• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Deputat: Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməlidir

25.03.23 23:59 537
Deputat: Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməlidir

Azərbaycan 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi. Həmin il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli Bəyanat imzalandı. Bəyanatın müddəalarına əsasən Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin öhdəsindən gələ bilmədiyi artıq aydın həqiqətdir. Qarabağdakı rus hərbçiləri sülh yaratmaqdan başqa hər işlə məşğuldurlar.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli söyləyib.

O bildirib ki, üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılmasını təmin etməli idi. Həmin vaxtdan iki ildən çox vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə konkret heç bir iş görülməyib. Əksinə, sülhməramlı kontingentin köməyi ilə separatçılar silah-sursatla təmin edilir.

“Ermənistan və onun havadarı Fransa Laçın-Xankəndi yolundakı ekoloji aksiya nəticəsində guya ermənilərin blokada şəraitində yaşamalarını dünyaya car çəkirlər. Həqiqətdə isə həmin yol bağlanmayıb, sadəcə, ekofəallar tərəfindən məhdudlaşdırılıb. Bu da Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı etiraz aksiyasından başqa bir şey deyil. Müşahidələr onu göstərir ki, Laçın-Xankəndi yolu ilə təkcə humanitar yüklər daşınmır, gizli şəkildə silah-sursat, mina da daşınır. Təhlükəsizlik məqsədilə Azərbaycanın bu yola nəzarəti gücləndirməsi zərurətə çevrilib.

Digər tərəfdən qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsinə şərait yaradılması yolverilməzdir. Ermənistan tərəfi Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur. Sülhməramlı kontingentin üzərinə düşən vəzifəni yerinə yetirməməsi bölgədə gərginliyi artırır”, - deyə Müşfiq Məmmədli qeyd edib.

Deputat vurğulayıb ki, üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır.

banner

Oxşar Xəbərlər