• çərşənbə axşamı, 03 dekabr, 16:03
  • Baku Bakı 8°C

Həm bağça, həm də valideyn qazanır - MÜSAHİBƏ

20.07.24 03:48 5368
Həm bağça, həm də valideyn qazanır - MÜSAHİBƏ

Rasif Dünyamalıyev: “Regionlarda özəl uşaq bağçaları fəaliyyət göstərməkdə maraqlı deyillər. Çünki gəlirlilik aşağıdır. Amma bu tətbiqdən sonra artıq özəl bağçalar regionlarda da açılacaq. Çünki xərcin böyük bir hissəsini dövlət qarşılayacaq”.

Dövlət bağçalarında yer tapmayan valideynlərin uşaqları özəl bağçalara göndəriləcək. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Qrant müsabiqəsinin məqsədi, şərtləri, faydaları, ümumiyyətlə, valideynləri maraqlandıran suallarla bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevlə söhbətləşdik.

“Bu müsabiqə hədəfi daha da əlçatan edir”

- Rasif müəllim, məktəbəqədər təhsilin bir uşağın inkişafındakı rolu nədən ibarətdir və bu müsabiqə bu inkişafa necə dəstək ola bilər?

- Məktəbəqədər təhsilin uşağın inkişafındakı rolu danılmazdır. Təsəvvür edin, 1-6 yaşda olan uşaqların inkişafındakı dəyişikliklər sonrakı heç bir yaş dönəmində baş vermir və təkrarlanmır. Məhz bu yaş dönəmində uşağın zehninin 60 faizi inkişafını tamamlayır, sonrakı həyatında lazım olacaq 80 faiz bacarıqlar formalaşır. Hətta bu sahə ilə bağlı iqtisadi tədqiqatlar da aparılıb. Məlum olub ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların gələcək həyatlarındakı qazancları bu təhsilə cəlb olunmayan uşaqlardan 24 faiz daha çox olur. Həmçinin gələcək xərcləri də digərləri ilə müqayisədə 14 faizə qədər azalır. Çünki bu uşaqlar həyata daha tez atılırlar. Azərbaycanda hazırda məktəbəqədər təhsillə bağlı bir çox layihələr həyata keçirilir. Burada ənənəvi uşaq bağçası modeli ilə yanaşı, alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili, “icma əsaslı məktəbəqədər təhsil modeli” kimi layihələri misal göstərmək olar. Həmin layihələrdə bir çox alternativ modellərin tətbiqini nəzərdə tutuldu. Məsələn, onlardan biri öyrədici qutu ilə bağlı idi ki, nazirlik tərəfindən evlərə, valideynlərə öyrədici qutular göndərilir, həmin qutularda olan vəsaitlə valideynlər öz uşaqları ilə fərdi şəkildə məşğul olurlar. Bu cür innovativ layihələr var, amma bunlar ümumilikdə məktəbəqədər təhsilə cəlb olunan uşaq sayını nə qədər artıra bilib? Bugünkü statistikaya nəzər salanda görürük ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 30-35 faiz aralığında dəyişir. Lakin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu, çox çətin hədəfdir, amma mümkündür. Hazırkı qrant müsabiqəsi bu hədəfi daha da əlçatan edir. Dövlətin maddi imkanları nə qədər çox olsa da, bu imkanlar çərçivəsində üç il ərzində yeni bağçaların tikilməsi real deyil. Ona görə də müsabiqə özəl sektorun, müxtəlif investorların bu işə cəlb olunması prosesini daha da sürətləndirəcək və özəl bağçaların sayının artmasına səbəb olacaq. 

- Bəs hazırda bu layihədə neçə uşağın iştirakı nəzərdə tutulub?  

- Qrant müsabiqəsi 2024-2025-ci illəri əhatə edir və ilkin olaraq 1500 uşağın iştirakı nəzərdə tutulur. Əlbəttə ki, hələ birinci ildir tətbiq olunacaq və pilot layihə kimi nəzərdə tutulub. Qrant müsabiqəsinin nəticələrinə əsasən, layihənin əhatə dairəsi genişləndiriləcək. 

Bir uşaq üçün illik 2500 manat ödəniləcək

- Bəs müsabiqənin şərtləri nədən ibarətdir?

- Burada önəmli məqam özəl uşaq bağçasının lisenziyasının olması, yaxud mütləq şəkildə lisenziya üçün müraciət etməsidir. İkinci məqam isə təhsil haqqı ilə bağlıdır. Qrant müsabiqəsində ümumilikdə uşaqları aylıq 500 manata qədər olan özəl uşaq bağçalarına yönləndirmək nəzərdə tutulur. Bu məbləğ bir uşaq üçün aylıq 250 manat, yəni illik 2500 manat məbləğində planlaşdırılır. Bu, 10 ayı əhatə edir. Həmçinin özəl uşaq bağçalarına şərt də qoyulub ki, ümumi uşaq tutumunun ən azı 20 faizini qrant müsabiqəsinə boş yer kimi təqdim etsin və təhsil haqqı aylıq 500 manatı keçməsin.  Özəl bağçalar bu şərtlərlə proqramda iştirak edə bilərlər. Valideynlərin müraciəti isə çox asandır. Dövlət uşaq bağçalarına iki ildir ki, onlayn formada qeydiyyat aparılır. Bu qrant müsabiqəsində iştirak edən özəl bağçalara da müraciət məhz həmin veb-səhifə (https://www.bq.edu.az/) üzərindən həyata keçiriləcək. Yəni valideynlər eyni formada özəl bağçalara müraciət edə biləcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul bitdikdən sonra gözləmə siyahısında olan uşaqların özəl məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatı açılır. Burada bir məqam var ki, dövlət yalnız 10 aya 2500 manatı ödəməyi öhdəsinə götürür, digər hissəni valideyn öz hesabına ödəməlidir. Buna görə də valideynlər seçim edərkən diqqətli olmalıdırlar. Özəl uşaq bağçasını seçdikləri zaman onun təhsil haqqını və nə qədərini ödəyəcəyini nəzərə almalıdırlar. Çünki istənilən halda, bu, özəl müəssisədir, onun müqavilə şərtlərini valideynlər yerinə yetirmədikdə, müqavilə dayandırılacaq və həmin valideynin uşağı bağçadan çıxarılacaq. 

- Özəl uşaq bağçalarının bu müsabiqəyə münasibəti necədir? Onlar iştirak etməkdə nə dərəcədə maraqlıdırlar?

- Özəl uşaq bağçalarının bu layihə ilə bağlı mövqeyi çox müsbətdir. Çünki qrant müsabiqəsi həmçinin özəl bağçalara da dəstək olacaq. Çünki hər kəs onların müəyyən etdiyi təhsil haqqını ödəyə bilmir və bu da uşaqlarının sayının az olmasına səbəb olur. Ona görə də özəl bağçalar ya qiyməti aşağı salırlar, bu da keyfiyyətin azalmasına səbəb olur, ya da qanunsuz (qara mühasibatlıq) işləyirlər. Dövlətin bu dəstəyi onların fəaliyyətinə, şəffaflaşmasına və keyfiyyətinin yüksəlməsinə də kömək edəcək. Bu model dünyanın bir çox ölkələrində də tətbiqi olunur və nəticələri uğurludur. Məsələn, Türkiyədəki tətbiqindən sonra hazırda qardaş ölkədə özəl uşaq bağçaları dövlət bağçalarından 1,5 dəfə çoxdur. Burada bir məqam da var ki, regionlarda özəl uşaq bağçaları fəaliyyət göstərməkdə maraqlı deyilər. Çünki gəlirlilik aşağıdır. Amma bu tətbiqdən sonra artıq özəl bağçalar regionlarda da açılacaq. Çünki xərcin böyük bir hissəsini dövlət qarşılayacaq. Regionlarda icarə haqları və işçi qüvvəsi üçün maaş mərkəzə baxdıqda aşağıdır. Bu da təhsil haqqının daha az hesablanmasına imkan yaradır.

“Gələcək indiki uşaqlarındır”

- Rasif bəy, layihənin valideynlərə və özəl bağçalara faydalarından danışdıq. Bəs uşaqlar üçün əhəmiyyəti nədir?

- Bu gün Azərbaycanda uşaqların 35 faizi məktəbəqədər təhsilə cəlb olunur. Təxminən 300-350 min uşaqdan söhbət gedir. Bu uşaqların 150 minə yaxını ənənəvi uşaq bağçalarında, 90 minə yaxını məktəbəqədər təhsil müəssisələrində, 17 minə yaxını icma əsaslı məktəbəqədər qruplardadır. 90 min uşaq hazırlıq kurslarına getsə də, bu, birillik müddəti əhatə edir. Yəni inkişafın tamamlanması üçün bu dönəm 3-4 il olmalıdır. Başqa bir məqam odur ki, valideynlər uşaqlarını tam gün nəzarətdə saxlaya bilmirlər. Amma bağçada uşaq artıq üçüncü tərəfin nəzarətində olur. Onlar evlərdə nəzarətsiz, telefonların ümidinə qalmamalıdırlar. Dövlət, özəl və ictimai sektor birlikdə işləməlidir. Çünki məktəbəqədər təhsil milli məsələdir və hamımızın öhdəliyidir. Gələcək indiki uşaqlarındır.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər