Darvazanın kandarında qaz ola, evində qaz olmaya - FOTOLAR

Hüquq müdafiəçisi Çingiz Qənizadə: "O ərazidə
yaşayan sakinlər Baş Prokurorluğa müraciət etməlidirlər”
Abşeron rayonu Masazır qəsəbəsi Mirzə Ələkbər Sabir
küçəsinin sakinləri bir qrup işbazın əlində əsir-yesir qalıb. Cantəpə məhəlləsi,
"142 marşrut yolu” kimi tanınan bu ərazidə vaxtilə mövcud olmuş yeraltı qaz kəmərinin
yer üstünə çıxarılması layihəsinə start verilib. Bu məqsədlə 2014-19-cu illərdə
sözügedən ünvanda iri diametrli yeni qaz boru xəttinin çəkilişinə başlanılıb.
Redaksiyamıza müraciət edən sakinlərin söylədiyinə görə, bu qaz boru xəttinin çəkilişi
Masazır Bələdiyyəsi tərəfindən həyata keçirilib. Bələdiyyənin sabiq sədri
Siyanfər Əliyevin şəxsi nəzarəti ilə görülən iş sonradan hansısa səbəblərdən
yarımçıq saxlanılıb.

Masazırda anormal vəziyyət
İşin sona çatdırılmaması indiyə qədər həmin küçənin
əksər sakinlərini qazsız qoyub. Vətəndaşlar evlərinə qaz xətti çəkdirmək üçün
müvafiq sənədlərlə birlikdə ASAN Kommunala müraciət edir, qısa zamanda mavi
yanacaqla təmin olunacaqlarını gözləyirlər. Lakin "Azəriqaz” İstehsalat
Birliyinin əməkdaşları vətəndaşların bu arzusunu reallığa çevirmir, əsas gətirirlər
ki, yerüstü qaz boru xətti tam çəkilib təhvil verilməyib. Bunun nəticəsində
hazırda Mirzə Ələkbər Sabir küçəsində anormal vəziyyət yaranıb. Küçənin bir tərəfindəki
vətəndaşlar mavi yanacaqdan istifadə etsələr də, digər tərəfdəkilər qaza həsrət
qalıblar.

İşbazların "çörək yeri”
Masazır sakinlərinin qazla təchiz oluna bilməməsi
bir yana, sözügedən qaz xətti çəkilərkən məqsədli şəkildə norma və standartlara,
təhlükəsizliyə düzgün riayət edilməməsi də vətəndaşlar üçün əsl problemə
çevrilib. Belə ki, qaz boru xətti küçəboyu yerdən təxminən 10-30 santimetr
hündürlükdə çəkilib. Bu zaman ərazinin yaşayış massivi olması, gələcəkdə sakinlərin
həyətyanı sahələrə giriş-çıxışının olacağı nəzərə alınmayıb. İndi sakinlər küçədən
öz həyətlərinə qapı və ya darvaza qoymaq üçün "Azəriqaz” İstehsalat Birliyinə
müraciət edir, qaz boru xəttinin yerdən 3-4 metr hündürlüyə qaldırılmasını
xahiş edirlər. Bu zaman da "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əraziyə
gəlib baxış keçirir, "qaz boru xətti bizim balansımızda deyil, təhvil verilməyib,
heç bir iş görə bilmərik” söyləyib gedirlər. Nəticədə, sakinlər ayrı-ayrı
işbazlara müraciət edir, içində qaz olmayan qaz boru xəttinin 3-4 metr enində kəsilib
3-4 metr hündürlüyə çıxarılmasına, həyətə giriş-çıxış verilməsinə görə 600-800
manat xərcləməli olurlar. Ödənən vəsaitə görə vətəndaşlara hər hansı qəbz
verilmir. Bu da onu deməyə əsas verir ki, vətəndaşlardan məcburi şəkildə
yığılan bu vəsait müxtəlif işbazların cibinə gedir, onlar üçün qazanc mənbəyinə
çevrilir.

Vətəndaşların soyulmasına biganəlik
Bu işbazlar Mirzə Ələkbər Sabir küçəsində öz əlaqə
vasitələrini və xidmətlərini bütün hasarlara yazıblar. Bir telefon zəngi kifayətdir
ki, dərhal hadisə yerinə gəlib pul müqabilində lazım olan xidməti göstərsinlər.
Hüquq-mühafizə orqanlarının bu məsələyə - ayrı-ayrı işbazlar tərəfindən vətəndaşların
soyulmasına biganəliyi xüsusilə təəccüb doğurur.

İncidilən, qurbana çevrilən sakinlər
Qeyd edilən problemə dair yazı hazırlanarkən Masazır
Bələdiyyəsinin və "Azəriqaz”ın da mövqeyini öyrənmək istədik. "Azəriqaz”dan
bildirildi ki, sözügedən ünvanda çəkilən yerüstü qaz xəttinin, ümumiyyətlə,
layihəsi yoxdur və Bələdiyyə tərəfindən çəkilib təhvil verilməyib. Masazır Bələdiyyəsinin
(012) 347-80-24 əlaqə vasitəsinə zəng vurduq. Bələdiyyənin özünü təqdim etməyən
xanım əməkdaşı mövzunu və sualımızı dinlədikdən sonra mobil telefon nömrəmizi istədi,
bildirdi ki, bələdiyyə sədri və ya müavin gələn kimi onlara təqdim edəcək,
bizimlə danışıb mövqe bildirəcəklər. Lakin gün ərzində Masazır Bələdiyyəsindən
heç kim bizimlə əlaqə yaratmadı. Təkrar zənglərimizə isə cavab verən tapılmadı.
Görünən budur ki, "Azəriqaz” İstehsalat Birliyi ilə Masazır Bələdiyyəsinin
ortaq məxrəc tapa bilməməsi, həmçinin məsuliyyətsizlik, biganəlik və süründürməçilik sayəsində
Mirzə Ələkbər Sabir küçəsində evləri olan bir çox vətəndaşlar hələ uzun müddət mavi
yanacağa həsrət qalacaq, bəzi işbazların qurbanına çevrilməyə davam edəcəklər.

Ortada mənimsəmə faktı varsa...
Mövzu barədə fikirlərini "Kaspi” qəzetinə bölüşənDemokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Çingiz Qənizadə bildirib ki, tərəflərdən hansı biri üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirməyibsə, məsuliyyət, ilk növbədə onun üzərindədir. Hüquq
müdafiəçisinin sözlərinə görə, yaranmış bu vəziyyətə görə vətəndaşlar əziyyət çəkməməlidir:
"Bələdiyyə zamanında öz işini tam yerinə yetirməyibsə, qaz xəttini
standartlara, müasir tələblərə uyğun şəkildə çəkib təhvil verməyibsə, yerli özünüidarəetmə
orqanı buna görə məsuliyyət daşıyır. Əgər Masazır Bələdiyyəsinin indiki sədri
deyirsə ki, bu işi məndən əvvəlki bələdiyyə sədri edib və bununla yaxasını kənara
çəkir, belə yanaşma özbaşınalıqdır. "Azəriqaz” İstehsalat Birliyi vətəndaşların
haqlı narazılığını nəzərə alaraq bu məsələni həm Abşeron Rayon İcra Hakimiyyəti
qarşısında, həm də digər qurumlar qarşısında qaldırmalıdır. Hətta ortada mənimsəmə
faktı varsa, prokurorluq qarşısında da məsələ qaldırılmalıdır. Buna görə
ötür-ötür oyunu oynayıb vətəndaşları incitməyə heç bir əsas yoxdur. İstər
Masazır Bələdiyyəsi, istərsə də "Azəriqaz” İstehsalat Birliyi bu məsələni həll
etməlidirlər. O ərazidə yaşayan sakinlər də kollektiv şəkildə Baş Prokurorluğa
müraciət etməli, qaz xəttindən həyətyanı sahələrə giriş-çıxış verilməsinə görə
vətəndaşlardan qeyri-qanuni şəkildə pul tələb edənlərin qanun qarşısında cavab
verməsinə çalışmalıdırlar”.
Rufik İSMAYILOV
