• çərşənbə axşamı, 30 aprel, 02:14
  • Baku Bakı 16°C

"Xoşbəxtlik hormonu"muz bahalaşır

10.04.24 02:51 2048
"Xoşbəxtlik hormonu"muz bahalaşır

Kakaonun istehsalı azalır, qiyməti isə sürətlə artır. Ekspertlərin fikrincə, bu proses şokolad istehsalına və qiymətlərinə də təsirsiz ötüşməyəcək. Qiymət artımı bu məhsuldan hazırlanmış digər qida vasitələrində də müşahidə olunacaq.

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalında təxminən səkkiz faiz azalma proqnozlaşdırılır. Fil Dişi Sahili və Qanadakı əsas kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə, istehsalı azaltmağa və ya dayandırmağa qərar verdikləri üçün kakao qiymətləri rekord qırır. Kakaonun əsas istifadə olunduğu sahələrdən biri də şokolad istehsalıdır. Bu məhsulla bağlı baş verən proseslər Azərbaycanda şokolad qiymətlərinə nə dərəcədə təsir edə bilər? 

Xammaldan asılıyıq

İqtisadçı Rauf Qarayev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, şokolad istehsal etmək üçün digər ölkələrin xammal məhsuluna ehtiyacımız var: “Bu bitki Azərbaycanda bitmir. Çünki hava və iqlim şəraiti ölkəmizdə kakao bitkisini yetişdirmək və digər ölkələrə ixrac üçün əlverişli deyil. Ona görə də digər ölkələrdən asılı vəziyyətdəyik. Dünya bazarında ən çox kakao istehsal edən, öndə gedən ölkə Fil Dişi, sonrakı sırada isə İndoneziya, Qana, Braziliya, Malayziya və digər ölkələrdir. 2023-cü ildə də bu bitkinin qiymətində bahalaşma müşahidə edilirdi”. 

Qiymət artımını payızda müşahidə edə bilərik

R.Qarayevin fikrincə, hazırda şokoladların qiymətində artım gözlənilməsə də, gələcək dövr üçün bu, mümkündür: “Bu artım Azərbaycanda şokoladın qiymətinə 10-20 faiz təsir edə bilər. Amma Azərbaycan tək kakaonu almır, həm də satışını həyata keçirir. Hazırda yay fəslinə doğru gedirik. Belə olduğu təqdirdə şokolada olan tələbat da azalır. Bu baxımdan hazırda heç bir təhlükə yoxdur. Amma qiymət artımını payız fəslində müşahidə edə bilərik”. 

Onlardan heç də geri qalmırıq

İqtisadçının sözlərinə görə, şokolad istehsalında keyfiyyətli hesab oluna biləcək məhsullarımız çoxdur: “Hazırda rəqiblərimiz Rusiya, Türkiyə, Özbəkistan kimi ölkələrdir. Keyfiyyət baxımından onlardan heç də geri qalmırıq. Müasir avadanlıqlar və digər şərait imkan yaradır ki, ölkəmizdə keyfiyyətli şokolad istehsal olunsun. Bu baxımdan digər ölkələrdən asılılığımız da azalır. Amma kakao cəhətdən asılı olduğumuz üçün qiymət artımı daha çox şokolad istehsal edən firmalara təsir göstərə bilər”. 

Qiyməti formalaşdıran bazardır

Müsahibimiz qeyd etdi ki, bazarda süni qiymət artımları baş verə bilər, lakin buna nəzarət vacibdir: “Qiymətin bahalaşmasının qarşısının alınması üçün daimi monitorinq həyata keçirilməlidir. Çünki qiyməti formalaşdıran bazardır, bəzi hallarda sahibkarlar sui-istifadə hallarına yol verirlər. Sahibkarlar qiyməti qaldırdığı zaman bunu əsaslandıran səbəbləri qeyd etmirlər. Amma monitorinqlər aparılmalı və əsassız şəkildə qiymətləri qaldıran sahibkarlar cəzalandırılmalıdırlar. Bu şəkildə süni qiymət artımının qarşısı alınar”. 

Tələb və təklif qaydalarına uyğun olaraq...

Qida mütəxəssisi Seymur Qafarovun fikrincə, kakaonun istehsalında problemlər mövcud olduğu üçün şokoladın qiymətində yüksəlmə olması təbii haldır: “Dünyada ən çox bahalaşmaya məruz qalan məhsul kakaodur. Bunun səbəbi dünyada onun təminatçısı olan Afrika ölkələrində istehsal şərtlərinin ağırlaşması, mütəxəssis və işçi heyətinin azalması, torpağın məhsuldarlıq səviyyəsinin pestisidlərin təsiri ilə aşağı düşməsidir. Beləliklə, kakaonun istehsalı da azalır. Tələb və təklif qaydalarına uyğun olaraq az istehsal olunmuş məhsul bazarda bahalaşır”. 

Tək şokolad bahalaşmayacaq

S.Qafarov bildirdi ki, şokolad və ondan hazırlanan digər şirniyyatların qiymətlərinin də bahalaşması mümkündür. Çünki istehsal müəssisələri xammalı baha qiymətə əldə edir və bu da istehlakçılar üçün ziyandır: “Bu, ictimai iaşə müəssisələri, qənnadı istehsalı sahələrinə də öz mənfi təsirini göstərəcək. Yəni şokoladlı kekslər, bulkalar, bu məhsulun istifadə olunduğu dekorasiyalı tortlar və digər qənnadı məhsullarında - dondurma, kokteyllərin qiyməti də müvafiq olaraq yüksələcək. Həmçinin ölkəmizdə şokolad istehsal edən böyük sahibkarlıq subyektləri və kiçik sexlər şokolad ehtiyaclarının 90 faizdən daha çox həcmini yalnız ölkə xaricindən idxal olunmuş hazır şokolad paxlaları və kakao tozu əsasında ərsəyə gətirir. Onlara bu məhsullar baha başa gələcək. Nəticədə məhsullar istehlakçıya daha yüksək qiymətə gəlib çatacaq. İstehlakçılar bazarda tək şokoladın bahalaşması ilə qarşılaşmayacaq, həmçinin şokolad tərkibli qidaları da baha qiymətə almış olacaqlar. Şokoladın hazırlanmasında isə itki paylarını azaltmaq üçün bu məhsuldan daha diqqətli istifadə olunacaq”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər