• cümə, 24 May, 10:26
  • Baku Bakı 13°C

Ermənistan yeni hərbi təxribata hazırlaşır

09.09.23 07:40 3898
Ermənistan yeni hərbi təxribata hazırlaşır

Gərginlik həm şərti sərhəddə, həm də ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin yerləşdiyi təmas xəttində müşahidə edilir. Əldə olunmuş faktlar İrəvanın sülh pərdəsi adı altında yenidən müharibə və hərbi təxribatlar taktikasını seçdiyini söyləməyə ciddi əsas verir.  

Ermənistanın Azərbaycan əleyhinə hərbi təxribatları artmaqdadır. Gərginlik həm şərti sərhəddə, həm də ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin yerləşdiyi təmas xəttində müşahidə edilir. Əldə olunmuş faktlar İrəvanın sülh pərdəsi adı altında yenidən müharibə və hərbi təxribatlar taktikasını seçdiyini söyləməyə ciddi əsas verir.  

Ermənistan ordusunun “döyüş hazırlığı”

Belə ki, bir neçə gün əvvəl müxtəlif teleqram kanallarında Ermənistanın ağır silahlı texnikalarının sərhəddimizə doğru irəlilədiyini əks etdirən videogörüntülər yayımlandı. İrəvan bu faktı təkzib etməyə çalışsa da, yaşanan son hadisələr Ermənistanın Azərbaycana qarşı məkrli hərbi planlarının olduğunu təsdiqləməkdədir. Sentyabrın 6-da axşam saatlarında Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən saxlanılan ermənistanlı bloqer Mika Badalyanın həbsinin bəzi detalları da üzə çıxıb. Məlum olub ki, internetdə Ermənistan ordusuna aid texnikanın hərəkətini əks etdirən görüntüləri Mika Badalyanın arvadı Milana Andreyeva lentə alıb. İndi qarşı tərəf bu videoların internetə necə sızdırıldığını araşdırmağa çalışır. Lakin Ermənistan ordusunun döyüş hazırlığı həqiqəti dəyişməz olaraq qalır.
Qeyd edək ki, planlarını ört-basdır etmək və hərbi gərginlik fonunda “günahı” yenidən Azərbaycanın üzərinə atmaq məqsədi ilə son bir həftə ərzində Ermənistan mətbuatında xüsusi kampaniyaya start verilib. Həm iqtidar, həm də müxalifəti təmsil edən siyasilər “Azərbaycan tezliklə Ermənistana və Dağlıq Qarabağa hücum edəcək” kimi tezislər üzərindən cəmiyyətdə və beynəlxalq aləmdə fon yaratmağa çalışırlar. 

Bakı prosesləri diqqətlə izləyir və lazımi nəticələri çıxarır 

Lakin Bakı prosesləri diqqətlə izləyir və lazımi nəticələri çıxarır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında deyib: "Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir. Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir". O, Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib. H.Hacıyevin sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. "Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir", - Hikmət Hacıyev bildirib.

İrəvan yenə də vaxt qazanmağa çalışır

Bölgədəki gərgin vəziyyət dünən Xarici İşlər Nazirliyində ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə də diqqət mərkəzində olub. Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirak etdiyi brifinqdə bildirilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ciddi çağırışlarla üzləşir. "Ermənistan tərəfinin müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır. 

Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır", - brifinqdə bildirilib.

Yaşanan proseslər onu göstərir ki, həm Ermənistan hakimiyyətində oturanlar, həm də Qarabağdakı separatçıların son təhdidlərini aradan qaldırmaq üçün yenidən “Dəmir yumruq 2” əməliyyatının vaxtı yetişib. Bakının İrəvana sülh üçün verdiyi 3 ilə yaxın müddətdə Ermənistan rəhbərliyi sülhü və əməkdaşlığı təşviq etmək, sabitliyə doğru addım atmaq yolunu deyil, qisas, separatizmi dəstəkləmək yolunu seçib. Seçimin yanlış olduğunu bir daha xatırlatmaq isə bizim vəzifəmizdir. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər