• bazar, 13 Oktyabr, 12:17
  • Baku Bakı 20°C

Heç kimə lazım deyil, amma yenə də fəaliyyətdədir - PROBLEM

12.11.22 05:00 9857
Heç kimə lazım deyil, amma yenə də fəaliyyətdədir - PROBLEM

JEK-lərin fəaliyyəti ilə bağlı ciddi hüquqi boşluqlar var. Hazırda qüvvədə olan heç bir qanunda belə bir təsisatın adı çəkilmir, əhalidən pul yığmaları qadağan edilib, vaxtilə səlahiyyətlərinin digər qurumlara verilməsi planlaşdırılıb, amma yenə də əvvəlki formada mövcudluqlarını saxlayırlar.  

El arasında JEK kimi tanıdığımız Mənzil Kommunal İstismar Sahələri (MKİS) - sovetlər dönəmindən qalan, çoxmənzilli binaların saxlanmasına hesablanmış idarəetmə sistemidir. 1999-cu ildə Azərbaycanda bələdiyyə institutu formalaşandan sonra JEK-lərin yaxın gələcəkdə ləğv edilməsi, onların funksiyasının bələdiyyələrə həvalə olunması məsələsi gündəmə gəlib.

Mənzil Məcəlləsinə görə MKİS-lərin fəaliyyəti qadağandır

Zaman-zaman bu istiqamətdə müəyyən addımlar atılıb, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna da 30 noyabr 2018-ci il tarixdə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, qeyd olunan tarixə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Beləliklə MKİS-lərin əhalidən mənzil pulu yığması qadağan olunub. Bununla yanaşı, Mənzil Məcəlləsinə görə də MKİS-lərin fəaliyyəti qadağandır. Məcəllənin VII bölmə XIV fəsil “Yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr” və XV fəsil “Çoxmənzilli binanın idarə edilməsi” başlığı altındakı maddələrdə MKİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur.

Mülkiyyətçinin hüququnun pozulması

Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti fəaliyyət göstərir. Mənzil Kommunal və Texniki Xidmət Sahələri adı altında paytaxtdakı bütün JEK-lər sözügedən qurumun çətiri altında öz varlığını qoruyub saxlayır. Eyni qaydada Bakı şəhərinin 12 rayonunda hər bir icra hakimiyyətinin strukturunda mənzil kommunal təsərrüfat birlikləri fəaliyyət göstərir ki, onların da tabeliyindəki MKİS-lər ərazi üzrə çoxmənzilli binaların sakinlərindən bu gün də müəyyən ödəmələr tələb edirlər. Nəzərə alsaq ki, sovet dövründə inşa edilən çoxmənzilli binalarda hər bir ev çoxdan özəlləşdirilib, belə olan halda həmin mənzil sahiblərindən JEK-lərin hansısa ödənişlər tələb etməsi mülkiyyətçinin hüququnun pozulmasıdır.

Vətəndaşların haqlı narazılığı

Digər tərəfdən, Vergi Məcəlləsinə görə, Azərbaycanda yerli vergilər bələdiyyələr tərəfindən yığılır. Qanunla Bakı şəhəri ərazisində yaşayış binaları üzrə əmlak vergisini məhz bələdiyyələr toplamalıdır. Amma paytaxtın bəzi rayonlarının yerli özünüidarəetmə orqanları MKİS-lərlə razılaşmaya gedərək, fiziki şəxslərdən əmlak vergisinin yığılmasını onlara həvalə edirlər. Hər hansı sənəd almaq üçün MKİS-ə müraciət edən vətəndaşlara əmlak vergisini ödəməyəcəyi halda sənəd verilməyəcəyi bildirilir, bu yolla təzyiq göstərilərək vergi toplanır. Düzdür, vergi vermək hər kəsin vətəndaşlıq borcudur, yüksək mədəniyyətdir. Amma baş verənlərin ağrılı tərəfi ondan ibarətdir ki, böyük əksəriyyət hallarda vətəndaşlardan müxtəlif adlar altında alınan pullar müqabilində adekvat xidmət göstərilmir. Yəni, çoxmənzilli binada hər hansı təmirə ehtiyac olanda MKİS-lər buna əhəmiyyət vermir, “vəsaitimiz yoxdur”, “səlahiyyətimiz çatmır” və sair bəhanələrlə yaxalarını kənara çəkirlər. Sonda sakinlər məcbur olub öz ciblərindən vəsait xərcləyir, mövcud problemi həll edirlər. Belə olan halda haqlı narazılıq yaranır, “MKİS-lərin mövcudluğunun nə əhəmiyyəti var” sualı ortaya çıxır.

Göztərilən xidmətə görə ödəniş

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu amilləri nəzərə alaraq təklif edib ki, JEK-lər həyata keçirdikləri xidmətə görə vəsait alsınlar. İqtisadçı-deputatın sözlərinə görə, MKİS və ya JEK-lər dövlət qurumları deyil və sərvət hesablı olaraq fəaliyyət göstərir: “Mənzil Məcəlləsində yeni inşa edilən binalarda JEK-lərin fəaliyyəti nəzərdə tutulmayıb. Həmin bina sakinlərinin özlərinin yaratdığı komitələr tərəfindən idarəetmə həyata keçirilir. JEK-lər tərəfindən binaya və həyətinə hansısa xidmət göstərilirsə, o zaman xidmət haqqının alınması həyata keçirilsin. Keçmiş SSRİ dövründə inşa edilmiş binalarda hazırda da məsul qurum JEK-lərdir və onlar hansısa binaya xüsusi xidmət göstərmirsə, təmir, yenidənqurma və ya digər problemləri yoluna qoymursa, həmin binadan vəsait tələb etmələri məqsədəuyğun deyil. Təklif edirik ki, JEK-lərə ödəniş onların xidmətləri əsasında həyata keçirilsin. Bu halda artıq JEK-lərin maliyyəsi və aldıqları vəsait birbaşa göstərdikləri xidmət əsasında formalaşacaq”.

Mənzil-kommunal təsərrüfatı sistemində alternativsizlik

İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, MKİS-lər mənzil qanunvericiliyinin tələblərinə məhəl qoymadan davamlı olaraq əhalidən “zibil pulu”, “mənzil haqqı” və bəzən də yerli vergi yığırlar. Onun fikrincə, bu qurumlar 10 ilə yaxındır mənzil sahiblərinin iradəsinə zidd olaraq onlara “xidmət” göstərirlər: “MKİS-lərin hüquqi statusu sual altında olsa da, onların mövcudluğu qalmaqdadır. Sovet dövründən və müstəqilliyin ilk illərindən fərqli olaraq MKİS-lərin göstərdikləri xidmətlərin həm çeşidi, həm də kadr potensialı kəskin azalıb. Onların işi əsasən pul yığmaqdan ibarətdir. Yığılan pula baxmayaraq, çoxmənzilli binaların bütün əziyyəti, o cümlədən maliyyə xərcləri sakinlərin üzərinə qoyulur. Son dövrlərə qədər MKİS-lərin əhaliyə əsas təsir rıçaqları olmuş yaşayış yerini təsdiq edən arayış vermək hüququ da onların əllərindən alınıb. Reallıq bundan ibarətdir ki, Azərbaycanın mənzil-kommunal təsərrüfatı sistemində alternativsizlik hökm sürür. Mənzil fondunun idarə edilməsi üzrə ixtisaslaşmış özəl şirkətlər və ya birliklər olmadığından mülkiyyətçilər problemləri fərdi şəkildə həll etməli olurlar. Mənzil fondunun dövlət, bələdiyyə və özəl mülkiyyət formasında MKİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur”.

Rufik İSMAYILOV

 

banner

Oxşar Xəbərlər