• çərşənbə axşamı, 23 aprel, 15:47
  • Baku Bakı 24°C

Ermənistan əvvəlki kimi ərazilərimizə iddia edir

10.02.24 00:20 2435
Ermənistan əvvəlki kimi ərazilərimizə iddia edir

“Ermənistan Azərbaycandan gözlənilən təhlükə ilə bağlı növbəti mifi qızışdırmaqla əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”. Bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq radiosu”na müsahibəsində bildirib.

“Ermənistan və Azərbaycan artıq kifayət qədər yetkindir və öz aralarında qalan problemləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürəti ilə davam edir”, - deyə E.Əmirbəyov kənardan nəhəng oyunçuların məsələyə qarışmasına görə sülh müqaviləsinin iki əks blok arasında geosiyasi rəqabət teatrına çevrilmək riski fikrinin yayılması fonunda bildirib.

Bu kontekstdə prezidentin nümayəndəsi Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Azərbaycanın Ermənistana ərazi iddialarına işarə etdiyi və Bakını İrəvanla substantiv danışıqlara qayıtmağa çağırdığı son bəyanatını tam cəfəngiyat adlandırıb.

“Ermənistana qarşı guya ərazi iddialarımızla bağlı Azərbaycana yönələn ittihamlar məsuliyyətdən qaçmaq cəhdindən başqa bir şey deyil. Ermənistanın hazırkı konstitusiyasına və ona istinadən hazırlanmış “Dağlıq Qarabağın Ermənistan SRR-ə birləşdirilməsi” haqqında qondarma və qeyri-legitim deklarasiyanın olmasına baxmaq kifayətdir”, - deyə Elçin Əmirbəyov qeyd edib.

“Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində Ermənistan parlamentinin qəbul etdiyi qeyd-şərtləri, Azərbaycana qarşı açıq ərazi iddiaları olan sənədlər, 44 günlük müharibə bitdikdən sonra Qarabağın Azərbaycanın mülkiyyəti olmasını şübhə altına alan Ermənistanın ölkəmizə qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarına baxın. Mən hələ Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməyə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram”.
“Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlığımızı dəfələrlə erməni tərəfinin diqqətinə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün konkret addımlar atmayıblar. Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanılması ilə paralel olaraq qarşıdan gələn Azərbaycan təhlükəsi ilə bağlı qəsdən gülünc şayiələrin yayılması təkcə hiylə deyil və bu yol heç yerə aparmır”, - deyə E.Əmirbəyov yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər