• çərşənbə, 24 Aprel, 05:49
  • Baku Bakı 14°C

Dünyanın göz yumduğu mina təhlükəsi

06.05.23 04:00 1941
Dünyanın göz yumduğu mina təhlükəsi

“Gözəgörünməz düşmən” - Azərbaycan ərazilərində Ermənistan tərəfindən işğal dövründə və sonradan basdırılmış minalar can almaqda davam edir. Artıq mina qurbanlarının son iki illik statistikası məsələ ilə bağlı daha ciddi addımların atılması zərurətini ortaya qoyur. İrəvanın mina terroruna qarşı beynəlxalq reaksiyanın olmaması isə hiddət doğurur.

Son bir həftə ərzində işğaldan azad edilmiş ərazilərdə ard-arda mina patlayışları baş verdi və nəticədə bir neçə insan öldü. Elə statistikaya nəzər salsaq görərik ki, 44 günlük müharibədən sonra 301 nəfər mina terrorunun qurbanı olub, onlardan da 57 nəfəri həyatını itirib. Ötən 30 il ərzində beynəlxalq təşkilatlar Ermənistanı işğalçı olaraq tanımadığı kimi, indi də bu ölkənin Azərbaycan vətəndaşlarına qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı heç bir təzyiq göstərmir. Azərbaycan minaların təmizlənməsi işini öz üzərinə götürüb. Halbuki, Ukraynada minaların təmizlənməsini beynəlxalq təşkilatların dəstəklədiyi ölkələr həyata keçirir və bu məsələyə çox həssas yanaşılır. Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur?  

“Ermənistan gözardı edilir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, son 30 ildə Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir: “Üstəlik, minalanma prosesi hətta müharibədən sonra da bu və digər formada davam edib. İşğaldan azad olunmuş bölgələrdə 2021 və 2022-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz ərazilərimizin minalanmasının Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirildiyini və İrəvanın bu müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 300-dən çox insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub. Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə təbii ki, ilk növbədə beynəlxalq ictimaiyyətin İrəvanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır”. 

“Bu, açıq formada terrora təşviq deməkdir”

B.Məhərrəmov vurğuladı ki, bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırışı müşahidə etməmişik: “Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası olan Avropa Parlamenti bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransanın, Avropa İttifaqının simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal edilmiş minalar daşısın. Onlar da Azərbaycan ərazilərini minalamaqda davam etsinlər. Bu, açıq formada terrorun təşviqi, müharibə cinayətlərinə isə ortaqlıq deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz”.

“Beynəlxalq qurumlara dəfələrlə müraciətlər edilib”

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi ki, 44 günlük müharibədən sonra Azərbaycanın həm rəsmi strukturları, həm də vətəndaş cəmiyyəti təsisatları bu məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır: “Azərbaycan Xarici İşlər Nazirliyinin minalarla bağlı bir neçə sənədi BMT-nin sənədi kimi yayılıb. Minalarla bağlı qeyri-hökumət təşkilatları beynəlxalq qurumlara dəfələrlə müraciətlər edib. Hətta bir neçə dəfə petisiya keçirmişik və kifayət qədər də imzalar toplanıb. Ermənistana müəyyən təzyiqlər var. Amma bu, bizim istədiyimiz səviyyədə deyil. Bizim problemimiz o qədər böyükdür, mina qurbanlarının sayı o qədər artır ki, istədiyimiz nəticəni hələlik ala bilmirik. Əldə etdiyim məlumatlara görə, Ermənistana minalarla bağlı müəyyən təzyiqlər var. Ancaq Ermənistan hər dəfə minaların qadağan olunmasına dair Ottava Konvensiyasına və Adi Silahların Məhdudlaşdırılmasına dair Cenevrə Konvensiyasının ikinci və beşinci protokollarına qoşulmadığını bildirir. Məhz bu sənədlərdən irəli gələn öhdəlikləri götürmədiyini bəyan edir. Bu da müəyyən mənada beynəlxalq təzyiqlərin kifayət qədər nəticə verməməsinə səbəb olur”. 

“Problemimiz o qədər böyükdür...”

H.Səfixanov qeyd etdi ki, bu konvensiyalara qoşulmamaq Ermənistanı beynəlxalq cinayət hüququndan azad etmir: “Piyadalar əleyhinə minaların istənilən halda mülki şəxslərə qarşı istifadə olunması beynəlxalq hüquqda cinayət sayılır. Bu da bizim həm hökumət strukturlarının, həm də qeyri-hökumət təşkilatlarının bəyanatlarında, müraciətlərində həmişə öz əksini tapır. Problemimiz o qədər böyükdür və mina qurbanlarının sayının durmadan artması bizdə belə bir təsəvvür yaradır ki, Ermənistana olan bu təzyiqlər kifayət etmir və artırılmalıdır. Ona görə də həm hökumət strukturları, həm də qeyri-hökumət təşkilatları olaraq usanmadan Ermənistana təzyiqlər göstərməsi üçün beynəlxalq təşkilatlarla mütəmadi işləməliyik”.

Bəxtiyar Məmmədli 

banner

Oxşar Xəbərlər