• şənbə, 20 Aprel, 13:35
  • Baku Bakı 23°C

Deputat: Qeyri-qanuni erməni birləşmələrin fəaliyyəti ilə bağlı kifayət qədər faktlar var

25.03.23 23:00 605
Deputat: Qeyri-qanuni erməni birləşmələrin fəaliyyəti ilə bağlı kifayət qədər faktlar var

Son vaxtlar qeyri-qanuni erməni silahlı dəstələrinin aktivləşməsi, əlbəttə ki, bizdə müəyyən narahatlıqlar yaradır. Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması, görünür ki, Rusiya sülhməramlı kontingentinin səmərəsiz fəaliyyətinin nəticəsidir. Çünki bu cür halların qarşısını almaq birbaşa sülhməramlıların üzərinə düşən bir vəzifədir.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi daşımaların həyata keçirilməsini üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması adlandıran deputat bunun qəbuledilməz olduğunu bildirib: “Bu cür hallar sərhədboyu ərazidə gərginliyin artmasına səbəb olmaqla yanaşı, həmçinin sülh prosesinin sürətlənməsinə maneə olur. Azərbaycan tərəfi dəfələrlə bəyanatlar verib. Bizdə qeyri-qanuni erməni birləşmələrin fəaliyyəti ilə bağlı kifayət qədər faktlar var və bu videolar sübut kimi ictimaiyyətə təqdim edilir. Ancaq Rusiya sülhməramlıları proseslərin qarşısını almaq əvəzinə bu birləşmələrin qeyri-qanuni silah-sursat daşımasına imkan yaradır. Hətta onların kolonunu müşayiət edir. Bu azmış kimi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi burada revanşizm meyllərinin artmasından xəbər verir. Bu baxımdan artıq Azərbaycan tərəfi müəyyən addımlar atmalıdır”.

“Hadisələr onu göstərir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, - deyə Vüqar İskəndərov vurğulayıb.

banner

Oxşar Xəbərlər