• cümə axşamı, 02 may, 23:56
  • Baku Bakı 19°C

Bu il keçid balları necə olacaq? 

20.04.24 00:38 1321
Bu il keçid balları necə olacaq? 

Elşən Qafarov: “Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur, lakin ali təhsil müəssisələrinin qəbul sayında artım var. Bu isə keçid ballarının çox artırılmasına imkan verməyəcək”.

Ali məktəblərə qəbul imtahanlarının ilk mərhələsinin nəticələri uzun illərdən sonra bir çoxumuzun üzünü güldürdü. Belə ki, əvvəlki illərlə müqayisədə qəbul imtahanının ilk mərhələsində abituriyentlərin göstəriciləri, toplanılan balların yüksək olması ilə seçildi. Bu amil indi qəbul ballarının artacağına dair müzakirələrə yol açıb.  

Hansı ixtisaslar üzrə ballar qalxacaq?

“Qəbul yerlərinin artması keçid ballarının çox qalxmasına imkan verməyəcək. Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur”. Bunu son həftələrdə keçirilən buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə əldə etməsinin qəbul imtahanlarında keçid ballarına mümkün təsirini Oxu.Az-a şərh edərkən təhsil üzrə ekspert Elşən Qafarov bildirib.

Ekspertin sözlərinə görə, ümumilikdə, bu il buraxılış imtahanında 53 nəfərin maksimal bal toplaması, nəticə və səviyyələrin bir il öncəki ilə müqayisədə bu qədər yüksəlməsi bəzi suallar doğurur. Məsələn, ola bilər ki, builki suallar nisbətən asan olub: “Nəticələrin yüksək olması, məntiqlə, keçid ballarının artmasına gətirib çıxara bilər. Yüksək bal toplayanların bir çoxu tibb və hüquqşünaslıq ixtisaslarını seçdiyi üçün adətən, burada keçid balı yuxarı olur. Həmçinin, informasiya mühəndisliyi, kompüter mühəndisliyi, robototexnika ixtisasları da populyardır və burada da eyni halı gözləmək olar”.

Abituriyentlərin sayında azalma müşahidə edilmir

“2022-26-cı illərin iqtisadi inkişaf konsepsiyası”na uyğun olaraq, əvvəllər ali məktəblərə ildə 45 min tələbə qəbul olunurdusa, 2023-24-cü tədris ilində bu say 56 minə çatıb. 2024-25-ci tədris ili üçün 66 min, 2025-26-cı ildə isə 75 min nəfərin tələbə adı qazanacağı gözlənilir. Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur, lakin ali təhsil müəssisələrinin qəbul sayında artım var. Bu isə keçid ballarının çox artırılmasına imkan verməyəcək”, - ekspert bildirib.

Qarabağ Universitetində təhsil almaq istəyən çox olacaq

Elşən Qafarov, həmçinin, bu il Qarabağ Universitetinə aparılacaq qəbula da toxunub: “Qarabağ Universiteti müasir şərtlərə cavab verdiyi üçün hesab edirəm ki, buraya qəbul olmaq istəyən tələbələrin də sayı çox olacaq. Ancaq yeni ixtisasların açılmasına baxmayaraq, hər hansı güzəşt ediləcəyini gözləmirəm, habelə keçid balları da yüksək ola bilər”.

 

banner

Oxşar Xəbərlər