• çərşənbə, 24 Aprel, 03:37
  • Baku Bakı 14°C

Ermənistan Rusiyanı düşmən kimi təqdim edir - ŞƏRH

13.05.23 00:30 1960
Ermənistan Rusiyanı düşmən kimi təqdim edir - ŞƏRH

Son zamanlar Rusiya ilə Ermənistan arasında siyasi gərginlik artan xətt üzrə inkişaf edir. İrəvan rəhbərliyi sistemli şəkildə anti-Rusiya təbliğatını dəstəkləsə də, Paşinyan körpüləri tam yandırmamaq üçün Moskvaya səfər edib. Ekspertlər hadisələrin qeyri-müəyyən ssenari üzrə cərəyan etdiyi qənaətindədir.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artır. Media və sosial şəbəkələrdə Rusiya aramsız ittiham olunur, müharibədəki məğlubiyyətin əsas baiskarı qismində göstərilir. Baş nazir Nikol Paşinyan da bir tərəfdən faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə Moskvaya yollanır, digər tərəfdən isə xalqına müraciətində üstüörtülü şəkildə Rusiyanı ittiham edir. Bildirir ki, erməni xalqı artıq üç ildir qələbə gününü qüssə və kədər içində qeyd edir. Nikol ad çəkməsə də, erməni siyasiləri, mediasının hədəfi dəqiqdir. Qarabağın bütövlüklə addım-addım Azərbaycanın nəzarətinə keçməsinə Rusiyanın susqunluğu ermənilər tərəfindən Kremlin satqınlığı kimi qələmə verilir. 

Paşinyan nədən Moskvaya gedib?

Paşinyanın Moskvaya səfərinə gəldikdə sözsüz ki, bu siyasi gedişdir. Yoxsa babası faşistlərə xidmət edən, İrəvanda faşist əlaltısı Njdeyə abidə ucaldan bir ölkənin rəhbəri nədən Moskvaya getsin? Rus mediası iddia edir ki, Moskvaya səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanla yaşanan gərginliklərlə yanaşı, “Qərb faktoru” müzakirə mövzusu olub. Paşinyan görüntü yaratmağa çalışır ki, İrəvan Rusiyanın dostudur. Rus mediası iddia edir ki, əslində Paşinyan Rusiyanın son danışıqlar prosesində iştirak imkanlarını bloklamağa çalışır. Fransanın Ermənistandakı səfirliyində hərbi missiya açması da bu istiqamətdə atılan növbəti addımdır. Paris bununla Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Bu da o anlama gəlir ki, fransız hərbi missiyası erməni hərbçilərini Azərbaycana qarşı müharibəyə hazırlayacaq. Görünən odur ki, Moskva Paşinyanın iki masada əyləşmək qərarını bəyənmir və dəstəkləmir. Çox güman ki, erməni lider Moskvada həm də Qarabağdakı Rusiya sülhməramlılarını diskriminasiya etmək bəyanatlarına aydınlıq gətirməli olub. Xatırladaq ki, Nikol bu günlərdə “sülhməramlıları Laçın dəhlizində nəzarətlə bağlı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməməkdə” ittiham etmişdi. Düzdür, sonradan sözlərindən imtina etsə də, İrəvan ümid edirdi ki, Kreml bu məsələdə onlara dəstək verəcək. Digər məsələ ondan ibarətdir ki, Paşinyan Moskvada KTMT əleyhinə hücumlara aydınlıq gətirməli olub. Yanvar ayında İrəvan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsinə icazə verməyib. Mart ayında isə qurumun baş katibinin müavini postuna olan yerindən imtina edib. 

Qalmaqallı sorğunun şok nəticəsi

Ermənistanın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) bu ilin yanvar-mart aylarında keçirdiyi sorğu yeni məlumatları üzə çıxarıb. Sorğuda iştirak edən ermənilərin 24 faizi Rusiyadan siyasi, 28 faizə qədəri isə iqtisadi təhlükənin olduğunu qeyd edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə respondentlərin 87 faizi İrəvanla Moskva arasında münasibətlərin vəziyyətini yaxşı, cəmi 11 faizi isə pis hesab edib. Sosial şəbəkələrin erməni seqmentində gündəmdə olan mövzularda müzakirə edilən şərhlərə nəzər salanda aydın görürük ki, Rusiya artıq Ermənistan üçün düşmən dövlətə çevrilib.

“Əhalinin anti-Rusiya əhval-ruhiyyəsi artır”

Ermənistanda anti-Rusiya əhval-ruhiyyənin artmasını Rusiyada yaşayan erməni diasporu da qorxu içində izləyir. Rusiyada yaşayan erməni ekspert Gevorq Poqosyan hesab edir ki, son vaxtlar ekspertlər erməni cəmiyyətində əhval-ruhiyyənin parçalandığını qeyd ediblər. “Yaşlılar arasında Rusiya ilə əlaqələrin daha da dərinləşməsinin tərəfdarı olanlar daha çoxdur. Onlar Moskva ilə müttəfiqlikdə Ermənistan üçün möhkəm təhlükəsizlik təminatları görürlər. Orta yaşlı insanlar da Aİİ çərçivəsində Rusiya ilə münasibətləri inkişaf etdirməyə və dərinləşdirməyə daha çox meyllidirlər. Lakin onların arasında bu münasibətlərin əleyhinə olanlar da var. Gənclər və tələbələrə gəlincə, bu, müasir Ermənistan cəmiyyətində xüsusi seqmentdir. Məsələ burasındadır ki, son 25 ildə Ermənistanda öz ideyaları, həyata baxışları olan yeni nəsil formalaşıb. Qərb tədqiqatçılarının “rəqəmsal nəsil” adlandırdıqları bu yeni nəsil yaxın gələcəkdə siyasi və geostrateji prioritetləri müəyyən edəcək. Qərbin müxtəlif fond və təşkilatları uzun illər ardıcıl olaraq bu istiqamətdə fəaliyyət göstəriblər. Gənclərimizin çoxu rus dilini bilmir və ya zəif bilir. Onlar üçün əsas xarici dil ingilis dilidir. Gənclərimizin qəhrəmanları iş adamları, İT mütəxəssisləri, bloggerlər, aktyorlar və müğənnilərdir. Onlar bizim ümumi tariximiz və nailiyyətlərimiz haqqında çox az şey bilirlər”, - deyə sosioloq vurğulayıb.

Anti-Rusiya əhval-ruhiyyəsinə gəlincə, Poqosyan qeyd edib ki, Ermənistanda son illər sosial şəbəkələrdə və bəzi KİV-lərdə anti-Rusiya diskursları açıq şəkildə artıb: “Qlobal tendensiyadan sonra Ermənistanda da anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməyə yönəlmiş nəşrlər peyda olub. Ümumiyyətlə, Ermənistanın dostluq münasibətləri saxlamalı olduğu ilk ölkə olaraq Rusiyanı qeyd edənlərin payı nəzərəçarpacaq dərəcədə azalıb. Bir sözlə, ermənilərin ictimai şüurunun yenidən formatlaşdırılması istiqamətində fəal iş aparılır”. Ekspert əlavə edir ki, Ermənistan hakimiyyətinin bu hadisələrə münasibəti birmənalı deyil, lakin sosial şəbəkələrdə və mediada Rusiya əleyhinə yazılara, qərbyönümlü vətəndaş cəmiyyətinin oxşar hərəkətlərinə operativ etiraz yoxdur.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər