• şənbə, 24 May, 13:35
  • Baku Bakı 22°C

Ali təhsil müəssisələrinin yaralı yeri

24.05.25 01:44 130
Ali təhsil müəssisələrinin yaralı yeri

Müasir dövrdə ali təhsil müəssisələrinin yalnız bilik verən deyil, həm də innovasiya yaradan və sənaye ilə əməkdaşlıq edən strukturlara çevrilməsi vacib şərtlərdən sayılır. Lakin Azərbaycanda bu sahədə ciddi boşluqlar var və bu məsələ universitetlərin yaralı yerinə çevrilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib ki, 2024-cü il ərzində universitetin sənaye sahəsindən əldə etdiyi gəlir ümumi gəlirin cəmi 6 %-ni təşkil edib. Rektor həmçinin qeyd edib ki, bu, olduqca aşağı göstəricidir və universitet-sənaye əməkdaşlığının zəifliyini göstərir.
Müasir dövrdə ali təhsil müəssisələrinin yalnız bilik verən deyil, həm də innovasiya yaradan və sənaye ilə əməkdaşlıq edən strukturlara çevrilməsi vacib şərtlərdən sayılır. Lakin Azərbaycanda bu sahədə ciddi boşluqlar var və bu məsələ universitetlərin yaralı yerinə çevrilib. Universitet-sənaye əməkdaşlığının zəif olması təkcə təhsil sahəsinə deyil, ölkənin iqtisadi və texnoloji inkişafına da təsir göstərən amillərdəndir.

Güvən və koordinasiya problemi

Maraqlıdır, hazırda universitet-sənaye əməkdaşlığının inkişafına mane olan faktorlar nələrdir? Azərbaycan universitetləri sənaye sahəsindən əldə etdikləri gəlirləri artıra bilərmi?

Rüfət Əzizova görə, əməkdaşlığın zəif olmasının əsas səbəbi, sənayenin universitetlərə inanmaması, bu sahədə qarşılıqlı güvən probleminin olmasıdır. İkinci əsas problem isə koordinasiya çatışmazlığıdır. Yəni, sənaye nümayəndələri universitetlərin hansı imkanlara və resurslara malik olduğunu yetərincə bilmirlər.

“Bu sahədə yetərincə təcrübəmiz yoxdur”

Ali təhsil məsələləri üzrə ekspert pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimli “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, universitetlərin sənaye və yaxud da iş dünyası ilə əlaqələri çox aşağı səviyyədədir. Bunun da müəyyən subyektiv və obyektiv səbəbləri var: “Əsas səbəblərdən biri, təhsil sistemimizin sənaye ilə inteqrasiya olunmuş dünya təhsil modelinə keçidinin hələ tam baş verməməsidir. Bu keçid kifayət qədər mürəkkəb və zaman tələb edən prosesdir. Nəzərə almaq lazımdır ki, biz uzun illər Sovet İttifaqı sistemində yaşamış bir ölkəyik. O dövrdə universitetlərlə sənaye arasında sıx əməkdaşlıq modeli mövcud deyildi. Təhsil proqramları mərkəzdən planlaşdırılır və əmək bazarının real tələbləri ilə uyğunlaşdırılmırdı. Bu səbəbdən də ölkəmizdə sənaye-təhsil əməkdaşlığı sahəsində yetərli təcrübə formalaşmayıb. Ümumiyyətlə, ölkə olaraq elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar ata bilməmişik. Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında qeydiyyatdan keçmiş patentlərimizin sayı da qənaətbəxş deyil. Bu isə birbaşa sənayeləşməyə təsir edən əsas amillərdəndir”.

“İnkişaf müşahidə olunur”

Mütəxəssis son illər bu sahədə müsbət dəyişikliklərin olduğunu vurğulayır: “Azərbaycan universitetləri üçün 2028-ci ilə qədər beynəlxalq reytinqlərdə - xüsusilə TOP800-də yer almaq kimi strateji hədəflər müəyyən edilib. Bu isə universitetləri daha rəqabətqabiliyyətli və əmək bazarına uyğun kadr hazırlığına yönəldir. Müasir dövrün əsas tələblərindən biri əmək bazarına uyğun ixtisaslı kadrların hazırlanmasıdır. Bu məqsədə çatmağın ən effektiv yollarından biri isə universitetlərlə sənaye sektoru arasında davamlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Universitetlər bu əməkdaşlıq sayəsində həm təhsil proqramlarını təkmilləşdirə, həm də tələbələrə real iş təcrübəsi qazandıraraq onların peşəkar inkişafına töhfə verə bilər”. 

“Azı 20-30 il vaxt lazım olacaq”

V.Kərimlinin sözlərinə görə, bu, sadə və tez başa gələn proses deyil. Bu tendensiyanın dəyişməsi üçün azı 20-30 il vaxt lazım olacaq. Təhsil modeli və sənaye ilə əməkdaşlıq bir göstərişlə və ya fərmanla qurula biləcək mexanizm deyil: “Bu istiqamətdə ciddi sistemli islahatlar həyata keçirilməlidir. Hazırda Azərbaycanın bir sıra ali təhsil müəssisələri publik hüquqi şəxs statusuna malikdir. Bu isə o deməkdir ki, onlar həm də xidmət təklif edə, sənayeyə birbaşa çıxış imkanları əldə edə bilərlər. Universitetlər öz texnoparklarını beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurmalı və işlək modellər tətbiq etməlidirlər”.

“Əməkdaşlıqda hər iki tərəf maraqlı olmalıdır”

Təhsil eksperti Adil Vəliyev deyir ki, Azərbaycanda universitetlərlə sənaye arasında əməkdaşlıq çox vaxt formal xarakter daşıyır: “Əməkdaşlıq adı altında adətən yalnız sponsorluq və tədbirlərin birlikdə təşkili nəzərdə tutulur. Universitetlər müəyyən forum və tədbirləri tərəfdaş müəssisələrin sponsorluğu ilə keçirməyə üstünlük verirlər. Halbuki, bu əməkdaşlıqda hər iki tərəfin maraqlı olması vacibdir. Universitetlər üçün əsas məqsəd tələbələrinin işlə təmin olunması və təqaüd proqramlarından yararlanmaq imkanlarını genişləndirmək olmalıdır. Eyni zamanda, müəssisələr də universitetlərlə birgə konkret proqram və layihələr həyata keçirməlidir ki, bu əməkdaşlıq gələcəkdə ixtisaslı kadr təminatına töhfə versin”.
Mütəxəssisin sözlərinə görə, əsas problemlərdən biri isə əmək bazarının tələbləri ilə universitet tədris proqramları arasında uyğunluğun olmamasıdır: “Müşahidələr göstərir ki, bu uyğunsuzluq hələ də qalır. Digər tərəfdən, universitetlərdə elmi-tədqiqat potensialı zəifdir. Tədqiqatlar əsasən laboratoriya və yeni formalaşmaqda olan texnoparklar çərçivəsində aparılır. Bir çox universitetlərdə bu sistemlər hələ yenicə qurulur. Düşünürəm ki, sənaye müəssisələri texnoparkların yaradılması, infrastrukturun gücləndirilməsi və tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması üçün universitetlərə dəstək göstərməlidir”.

Əməkdaşlığın möhkəmləndirilməsini istəyiriksə...

A.Vəliyev vurğulayır ki, əgər universitet və sənaye arasında əməkdaşlığın möhkəmləndirilməsini istəyiriksə, bu prosesdə hər iki tərəf aktiv iştirak etməlidir: “Həm universitet rəhbərliyi, həm də sənaye müəssisələrinin rəhbərləri qarşılıqlı ehtiyacları dərindən bilməli və əməkdaşlıq təkliflərini obyektiv şəkildə dəyərləndirməlidirlər. Yalnız bu halda biri digərinin tələblərinə cavab verə bilər”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər