• şənbə, 20 Iyul, 13:53
  • Baku Bakı 32°C

Fransızlar Makronla vidalaşmaq fikrindədirlər

06.07.24 04:49 1823
Fransızlar Makronla vidalaşmaq fikrindədirlər

Seçkinin birinci turu göstərdi ki, Fransa illərdir ölkənin aktual problemlərini həll edə bilməyən siyasi elitasından narazıdır və buna görə də ona səs verməmək qərarına gəlib. Bu qənaəti fransız mediası və siyasi ekspertlər də bölüşürlər.

İyulun 7-də Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu keçiriləcək. Nəticələr ölkə və qitə üçün yaxşı heç nə vəd etmir, hətta gələcəkdə vətəndaş müharibəsinin baş verə biləcəyindən də danışılır. Ölkədə millətçi, antimiqrant baxışların tərəfdarları sürətlə artır. İqtidar partiyasının məğlubiyyətinin səbəblərinə gəldikdə, bunlar bəllidir - Emmanuel Makron hökuməti həm ümumi strateji siyasətdə, həm də iqtisadiyyatda ciddi səhvlərə yol verib. Marin Le Penin lideri olduğu “Milli Birliy”in isə növbəti uğur qazanacağına şübhə yoxdur. Aşırı sağçı "Milli Birlik" parlament seçkilərinin ilk raundunda qələbə qazanıb. Bu partiya iyulun 7-də keçiriləcək ikinci turda səslərin mütləq çoxluğunu qazanarsa, İkinci Dünya müharibəsindən bəri ilk dəfə Fransanın radikal sağçı hökuməti olacaq. İkinci tur "Milli Birliy"in hökuməti formalaşdırması ilə nəticələnməsə belə, onların qələbəsi son illər ərzində Fransada baş verən ən böyük siyasi qarışıqlığa səbəb ola bilər. 

Əhali iqtidarın ikiüzlü siyasətindən yorulub

Ən mühüm nəticə odur ki, Fransa özünün yeni yolunu seçmək qərarına gəlib. Daha doğrusu, fransızlar artıq Makronla vidalaşmaq qərarını veriblər. Fransada Avropa Parlamentinə seçkilərdə sağ təmayüllü millətçi partiyaların qalib gələrək üstünlük əldə etməsi də göstərdi ki, Makronun yürütdüyü siyasət tam olaraq iflasa uğrayıb. Bu onu göstərir ki, fransızlar Makron iqtidarının ikiüzlü siyasətindən yorulublar. 

Makron çarəsiz durumda

Bir faktı da qeyd etmək yerinə düşər ki, iyunun 30-da, birinci turda seçkidə fəallıq qeyri-adi dərəcədə yüksək olub - 65 faiz. Sonuncu dəfə belə hal 1997-ci ildə baş vermişdi, o zaman seçicilərin 68 faizi seçki məntəqələrinə getmişdi. Qeyd edək ki, birinci turda heç bir partiya Fransa parlamentinin 577 yerlik aşağı palatasında çoxluğu qazanmayıb. “Milli Birlik” Partiyasının səs çoxluğu əldə etməməsi üçün “Respublika naminə birlikdə” prezident koalisiyasından və Yeni Xalq Cəbhəsi solçu blokundan deputatlığa namizədlər namizədliklərini geri götürüblər. “185 namizəd seçkilərdən imtina edib. İkinci turda iştirakdan solçulardan 121, prezident koalisiyası və digər partiyalardan 60 nəfər imtina edib”, - məlumatda qeyd olunub. "Milli Birliy"in çoxluğu qazanmasına imkan verməməkdən ötrü artıq Marin Le Penə qarşı "respublikaçı cəbhələr" yaratmaq səylərinə başlanıb. Makron özünün mərkəzçi "Birlikdə" alyansını dəstəkləyən seçiciləri partiyanın üçüncü olduğu dairələrdə "respublikaçı və demokrat" namizədləri dəstəkləməyə çağırıb. 

Bardella baş nazir olacaq?

Beləliklə, seçkinin birinci turu göstərdi ki, Fransa illərdir ölkənin aktual problemlərini həll edə bilməyən siyasi elitasından narazıdır. Bu qənaəti fransız mediası və ekspertləri də bölüşürlər. Məsələn, Avropa Siyasət Mərkəzinin təhlilçisi Erik Moris hesab edir ki, hər şey solla mərkəzin seçkini üçüncü bitirib ikinci tura keçən namizədlərini geri çəkməyə razılaşmasından asılı olacaq. Bu nə qədər çox baş verərsə, “Milli Birliy”in mütləq çoxluq əldə etmək imkanı bir o qədər az olacaq. 

Başqa bir ssenari isə Makronun partiyası ətrafında qurulmuş koalisiya hökuməti ola bilər. Ancaq bir çoxları Makronun hər hansı birlik hökuməti qura biləcəyinə inanmırlar. “Milli Birlik” ikinci turdan da qalib çıxarsa, partiyanın rəhbərlərindən biri olan Jordan Bardella baş nazir olacaq və prezident Makronla hakimiyyəti bölüşəcək. 28 yaşlı siyasətçi artıq özünü baş nazir kimi görür. O, hətta müvafiq açıqlama da verib: "Əgər seçicilərin sayəsində mütləq səs çoxluğu əldə etsək, mən bütün Fransa xalqının baş naziri olmağa hazıram". 

Makronun uğursuzluğu Aİ-yə nə vəd edir?

Bəs “Milli Birliy”in qələbəsi Avropa İttifaqı üçün nə deməkdir? Hesab edilir ki, əgər Avropa İttifaqının sağa doğru sürüşməsi üçün uyğun vaxt varsa, o vaxt indidir. “Milli Birliy”in təsiri Aİ-nin istixana qazları və çirkrlənmənin azaldılmasını və dayanlıqlı inkişafın dəstəklənməsini hədəfləyən "yaşıl kurs"unun müxtəlif aspektlərini sınağa çəkə bilər. “Milli Birlik” Aİ-nın çevrə ilə bağlı qanunlarına qarşı kampaniya aparıb, bu qanunların iş yerlərinə və Fransa sənayesinə ziyan vurduğunu iddia edib. Miqrasiya hələ də “Milli Birliy”in əsas fokus nöqtəsidir. Partiya bu sahədə nəzarətin sərtləşdirilməsini və sosial güzəştlər, ev və iş məsələlərində Fransa vətəndaşlarına üstünlük verilməsini istəyir. Hazırda Aİ qanununa görə, belə tədbirlər qanunsuz sayılır. “Milli Birliy”in yekun turdakı qələbəsi Aİ-dəki aşırı sağçı partiyaların taktiki xətt dəyişikliyinə getməsinə səbəb ola bilər. Le Penin partiyası son illərdə Aİ ilə bağlı mövqeyini dəyişib. İndi o, əvvəlki kimi "Freksit" (ayrılma) çağırışları etməkdənsə, Aİ-də içəridən islahat apararaq onu öz sağçı baxışlarına daha da yaxınlaşdırmaq məqsədi güdür. 
İndi əsas məsələ ondan ibarətdir ki, səlahiyyət müddətinin bitməsinə üç il qalmış Makron prezident kimi müxalif siyasi qüvvələrin koalisiyası ilə dil tapa və ölkəni idarə edə biləcəkmi? 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər