. Hara gedirəmsə, orda məsuliyyətli işləyirəm, düşünmürəm ki, artıq işlədim, gedib istirahət edim və s. Deyim ki, illər sonra buna beləyəm, yox! Tələbə ikən də məsuliyyətli idim, uşaq ikən də məsuliyyətli olmuşam. Harada əmək qoymuşam, o yerdən qiymətimi də, hörmətimi də almışam.

“Nə vaxt gücüm olmasa...”

- Müxtəlif taleli qadın rolları: Sürəyya, Gülrux,  Fedra, Ağabəyim ağa, Xurşudbanu Natəvan, Lalə, Afət... Hansı özünüzsünüz? 

- Heç birində tam özüm deyiləm. Amma o rollar əlbəttə, mənim zərrələrimdir. Mənim xarakterimdən olan zərrələr də hər bir rolumda var. Mənə daha çox yaxın olan “Poçt şöbəsində xəyal” tamaşasındakı rolum idi. O roldan sonra mətbuatda da yazıldı ki, Bəsti öz dərdinə ağlayır, o rolda özünü oynayır. Əvvəla, bu, görkəmli dramaturq Elçininin əsəri idi. Sırf mənim üçün yazılan əsər deyildi. Bu əsər yazılanda mənim 10 yaşım olardı. Bu əsər Bədii Şuradan keçib repertuara daxil ediləndən sonra Ədilə rolu rejissor Mehriban Ələkbərzadənin və Elçin müəllimin razılığı ilə mənə tapşırıldı. Bu əsəri evdə oxuyanda bir həftəyə yaxın yata bilmədim. Bəzi nüansları çıxmaq şərtilə rol xarakterimə o qədər yaxın oldu ki, “məhz mənim üçün yazılan əsərdir”, - deyə düşündüm. Dramaturji əsər yazıçı təxəyyülünün məhsuludur. Aktyor kimi çalışırıq ki, bizə verilən materialı özümüzünkü edək. Onda bu, tamaşaçı tərəfindən gözəl qəbul olunan obraz olur. 

- Yenə də dublyorsuz oynayırsınız?

- (gülür...) Hələ ki, gücüm var, oynayıram. Nə vaxt gücüm olmayacaq, onda çəkiləcəyəm. Mən öz gücümü bilən insanam, onu da götür-qoy edirəm ki, qüvvəm çatar. Hələ ki, ağır rollara qüvvəm var. Hazırda repertuarımda 3 ağır tamaşa var - “Xanuma”, “Qətibə İnanc”, “Filumena Marturano”... Yeni hazırlanan “Əsrə bərabər gün” tamaşasında Nayman ana rolu üzərində də işləyirəm. Ümidvaram ki,  yaxşı bir tamaşa ərsəyə gələcək.

- Heç düşünmüsünüzmü, kinematoqraflar sizi yaxşı dəyərləndirə bilməyiblər?

- Həmişə düşünmüşəm...  45 illik fəaliyyətimdə cəmi bir filmdə - “Günaydın, mələyim” filmində çəkilmişəm. Allahın qismətidir, bu filmdə Prima aktrisa rolunu oynamışam. Bu rolla rejissor Oqtay Mirqasımov məni tarixə bir prima aktrisa kimi yazdı. İnanırsınızmı, mən teatrda o qədər gözəl rollar oynadım, o qədər zirvədə oldum, ona görə “kinoda olmadım”, - deyə təəssüflənmirəm. Hə, könül istərdi ki, aktrisanın televiziyada da, kinoda da yaratdığı rollar olsun. Olmadı olmadı da... Yaxşı teatr aktrisası olmaq da az iş deyil. Belə də gözəldir...

- Vaxtilə  tələbə kimi oxuduğunuz auditoriyaya indi professor kimi daxil olursunuz. Tələbələrdə o zamankı entuziazm varmı?

- Həvəsli tələbələr var. Mən pedaqoji fəaliyyətə başlayanda da vardı, indi də var. Bizim dərslərimiz çox maraqlıdır. Hər gün bayram əhval-ruhiyyəsidir. Oğlanlar əsgərlikdən qayıdandan sonra dərsimə gəlib dinləyirlər. Bizim sənətimiz istilik yaradır. Müəllim-tələbə arasında istilik olmasa alınmır. Biz mənəviyyat insanlarıyıq. Öz sənətimizin sirləri ilə bərabər onları şəxsiyyət kimi də yetişdiririk. Yeri gələndə onlara tərbiyə də veririk. Aktyor sənətində nizam-intizam ən ümdə işlərdən biridir. 

Elə suallar var ki...

- Haradasa oxumuşam: bəzən aktyorlar sevgi obrazlarını səhnədə ona görə gözəl oynayırlar ki, həyatda eynisini yaşamırlar, eyni obrazla qarşılaşmırlar. Sizcə, bu fikir doğrudur?

- Mən bu barədə heç fikirləşməmişəm... Bu fərziyyəni heç eşitməmişəm... İndi siz dediniz, mən də düşündüm. Ola bilər... Biz səhnədə sevirik, səhnədə nifrət edirik. Yazılan əsərlərin qadın obrazlarında sevgi daha çoxdur. Ola bilsin, səhnədə gördüyümüz məhəbbət bizim üçün o qədər doyumlu olur ki, həyatda o qədər məhəbbət axtarışında olmuruq. Bilmirəm... Elə suallar var ki, cavabı çətindir və ya mən onun cavabını bilmirəm. Amma o fərziyyə ağlabatan gəlir. Məhəbbət təkcə qadın-kişi anlamı ilə ölçülmür ki... Məhəbbət anlamı çox genişdir. Ətrafımız elə məhəbbətdir. Təki elə içimizdə məhəbbət olsun, hər şey ona bağlıdır. Mən kənardan zabitəli görünürəm. Hətta deyirlər, teatra gələnlər nədənsə məndən çəkinirlər. Amma içimdə o qədər insan sevgisi var ki... Əgər içimdə məhəbbət olmasaydı, səhnədəki o rollarımı oynaya bilməzdim. Sevgi bəlkə də insanın xarakterini müəyyənləşdirən faktorlardan biridir. Daxilində insan sevgisi varsa, yaratmaq istəyirsənsə, - sevgi dolu olmalısan. İnsanın içindəki şamı söndürmək olmaz. O söndüsə yaradıcılıq da bitir.

- Belə bir fikir də var: aktyorun gözəlliyi rolları ilə bərabər onun ampluasıdır. Gözəllik kömək edir, yoxsa mane olur?

- Əgər gözəlliyin arxasında istedad yoxdursa, o yarımçıq olur. Zahiri görkəm digər tərəfdən tamamlayır. Biz pərdə açılanda ilk növbədə aktyorun görkəmini görürük, sonra oyunu başlayır. Elə aktyorlar var ki, səhnədə gözəl deyil, amma istedadı adamda elə rəğbət yaradır və o sənə gözəl görsənir. Səhnədə elə gözəl də var ki, bir az sonra görürsən ki, heç nə qalmadı. Çünki gözəlliyin söykənə biləcəyi istedad yoxdur. Amma ikisi də bir-birini tamamlayanda ortaya sənətkar çıxır. 

“Aktrisa səhnədə gözəl olmalıdır” 

- “Səhnə gözəllik tələb edir” - çox məşhur fikirdir. Aktyorlar, müğənnilər bəzən həyatları bahasına estetik əməliyyatlara gedirlər...

- Buna pis baxmıram, heç kimi də qınamıram. Bəli, aktrisa səhnədə gözəl olmalıdır. Amma özüm heç bir əməliyyat etdirməmişəm. Məni səhnədə görənlər deyirlər ki, hələ həyatda gözələm. Səhnədə gözəl olmağı, qəşəng geyinməyi sevirəm, yaxşı tərəf-müqabillərlə oynamaqdan zövq alıram. Həyatda isə o qədər fərqlənmək istəmirəm. Adi bir insanam həyatda – sevən anayam, bacılarımın bacısıyam, qohumlarımın qohumuyam. Tamaşaçı məni 78-ci ildən görür. Yaşım da hamıya bəllidir. Heç vaxt yaşımı gizlədən insan olmamışam. Bu prosesi həm səhnə, həm yaş baxımından təbii gedirəm. Mən təbii yaşlanmaq istəyirəm. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər