• şənbə, 02 Avqust, 12:31
  • Baku Bakı 36°C

Məktəb modeli dəyişəcək?

02.08.25 01:42 102
Məktəb modeli dəyişəcək?

Ekspertlərin fikrincə, məktəb modelinin dəyişdirilməsi sadəcə, illərin və mərhələlərin texniki bölünməsi deyil, təhsil anlayışımızın köklü şəkildə yenilənməsi deməkdir. Bu addımla təhsil uşağın inkişafına uyğunlaşdırılmalıdır. 

“Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. Məktəb modeli dəyişməlidir. İbtidai məktəb dörd il deyil, beş il olmalıdır. Orta məktəbin 11 il olması doğru deyil”. ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmmədin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında səsləndirdiyi bu fikirlər geniş rezonans doğurub və diskussiyalara yol açıb. Q.Məmməd təklifini belə əsaslandırıb: “Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını əllərindən alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. Müasir dünyada belədir. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik”.

Q.Məmmədin fikirləri sadəcə tədris müddətinin dəyişdirilməsi deyil, bütövlükdə təhsil sisteminin strukturu, mahiyyəti və yanaşması üzərində düşünmək zərurətini gündəmə gətirib.

Təhsil işçiləri də Azərbaycanda məktəb modelinin dəyişməsinə ehtiyac olduğunu bildirirlər.

Əgər bu mərhələ beş ilə uzadılarsa...

“İbtidai təhsilin beş il olması təklifi uşağın inkişafına daha uyğun, tələsdirilməyən, mərhələli və şəxsiyyət yönümlü bir tədris modeli qurmaq imkanı verir”, - deyə məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərovanın sözlərinə görə, altı yaşlı uşaq üçün məktəb həyatına adaptasiya, yazı, oxu, məntiq, sosial münasibətlər kimi bacarıqları qazanmaq prosesi dərin, sistemli və dözümlü yanaşma tələb edir: “Dörd illik müddət bu ehtiyacları tam şəkildə qarşılamaq üçün kifayət etmir və nəticədə həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün təzyiq və stres mənbəyinə çevrilə bilir. Əgər bu mərhələ beş ilə uzadılarsa, uşaqlara daha sakit və balanslı öyrənmə şəraiti yaradılar, fərdi potensialın inkişafına daha geniş imkan açar”. 

İnsana yönəlmiş model

İŞ üzvünün sözlərinə görə, bu təklif eyni zamanda beynəlxalq təcrübəyə də uyğundur. Belə ki, Finlandiya, Yaponiya, Almaniya və s. inkişaf etmiş ölkələrdə ibtidai təhsil mərhələsi daha uzunmüddətli və uşaq mərkəzli şəkildə təşkil olunub: “Bu ölkələrdə məqsəd sadəcə yüksək akademik nəticə əldə etmək deyil, uşağın şəxsiyyət kimi formalaşmasına, məktəbi sevərək mənimsəməsinə və sosial bacarıqlar qazanmasına şərait yaratmaqdır”. G.Əkbərova hesab edir ki, nəticə olaraq, məktəb modelinin dəyişdirilməsi sadəcə illərin və mərhələlərin texniki bölünməsi deyil, təhsil anlayışımızın köklü şəkildə yenilənməsi deməkdir: “Biz təhsili uşağın inkişafına uyğunlaşdırmalıyıq, əks halda uşağı təhsilə uyğunlaşdırmaq üçün onu itirə bilərik. Məktəb uşağın özünü kəşf etdiyi, şəxsiyyət kimi formalaşdığı, həyat bacarıqları qazandığı yer olmalıdır. Bu isə yalnız düşünülmüş, mərhələli, sistemli və insana yönəlmiş məktəb modeli ilə mümkündür. İbtidai təhsilin beş il olması və məktəb pillələrinin müstəqil strukturlara ayrılması bu istiqamətdə atılacaq çox vacib və strateji addım ola bilər. Gələcəyin təhsili bu günün cəsarətli qərarları ilə qurulur”.

Müvafiq dəstək mexanizmlərinə ehtiyac

G.Əkbərovanın sözlərinə görə, məktəb modelinin dəyişməsi ilə bağlı daha bir vacib təklif də gündəmdədir. “Təhsilin mərhələlər - ibtidai, orta və yuxarı siniflər üzrə, ayrı-ayrı məktəblərdə təşkili. Bu ideya həm pedaqoji, həm psixoloji, həm də idarəetmə baxımından ciddi məntiqə söykənir. Altı yaşlı uşaqla 16 yaşlı yeniyetmənin eyni məktəbdə, eyni mühitdə təhsil alması heç bir halda uyğun deyil. Fərqli yaş dövrlərində olan uşaqların öyrənmə ehtiyacları, sosial davranışları və psixoloji sabitlikləri fərqli olduğu üçün bu mərhələlərin ayrı-ayrı strukturlarda təşkili daha məqsədəuyğundur”. G.Əkbərovanın fikrincə, müəllim heyəti də bu fərqli mərhələlər üzrə ixtisaslaşmalı, eyni pedaqoji yanaşma ilə hər üç mərhələni idarə etməyə çalışmaqdan uzaqlaşmalıdır”. İŞ üzvünün fikrincə, valideyn-məktəb münasibətləri də bu modeldə daha sağlam şəkil alar: “Bu mərhələli yanaşma valideynləri də uşaqların yaş dövrlərinə uyğun şəkildə təhsil prosesinə cəlb etməyə imkan yaradar”. G.Əkbərovanın fikrincə, bütün bu yanaşmalar yalnız o zaman uğurla həyata keçə bilər ki, paralel olaraq təhsil sistemində müvafiq dəstək mexanizmləri də qurulsun: “Müəllimlərin fasiləsiz təlimi, yeni kurikulumların hazırlanması, resurs bazasının gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacibdir. Əks halda dəyişikliklər formal xarakter daşıyacaq və real nəticə verməyəcək”.

Beynəlxalq təhsil sistemi ilə ayaqlaşmaq

ADPU-nun baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova da təklifi doğru hesab edir. Onun sözlərinə görə, dünyanın əksər aparıcı ölkələrində təhsil 12 illikdir. X.Həmidova bildirir ki, bəzi ölkələrdə ibtidai sinif beş il yox, hətta altı ildir: üç il birinci, üç il ikinci hissə şəklində bölünüb. X.Həmidova təklifin sadəcə beş yaşlıların hesabına həyata keçirilməsinə razı deyil: “Çünki uşaqların beş yaşından məktəbə getməsi o qədər də doğru deyil. Buradan başlayacağıqsa, böyük bir səhv etmiş olacağıq. Həqiqətən də məktəbəhazırlıq qruplarını məktəbin birinci sinfi kimi qəbul etsək, o zaman məktəbəqədər hazırlıq qruplarında yalnız məktəbəqədər təhsil mütəxəssisləri işləməlidirlər. Ondan sonra uşaqlar ibtidai sinifdə dərsə başlamalı, sonra digər mərhələlərə keçid olmalıdır”.  

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər