• çərşənbə, 24 Iyul, 12:27
  • Baku Bakı 31°C

Makrondan daha bir islamofob addım

02.09.23 00:30 2701
Makrondan daha bir islamofob addım

Fransada məktəblərdə müsəlman qızların ənənəvi əba geyinməsini qadağan etmək qərarına gəliblər. Qadağanın yeni tədris ilindən qüvvəyə minəcəyi gözlənilir. Bunun necə həyata keçirilməsi məktəb direktorları ilə müzakirə ediləcək. Bu qərar Fransada yaşayan müsəlmanların ciddi narazılığına səbəb olub.  

Bu gün islamofobiya, irqi ayı-seçkilik, dini dözümsüzlük Fransada özünü ən iyrənc formada göstərir. Biabırçılıq o həddə çatıb ki, rəsmi Paris məktəblərdə qızların ənənəvi müsəlman əbası geyinməsini qadağan etmək qərarına gəlib. Bu barədə məlumatı Fransanın təhsil naziri Qabriyel Attal verib. Nazir "TF1" telekanalına müsahibəsində deyib ki, “siz sinfə daxil olanda şagirdlərin dini mənsubiyyətlərini yalnız onlara baxmaqla müəyyən edə bilməməlisiniz”. Attal əlavə edib ki, qadağanın necə həyata keçirilməsini məktəb direktorları ilə müzakirə edəcək. Qadağanın yeni tədris ilindən, sentyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir. Məlumat üçün bildirək ki, Fransada 2004-cü ildə şagirdlərin müsəlman baş örtüklərini nümayiş etdirməsini qadağan edən qanun qəbul olunub. Lakin indiyədək əba rəsmən qadağan olunmamışdı. İndi isə belə bir radikal addıma atılır. Bəs səbəb nədir?

İslamın artan nüfuzu

Bu da qeyd olunur ki, son vaxtlar Fransa məktəblərində ənənəvi islam geyimi olan əba geyinən qızların sayı artıb. Rəsmilər bildirirlər ki, guya bu, Fransanın dünyəvi dəyərlərinə ziddir. Ötən ay Fransa Milli Məclisinin sədri Yael Braun-Pive “müstəsna olaraq dünyəvi dövlət məktəbləri” prinsipinin tətbiqinə çağırmışdı. Onun sözlərinə görə, bu məktəblərdə “nə Ramazan, nə əba, nə də dini mənsubiyyəti əks etdirən başqa elementlər olmalıdır”. Respublika Partiyası təhsil nazirinin təşəbbüsünü dəstəkləyib və bunu “zəruri və vaxtında atılmış addım” adlandırıb. “Yenilməz Fransa” – LFI solçu partiyasında isə əksinə, qadağanı konstitusiyaya zidd hesab edirlər. Ölkədə bir çox islam təşkilatlarını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyət əks etdirmir.

İslamofobiyanı əks etdirən olaylar artıb

Ən pisi odur ki, Fransada islamofobiya meylləri 80 faizə yüksəlib. Ölkədə islamofob baxışların artması bir çox səbəblərlə izah oluna bilər. Birincisi, islamofobiyanın artmasına daxili siyasətlə yanaşı, xarici siyasətin də təsiri var. Liviya, Nigerdə və s. yerlərdəki olaylar Fransa siyasətinin uduzmasına səbəb olur. Daxildə miqrantların son aksiyaları da prezident Emmanuel Makronun xarici siyasətində antiislam meyllərini ortaya çıxarıb. Bu da nəticəsiz qalmır - islam ölkələrində Fransa əleyhinə böyük narazılıq yaranıb. İslam aləmində Fransa anlayışı və onların yürütdüyü siyasət böyük nifrətlə qarşılanır.

İnsanların narazılığı pik həddədir

İkincisi, islamofobiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən (yarı örtülü olsa da) müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyib. Fransada əlcəzairəsilli şəxsin polis tərəfindən qətlə yetirilməsinə reaksiyalar onu deməyə əsas verir ki, insanların narazılığı pik həddə çatıb. Əsasən Qərb ölkələrində yayılmış bu ideologiya ona gətirib çıxarıb ki, Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduğunu düşünürlər. Təbii ki, bunda qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də internet vasitəsilə yayımlanan məlumatların rolu danılmazdır. 

Tarixi saxtalaşdırma cəhdi

Digər səbəbi isə Qərb ölkələrinin, liderlərinin susqunluğudur. Onların baş verən son iyrənc olaylar fonunda fəaliyyətsizlik nümayiş etdirmələri müsəlmanların əsas hüquqlarından məhrum olmalarına gətirib çıxarır. 

Yeri gəlmişkən, islamofobiyanın bir səbəbi də tarixi faktların saxtalaşdırılması ilə bağlıdır. İddia edilir ki, islam dini Asiyadan gələrək Avropaya müdaxilə edib. Halbuki, Əndəlus və Kordobada islam hakim olarkən orada xristianlığa aid heç bir abidə dağıdılmadığı halda, xristianlıq buraya qayıtdıqdan sonra islam mədəniyyətinə aid nümunələr məhv edilmişdi. 

Paris dünya müsəlmanlarını hədəf seçib

Fransanın müstəmləkə imperiyası dövründən bəri müsəlmanlara münasibətdə yürütdüyü siyasət göstərir ki, bu ölkə təkcə vətəndaşı olan müsəlmanlara qarşı deyil, ümumilikdə islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır. Fransa müstəmləkəçi dövlət kimi Şimali Afrikanın yerli xalqlarının dini ənənələrini, mədəniyyətini sıxışdırmışdı. Bu regionda mövcud olan mədəniyyətlərin və dinlərin, əsasən islamın məhvinə sistemli yanaşma var idi və o vaxtdan islamın “demonizasiyası”na başlanılıb. 

Beləliklə, Fransa bu gün özünün ən ağır, ən böhranlı dövrünü yaşayır. Məhz prezident Makronun siyasətinin nəticəsidir ki, ölkə xarici, daxili siyasətdə “uğursuzluq zolağı”ndan çıxa bilmir.

Yekunda bir faktı diqqətə çatdırmaq istərdik. Hazırda Fransada 68 milyon insan yaşayır ki, onların da 19 milyonunu müxtəlif ölkələrdən gələn miqrantlar, xüsusilə də müsəlmanlar təşkil edir. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər